CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir meydanda yaşanan kabus, yaxud idarə olunan xaos

© Sputnik / Murad OrujovСтанция метро Кероглу в Баку, фото из архива
Станция метро Кероглу в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların yəqin bir ümumi arzusu var: nə vaxtsa buradan rahat nəqliyyat vasitəsi ilə çıxıb getmək

BAKI, 23 sentyabr — Sputnik. Uzun müddət idi ki, Bakıda “Koroğlu” deyilən kabus hökm sürürdü. Söhbət nə tarixi qəhrəmandan, nə də onun dastanından gedir. Söhbət metronun “Koroğlu” stansiyasının ətrafında yaşanan bərbad vəziyyət barədədir.

Öncədən haşiyə çıxaraq qeyd edim ki, artıq BNA-nın “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub, açılışda Prezident İlham Əliyev şəxsən iştirak edib.

Ümid edək ki, bundan sonra həmin ərazidə baş verənlər qaydasına düşəcək. Amma həmin Mübadilə Mərkəzinin tam istifadəyə verilməsinə bir həftə vaxt var. Bu yazı da Mərkəz istifadəyə verilməmişdən 2 gün öncə yazılıb. Beləcə...

© Official website of President of Azerbaijan Republic “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi
Bir meydanda yaşanan kabus, yaxud idarə olunan xaos - Sputnik Azərbaycan
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi

Nə marşrut olur olsun, “Koroğlu”dan ağzına kimi dolu çıxır pik saatda. Proses də 3-4 saata qədər davam edir. Düşünürsən, indi bir az səngiyər, insanlar azalar, amma azalmaq bilmir ki, bilmir.

Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların yəqin bir ümumi arzusu var: nə vaxtsa buradan rahat nəqliyyat vasitəsi ilə çıxıb getmək. Bura bir sıra əhəmiyyətli yolların kəsişdiyi bir məkandır. “Koroğlu”da həyat həmişə qaynayır, hər istiqamətdən gələn şəxsi avtomobil, taksi, avtobus və sərnişin maraqları burada toqquşur. 

Nə marşrut olur olsun, “Koroğlu”dan ağzına kimi dolu çıxır pik saatda

Hərdən axşamçağı “Koroğlu”dan Bakı kəndlərinə gedən yol böyük bir Şərq bazarını xatırladır. Hərə özünə uyğun mal axtarır sanki. Kimi Binə, kimi Mərdəkan, kimisə Buzovna deyib müştəri gəzir. Bu istiqamətdə hərəkət edən avtomobil çox, sərnişin nisbətən az olur. Daha çox Məhəmmədi, Pirşağı, Kürdəxanı, Maştağa, Bilgəh tərəfə gedən maşınlara ehtiyac duyulur. Kimsə Maştağa deyən kimi avtomobil o dəqiqə sərnişinlə dolur. 4 nəfər 4 manat deməkdir. Hərədən 1 manat alıb, ən azı benzin pulunu təmin edəcək.

Milli Gimnastika Arenası, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Koroğlu"dakı köhnə ərazi Milli Gimnastika Arenasına qaytarılır

Sıxlıq adətən axşam saatlarında yaranır, işdən saat 18:00-da çıxan insanların bir çoxu elə birbaşa bu meydançaya yönəlir. Bu məqamda avtobusa yaxın da düşmək olmur axı. İnsan çox, avtobus az. Bir anda sərnişinlə dolur, məsələn, 173 saylı marşrut adətən sıxlıq səbəbindən sağa əyilir. Belə əyilmiş vəziyyətdə də birtəhər sürünə-sürünə gedib çıxır Pirşağıya. Nə marşrut olur olsun, “Koroğlu”dan ağzına kimi dolu çıxır pik saatda. Proses də 3-4 saata qədər davam edir. Düşünürsən, indi bir az səngiyər, insanlar azalar, amma azalmaq bilmir ki bilmir.

Tıxac düz “Ayxan” marketə qədər davam edir

Marşrut gözləməyə halı olmayan şəxs məhz bu magistral yola çıxır, kəndə gedən bir maşınla razılaşır. 40-50 qəpik ödədin, ya bir manat, böyük fərq eləmir. Hamı evinə gedib çıxmaq istəyir. Bu meydandan narazı gedən az tapılar. Hətta 2 manatdan müştəri toplayan sürücülər də çörəksiz qalmırlar. Bəzi kəndlərə yolüstü gedən maşın az olur. Nardarana, Bilgəhə, Albalılığa və ya hər hansı kəndin daxilinə girmək istəyən olmur bəzən. 2 manata daşıyan sürücülər məhz bu ehtiyacı ödəyirlər.

Bu işin çətinliyi də az deyil. Axşamçağı Sabunçudan başlayan tıxac düz “Ayxan” marketə qədər davam edir. Addım-addım hərəkət edir maşınlar. Yorğun sərnişin azca yatıb dincini də ala bilər. Hamı bu 1 manatını ödəyir, çünki bu prosesdə hava-su kimi maraqlıdırlar. 

Автомобильные пробки в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda yol qəzası - prospektdə tıxac yarandı
Əlbəttə, sürücünü aldadan da olur, maşını dayandırır haradasa, deyir "pulu evdən alıb gətirirəm", eləcə də çıxıb gedir. Maşını nasaz vəziyyətdə olan, əyləci fərli-başlı işləməyən, salona benzin iyi dolan, bayağı mahnılarla sərnişini bezdirən o qədər sürücü var, sayı-hesabı bilinməz. Amma nə edəsən? Gərək birtəhər evinə çatasan da.

“Heç nədən qorxmuram, əlimdə kağızım var, mənə heç kim dəyə bilməz”

Haşiyə: Bu yollar elə də təhlükəsiz deyil. Nə sürücü, nə də sərnişin bilmir nə gələcək başına. Olmuş hadisədir. Bilgəhdən şəhərə bir taksi düşdü. Arxa oturacaqda bir qadın vardı, biz də 3 kişi qalan 3 yeri tutub tezliklə şəhərə çatmaq ümidi ilə maşına mindik. Bir qədər sonra qadın başladı danışmağa, amma danışmasaydı, bundan yaxşı olardı. Hələ bu yaşıma çatmışdım, bu qədər söyüş söyən, nalayiq ifadə işlədən birisinə rast gəlməmişdim. Bədbəxtçilikdən sürücü də bir yaşlı insan idi, çox ləng sürürdü. Bütün yolu 40-50 km/saat sürət həddini aşmadı. 30 dəqiqəlik yolu 50 dəqiqəyə getdi.

Bu qadın da elə yolboyu ona ilişdi, buna ilişdi, onu söydü, bunu söydü. Birlikdə mindiyimiz o iki nəfər çox dözmədi, elə 10 dəqiqə sonra pul da ödəmədən düşdülər. Sürücünü bəxtindən daha iki nəfər də mindi. Yəni puldan itirmədi. Amma bu qədər söyüş eşidən cavan uşaqlar donub qalmışdılar. Bu qadın day nələr demədi, hətta bir anda əlini zərbə ilə şüşəyə vurdu, sonra əl atıb çantasından iti, uzun qayçı çıxartdı. Düşündüm, ölüm yaxınlaşıb, amma heç kimə xəsarət yetirmədi, yığışdırdı çantasına. Hər dəfə də deyirdi, heç nədən qorxmuram, əlimdə kağızım var, mənə heç kim dəyə bilməz. İstədiyim polisin poqonunu sökərəm. Allaha şükür olsun, ölümsüz-qansız çatdıq mənzil başına.

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb  - Sputnik Azərbaycan
Prezident İlham Əliyev: "Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi"

20 dəqiqəlik yolu 40 dəqiqəyə getməli olursan

Axşam evinə tələsən kimi insan səhər də işə vaxtında çatmağa çalışır. Bəlkə də səhərin əhəmiyyəti daha mühümdür. Vaxtında gəlməsən, həm məzəmmət edilə bilərsən, həm işin ahəngini pozarsan, cəzalanarsan, həm də işdən qovulmaqla üz-üzə qalarsan. İş tapmaq da müşkül məsələdir. Bakıda səhər işə gedənlər adətən iki qrupa bölünürlər: saat 9:00-da və 10:00-da işdə olmalı olanlar.

Bu ərəfədə “Koroğlu”nun ətrafında kəndlərdən gələn insanlar toplaşır. Çünki səhər işinə gedən və şəxsi maşını olan insanlar nəqliyyat vasitəsi olmayanları metroya çatdırırlar. Metroda düşmək işin tək bir hissəsidir, çünki buradan gərək hələ çıxıb gedə biləsən. Bu özü də bir igidlikdir, çünki metro çox basırıq olur, hər işə tələsən kəs minə bilmir. Bir-iki fənddən istifadə edəsən gərək. Minə bilməyən qadınlar bəzən əks tərəfə minib 2-3 stansiya o tərəfdə düşürlər, bir az yer tapıb geri dönürlər. Amma metroda havasızlıq olur, dözə bilmirsənsə, gərək bu nəqliyyat növündən uzaq durasan. Mərkəzə tərəf gedənlər bəzən marşruta minməkdən də yan durmalı olurlar. Heydər Əliyev prospekti ilə sağ, yəni sürəti 60 km/saat olan yolda səhər dəhşətli tıxac olur. 20 dəqiqəlik yolu 40 dəqiqəyə getməli olursan.

Bu səbəbdən işə tələsən insanlar elə bu meydançada taksi və ya şəxsi maşın sahiblərinə müraciət etməli olurlar. Orta yolla hərəkət edən maşın 10-15 dəqiqəyə artıq Neftçilər xəstəxanasının önünə çatır.

Avtobus dayanacağı - Sputnik Azərbaycan
CƏMİYYƏT
BNA yeni növ dayanacaq məntəqəsi təşkil edib

Buranı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “zəbt” ediblər

Bu meydanda problem bitmək bilmir. Maşınlar ictimai nəqliyyata qarışır, insanlar maşınlara, hərəkət etmək olduqca çətindir. Son zamanlar ictimai nəqliyyatın yolu bir az asanlaşıb, buranı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “zəbt” ediblər. Polislə birgə əməkdaşlıq çərçivəsində avtobusların rahat hərəkətini təmin edə biliblər. Amma bu özü də problem yaradır. Əllərində planşet hər dayanan maşını çəkirlər, bu şəkillər sistemə yollanır, nəticədə pul yığmaq üçün bir tələ qurulub. Yəni haradansa sərnişinlə gələn avtomobil axı bu insanları düşürməlidir. Üstəlik, buradan getmək istəyən insanlar da getmək istəyir. Deməli, paradoks yaranır. İctimai nəqliyyat həm tutum baxımından, həm də sıxlıq səbəbindən sərnişindaşınmanı təmin edə bilmir. Taksi və şəxsi avtomobillər minlərlə insanı işinə vaxtı-vaxtında çatdırır. BNA-nin işçiləri də bu prosesi bilərəkdən pozur, çünki gəlirin bir hissəsi, deyilənə görə 20 faizi, onlara qonorar kimi verilir.

Dava-qırğın da az olmur, insanlar bu BNA əməkdaşlarına hər gün narazılıq bildirirlər. Elə olur söyüşün biri bir qəpik. Bakı kəndlərindən gələn, sərnişin daşıyan, daha sonra müəyyən istiqamət üzrə insanları yerinə çatdıran avtomobil yiyəsinə qarşı heç bir şiddət tətbiq olunmalı deyil. Sadəcə avtobusların hərəkət zolağının azad olmasını təmin etmək, zolaqdan kənarda isə sərnişinin maşından rahat düşməsini əngəlləməmək lazımdır. Qaydaların necə olduğunu heç kim bilmir, kimin əlində planşet varsa, o da haqlıdır. 

Bakı yollarında sarı zolaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda festival və yollardakı durum - BNA hesabat verir
Çəkdisə, adın düşür sistemə. Pul yığmağın bir yoludur bu, reketçilikdir. Niyə BNA bu zonada kamera quraşdırmır? Niyə bu qədər insana əzab verilir? İctimai nəqliyyatın yolu dəqiq çəkilsin, ora girən şəxsi sürücülər elə bu kamera ilə cərimələnsin, qalan məkanda isə qoy, kimin imkanı var, insanları çatdırsın öz məkanına.

Sıxlıq heç 3 saata belə azalmadı

Bilik günü baş verən sıxlıq, sözün əsil mənasında kollaps, məsələnin elə də sadə olmadığının göstəricisidir. Şəhərdən Bakı kəndlərinə gedən istiqamətdə sözün əsl mənasında iflic vəziyyət yaranmışdı. Yüzlərlə insan, polis əməkdaşı, taksi sürücüsü bu qarışıqlıqdan baş çıxarmağa çalışırdı. Sıxlıq heç 3 saata belə azalmadı. Aydın məsələdir, həmin gün sıxlıq olmalı idi, amma insanları və maşınları qovmaq istəyi yaxşı nəticə vermir, avtobus yoxdursa, alternativ yol yoxsa, belə halların olacağını daim gözləmək lazımdır.

“Koroğlu” metro stansiyası ətrafında qayda-qunun yaratmağın yolu alternativ imkanların nə dərəcədə az və ya çox olmasından asılıdır. Yəni kəndlərə gedən, xüsusilə də bəzi strateji istiqamət üzrə hərəkət edən marşrut azdır və ya avtobusların heç biri standarta uyğun deyil. Mütləq avtobus parkı yenilənməli, sıxlıq çox olan istiqamətlərdə daha iri tutumlu marşrutlar işə salınmalıdır. 

Автомобиль скорой медицинской помощи. - Sputnik Azərbaycan
RUSİYA
Dəhşətli avtobus qəzası - 9 ölü, onlarla yaralı
Məsələn, Məhəmmədi kəndində yerləşən “Yanardağ” qoruğu turist üçün əhəmiyyətlidir, amma 217 nömrəli marşruta yəqin heç Hindistanda da rast gəlinməz. Köhnə, dar, Nuh əyyamından qalmış avtobuslardır. Hər hansı bir sərnişin rahatlığından söz gedə bilməz.

“Koroğlu” metro stansiyası ətrafında qarışıq, idarəolunmayan bir proses reallaşır

Sıxlıq olan istiqamətlərdə mütləq və mütləq kiçik salonu olan marşrutlar istifadəyə verilməlidir. Ən azı səhər və axşam vaxtlarında. Doğrudur, artıq bu proses kortəbii baş verir, axşamlar burada belə maşınlara rast gəlinir, amma qrafiklə hər istiqamət üzrə işləyən 5-6 maşın vəziyyəti çox dəyişərdi. Buna şərait lazımdır.

28 metro stansiyasından Sabunçu istiqamətində elektrik qatarı istifadəyə verilib. Amma hazırda tuneldə gedən təmir işləri ilə əlaqədar qatar yalnız Bakıxanov stansiyasına qədər hərəkət edir. Bu xəttin mümkün qədər tez verilməsi, daha sonra Kürdəxanı, Pirşağı və Sumqayıta qədər uzadılması su və hava kimi vacibdir. Sıxlıq xeyli azalardı.

Nəhayət, ən vacib məsələlərdən biri növbəti metro stansiyasının Balaxanı və ya Ramana kəndləri istiqamətində uzadılması, avtobusların son dayanacağının ora keçirilməsi ilə əlaqəli ola bilərdi. “Koroğlu”dakı nəqliyyatın bir hissəsi orada toplaşardı. 

Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərə bu ərazilərdə avtobus saxlamağa icazə verilməyəcək
Əlbəttə, bu olduqca böyük vəsait tələb edən bir layihədir, amma çarəmiz yoxdur. Tədbir görülməlidir, hələlik bu barədə heç bir plan da cızılmayıb. Bu gün plan cızsaq, 5-6 ildən sonra nəticəsini görərdik.

Hazırda paytaxtın ən strateji kəsişmə nöqtələrindən biri olan “Koroğlu” metro stansiyası ətrafında qarışıq, idarəolunmayan bir proses reallaşır. Bjezinskinin təbiri ilə desək, idarəolunan xaos. Amma xaosun idarə olunması öz-özlüyündə absurddur.

Prosesin statusunu dəyişmək gərəkdir.

P.S. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, artıq bu istiqamətdə bəzi tədbirlər görülüb. Nəqliyyat Mübadilə Mərkəzi açılıb, köhnə, dar və təhlükəli avtobusların yeni, daha geniş avtobuslarla əvəz ediləcəyi barədə söz verilib. Nəticəsini bir müddət sonra görəcəyik. Bax, onda deyə bilərik ki, problemimiz bitib, yoxsa kabus davam edir. 

Xəbər lenti
0