13:02 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Ət, arxiv şəkli

Təəccüblü olsa da - Azərbaycan ən az ət yeyən ölkələrdəndir

CC0 / Markus Spiske temporausch.com / meat
CƏMİYYƏT
Qısa URL
76210

Rəsmi surətdə təsdiq olunub ki, azərbaycanlılar hamımızın iddia etdiyi kimi, heç də dünyada ən çox ət yeyən insanlar deyilmişlər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Bu gün dünyada son 10 ildə ət istehsalı 20 faizədək artıb. Bu amil isə bir çox Avropa ölkələrində ət istehsalı və istehlakı ilə bağlı rəqəmlərin daha da yüksəlməsinə səbəb olub. Lakin Hindistan, İndoneziya, Pakistan və s. kimi inkişafda olan ölkələr isə adambaşına illik 15 kiloqramdan daha az ət istehlak edirlər. Azərbaycanda isə bu rəqəm Hindistan və Pakistan kimi ölkələrlə müqayisədə iki dəfəyədək yüksəkdir.

Ət satışı, arxiv şəkli
© Sputnik / Кирилл Каллиников

Ötən bir neçə illə müqayisədə Azərbaycanda da ət istehlakında rəqəmlərdə artım olsa da, ümumi vəziyyət heç də ürəkaçan deyil.

Maraqlıdır, Azərbaycan və dünyada ət istehlakı ilə bağlı rəqəmlər necə dəyişir? Kənd təsərrüfatı üzrə ekspert Həsən Quliyev Sputnik Azərbaycan-a açıqlamasında dünyada və Azərbaycanda ət istehlakı ilə bağlı durumdan danışıb: "Dünyada adambaşına illik olaraq düşən ət istehlakı ortalama rəqəmlə 31 kiloqramdır. FAO-nun məlumatına görə, dünyada istehlak edilən bu qədər ətin 36 faizini quş, digər 36 faizini donuz, qalan 28 faizini isə iribuynuzlu, xırdabuynuzlu heyvan ətləri və ciyər əti təşkil edib. Bu isə o deməkdir ki, dünyada istehlak edilən ətin 72 faizini quş və donuz əti təşkil edib. Azərbaycanda isə adambaşına illik olaraq düşən ət istehlakında ortalama rəqəm 36 kilodur".

"Ötən illərlə müqayisədə Azərbaycanda adambaşına istehlak 32 kiloqramdan 36-ya yüksəlib. Lakin bu yüksəliş də kifayət etmədiyi üçün bu gün ət istehlakına görə bir çox ölkələrdən geridəyik. Dünya ölkələri ilə birgə siyahıda Azərbaycan təxminən 100-cü yerlərdə qərarlaşıb. Çünki inkişaf etmiş ölkələrdə ət istehlakı ortalama olaraq 75 kiloqramdır. Hətta Amerikada bu rəqəm 120 kiloqramdır. Avropa ölkələrində isə bu rəqəm 75-90 aralığındadır. İnkişaf etməmiş ölkələrdə isə ət istehlakı çox aşağı səviyyədədir. Azərbaycanın ət istehlakı mövcud standartlardan çox aşağı olması isə onu deməyə əsas verir ki, biz kifayət qədər nə ət, nə də ki, süd məhsulları istehlak etmirik", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda illik olaraq 369 min ton ət istehlak olunur ki, bunun da bir qismi elə xaricdən idxal edilir: "Xaricdən isə əsasən quş əti və iribuynuzlu heyvan əti idxal edilir. Təxminən 30 min tonadək iribuynuzlu ət idxal edilib. Bu isə o deməkdir ki, Azərbaycanda 169 min ton iribuynuzlu ət, 79 min ton xırdabuynuzlu, 120 min tona yaxın isə toyuq əti və digər ətlərdir".

H.Quliyev qeyd edib ki, 2017-ci ildə ölkəmizdə əhalinin süd və süd məhsulları üzrə özünütəminetmə səviyyəsi 86.1%, ət və ət məhsulları ilə 84.7%, o cümlədən mal əti ilə 86.3%, qoyun və keçi əti ilə 98%, donuz əti ilə 5.6%, quş əti ilə 79.7%, yumurta ilə 100.5%, balıq əti ilə 81.2% olub. Onun sözlərinə görə, həm süd və süd məhsulları, həm də ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 2016-cı il ilə müqayisədə daha aşağıdır: "Heyvan ətinin faktiki istehsalına baxdıqda görürük ki, mənzərə heyvan sayından bir qədər fərqlidir (Qrafik 1.2). Bir heyvanın verdiyi ət miqdarının fərqli olması səbəbi ilə ət istehsalında birinci yeri mal əti, ikinci yeri isə quş əti tutur. 2011-ci ildən etibarən quş ətinin istehsal həcmi qoyun və keçi ətinin istehsalını geridə qoyub. Ümumilikdə isə 2011-ci ilə qədər quş əti istehsalının qoyun və keçi əti istehsalından aşağı olmasının səbəbi 90-cı illərdə quşçuluqda baş vermiş şiddətli geriləmədir. Quşların sayının və quş əti istehsalının artım tempini nəzərə alaraq deyə bilərik ki, önümüzdəki illərdə quş əti istehsalının mal əti istehsalını geridə qoyması mümkündür. Bu proses dünyada 90-cı illərdə baş verib".

"2012-2017-cı illər ərzində əhali sayı təqribən 6.1%, ət istehlakı isə təxminən 22.6% artıb. Bu adambaşına düşən ət istehlakının artdığını göstərir (təqribən 37 kq), lakin yenə də adambaşına düşən ət istehlakı ÜST-nin (Ümumdünya Səhiyyə Təşkilatı) təyin etdiyi standartlardan aşağıdır", - deyə ekspert əlavə edib.

O bildirib ki, hazırda Azərbaycanda 364 min ton olan illik ət istehlakının 2023-cü ildə əhali sayının, həmçinin turist sayının artması səbəbi ilə 383 min tona çatacağı gözlənilir: "Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən 2017 cil ildə 87.9 min diri iribuynuzlu heyvanlar, 132.4 min diri qoyunlar və keçilər idxal edilib. Əgər bu idxal edilən heyvanların idxal qiymətlərini diqqətə alaraq təhlil aparmış olarsaq, bu heyvanların damazlıq deyil, ət istehlakı məqsədi ilə idxal olunduğu fikrinə gəlinə bilər. Bu onu deməyə əsas verir ki, əslində ət idxalatı daha çoxdur. Ət idxalı və ixracına baxdıqda Azərbaycanın ətin xalis idxalçısı olduğu görmək mümkündür. İl ərzində idxal edilən ətin həcmi 2017-ci ildə 58 min tona çatıb".

Qeyd edək ki, ət istehlakına görə Azərbaycan bir çox Avropa ölkələrindən geridə qalsa da, öncəki illərlə müqayisədə Azərbaycanda ət istehsalı ilə bağlı rəqəmlərdə də artım qeydə alınıb. Belə ki, 2000-ci ildə 153 min 599 ton ət istehsal olunubsa, Statistika Komitəsinin son olaraq təqdim etdiyi rəqəmlərdə, yəni 2017-ci ildə bu 316 min 827 tona bərabər olub.

Əsas mövzular