23:31 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Velosipedçi, arxiv şəkli

İki təkər üstündəkiləri "təkərə salanlar" - Barselona deyilik ki...

© Chip Somodevilla/Getty Images/AFP
CƏMİYYƏT
Qısa URL
58910

"Düşünürəm ki, bu layihə, yəqin ki, bütün şəhəri əhatə edə bilməyəcək. Bunun üçün yollara yenidən baxılmasına ehtiyac var. Burada əsas məsələ odur ki, layihə Bakını tam əhatə etsin" - Tural Yusifli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. 2019-cu ilin 8 ayı ərzində velosipedçilərin iştirakı ilə 16 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə qəzada xəsarət alanlardan 7 nəfər dünyasını dəyişib, 9 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Bu barədə Dövlət Yol Polisindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Baş verən yol qəzaları velosiped sürənlər üçün ayrıca zolaqların çəkilməsi məsələsini bir daha gündəmə gətirib. Artıq bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müəyyən işlərə start verilib.

Bakıda velosiped nəqliyyatının inkişaf etdirilməsi məqsədilə əsaslı şəkildə araşdırmalar aparılıb, paytaxtın yol infrastrukturu, əhalinin əsas maraq dairələri əsas götürülərək müvafiq təklif layihəsi hazırlanıb. Sözügedən layihədə ilkin olaraq şəhərin mərkəzi hissələrini əhatə edən küçə və prospektlərdə velosiped yollarının inşası nəzərdə tutulub. Yolun uzunluğu 18 kilometr planlaşdırılıb. Artıq onun 7 kilometri layihələndirilib.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumatda 12 kilometrlik bu zolaqların yaxın həftələrdə istismara veriləcəyi qeyd olunub. Bu işlərin davamlı olaraq aparılacağı, öncədən turistik, müxtəlif tarixi yerləri, iaşə obyektlərinin olduğu məkanları birləşdirərək sonda bir şəbəkə halını alacağı qeyd olunub.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Tural Yusifli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 10 metrlik yolu çəkdikdən sonra bu layihə yarımçıq saxlanılacaqsa, o zaman belə bir addımın atılması mənasız olacaq: "Şəhərimizdə velosiped zolaqlarının olmasının tərəfdarıyam. Necə ki, İspaniyanın Barselona şəhərində belə veosiped yolları 500 kilometrdən çox ərazini əhatə edir. Amma Barselona şəhərinin arxitektura və şəhərsalma planı Bakıdan tamamilə fərqlidir.

Azərbaycanda şəhərsalma xaotikdir. Artıq hamı nəsə tikib, onları sökmək mümkün olmayacaq. Söküntü lazım olduğu təqdirdə buna görə təzminat ödənilməsi tələb olunacaq ki, bu da kifayət qədər böyük məbləğdə pul olacaq. Düşünürəm ki, bu layihə, yəqin ki, bütün şəhəri əhatə edə bilməyəcək. Bunun üçün yollara yenidən baxılmasına ehtiyac var.

Burada əsas məsələ odur ki, layihə Bakını tam əhatə etsin. Yəni velosiped yolu kiçik bir ərazini əhatə edəcəksə, sözsüz ki, bunun effekti olmayacaq. Bu zolağın təhlükəsizliyi üçün avtobus zolağının olması da vacibdir. Bundan sonra isə əsas məsələ velosipedçilərə nəzarət mexanizminin olmasıdır. Nəzarət mexanizmi çərçivəsində onların qoruyucu dəbilqədən istifadə edib- etmədiyi, velosipedin hansı vəziyyətdə olması öyrənilməlidir. İçkili vəziyyətdə velosiped sürmək olmaz. Buna da nəzarət olmalıdır".

 Onun sözlərinə görə, belə zolaqların çəkilməsi ilə qəzaların qarşısını almaq mümkün olmayacaq. "Rahat şəkildə velosiped sürmək mümkün olacaqmı?" sualının cavabını isə zaman verəcək.   

Həmsöhbətimiz deyir ki, velosiped sürmək üçün hansısa qadağa yoxdur. Yəni 15 yaşından yuxarı olan hər kəs velosiped sürə bilər: "Təhlükəsizlik üçün əsas şərtlərdən biri isə şəxsin velosipedi necə sürməsi yox, ətrafdakıların avtomobili necə sürməsidir".

 Yol-nəqliyyat məsələləri üzrə digər ekspert Azər Allahverənov isə Sputnik Azərbaycan-a açıqlamasında inkişaf etmiş ölkələrin təcrübəsindən danışaraq bu layihənin geniş miqyas alacağı halda verəcəyi töhfələrdən söz açıb: "Bu gün Avropanın aparıcı dövlətlərində velosipedlər üçün ayrıca dayanacaqlar var. Belə velosiped dayanacaqlarında qeydiyyatdan keçməklə hansısa velosipedi icarəyə götürmək mümkündür. Bu cür ölkələrdə insanların velosipeddən geniş istifadəsi üçün maksimum imkanlar yaradılır. Amma Bakıya gəldikdə isə, reallığa əsaslanıb hazırkı yolların velosipeddən geniş istifadə üçün nəzərdə tutulmadığını deyə bilərəm".

""Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" var. Bu proqramın əsas məqsədi yollardakı qəzaların sayını azaltmaq, təhlükəsizliyi təmin etməkdir. Artıq bu proqramın reallaşdırılması üçün hökumətin qarşısında bir neçə öhdəliklər dayanır. Həmin dövlət proqramının 7.2.9-cu bəndində qeyd  olunur ki, avtomobil yollarında, küçə yol şəbəkəsində velosiped yolları və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən edilməli, bununla bağlı olaraq müvafiq təkliflər hazırlanmalı və tədbirlər görülməlidir. Bu layihənin reallaşdırılmasında əsas icraedici qurum Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi olmalıdır", - deyə o əlavə edib.

Ekspert baş verə biləcək qəzalarda rol oynayan amillərdən də söz açıb: "Velosipeçilərlə bağlı qanunvericilikdə kifayət qədər müddəalar əksini tapsa da, reallıq bizə bu şəxslərin özləri, eyni zamanda da ətraf üçün təhlükə yaratdığını deyir.

Ümumiyyətlə, yollarda velosipedlərin hərəkəti üçün müəyyən imkanlar yaradılmalıdır. Amma təəssüf ki, bu gün biz əks istiqamətdə hərəkət edən, işıqforun işığına nəzarət etməyən velosipedçilərin hərəkətini də müşahidə edirik.

Ona görə də bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsinin, maariflənmə işlərinin görülməsinin tərəfdarıyam".

Buradan belə qənaətə gəlmək olar ki, layihə Bakı şəhərini əhatə edə bilərsə, bu zaman yollardakı sıxlığın da qarşısını almaq mümkün olacaq. Yəni artıq tıxacların qarşısını almaq üçün müxtəlif illərdə yeni yolların çəkilməsinə, bunun üçün ayrıca vəsaitin ayrılmasına da gərək qalmayaq. Beləcə, "hər ailəyə 1, yaxud 2 avtomobil" devizi "hər kəsə bir velosiped" devizi ilə əvəzlənəcək. Velosipedə tələbatın artması isə Azərbaycanda velosiped istehsal edən zavodların fəaliyyətini dirçəltməklə yanaşı, eyni zamanda sağlamlığımıza da müsbət təsir göstərəcək.

Teqlər:
BNA, Bakı, qanun, qayda, yol, velosipedçi, velosiped

Əsas mövzular