20:18 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
1071 0 0

Yeni qanun turistlərin qonşu ölkələrə, o cümlədən Gürcüstana deyil, daha çox Azərbaycana axınını təmin edər, bəzi bürokratik halların hüquqi müstəvidə aradan qaldırılmasında öz rolunu oynaya bilər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda "Turizm haqqında" yeni qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi təklif olunur. Bununla bağlı Komitə iclasında fikir səsləndirən deputatlar turizmlə bağlı qanun layihəsinin müzakirəsinin və qəbulunun tezləşdirilməli olduğunu söyləyiblər.

Sputnik Azərbaycan "Turizm haqqında" yeni qəbul ediləcək qanun layihəsinin bu sektorda hansı dəyişikliklərə səbəb olacağını araşdırıb.

Sputnik Azərbaycan-a açıqlama verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ölkəmizə turist axını müşahidə olunur. Deputat deyib ki, bunun davamlı olması üçün yeni qanun layihəsinin qəbuluna, bu sahədə qeydə alınan çatışmazlıqların aradan qaldırılmasına ciddi ehtiyac var: "Azərbaycana gələn turistlərin sayı günü-gündən artır. Son rəqəmlərə görə, bu rəqəm 1,5 milyona çatıb. Deməli, turizm sahəsinin inkişafına diqqət artırılmalı, bu sahədə olan problemlər aradan qaldırılmalıdır".

V.Əhmədov deyib ki, turizm sahəsində əsas problemlərdən biri xidmət sektorundadır: "İlk növbədə turizm sahəsində xidmət səviyyəsi artırılmalıdır. Turizm obyektlərinə gələn turistlərə yüksək xidmət göstərilməlidir. Əks halda, ölkəmizə gələn turist xidmətin keyfiyyətindən narazı qalacaq. Bu isə digər turistlərin də səyahət üçün Azərbaycanı seçməsini əngəlləyə bilər. Bu istiqamətdə artıq Azərbaycanda işlərə başlanılıb. İxtisaslı kadrların hazırlanması, bu sahədə mütəxəssis yetişdirən ali və orta ixtisas məktəblərinin olması çox yaxşıdır".

Deputat digər məsələnin isə turizm sektorunda qiymətlə bağlı olduğunu söyləyib. O qeyd edib ki, turizm sahəsində qiymətlərin tənzimlənməsi mümkün deyil. Çünki ölkəmizdə özəl sektorda qiymətləri bazar tənzimləyir: "Bu gün Azərbaycanın özündən turistlərin çoxu Gürcüstana üz tutur. Səbəb də orada qiymətin münasib olmasıdır. Amma bizdə turizm sahəsində subyektiv qiymətləndirməyə də rast gəlinir. Məsələn, şimal bölgəsində turizm obyektlərində qiymətlər kəllə çarxdadır. Ona görə də bu sektorda qiymətlərin süni şişirdilməsinə qarşı da tədbirlər görülməlidir".

Turizm üzrə ekspert, Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov Sputnik Azətbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda "Turizm haqqında" yeni qanunun qəbuluna ciddi ehtiyac var. M.Ağakərimov bildirib ki, yeni qanun turizm sahəsində olan bir sıra boşluqları tənzimləməlidir: "Bu gün ölkəmizdə turizm şirkətləri nəinki ölkə vətəndaşlarını, xaricdən Azərbaycana gələn turistləri də aldadır. Dələduzluq yolu ilə turistlərin pullarını alıb ölkəmizə turist axınının qarşısını alırlar. Bunun qarşısı qanunla alınmalıdır. Bundan əlavə, turizm sektorunda xidmət keyfiyyətinin yüksəldilməsi, qiymətlərlə manipulyasiya halları məsələsi də qanunda öz əksini tapmalıdır".

M.Ağakərimov kənd turizminin inkişafı, eləcə də turizm sahəsində digər məsələləri əhatə edən yeni qanunvericilik bazasının yaradılmasının vacib olduğunu qeyd edib.

"Turizm haqqında" yeni qanunun qəbulu ilə bağlı Dövlət Turizm Agentliyinin də mövqeyini öyrəndik. Məlum oldu ki, artıq Dövlət Turizm Agentliyi "Turizm haqqında" yeni qanun layihəsi üzərində işləyir. Hətta qanun layihəsi dövlət qurumlarına birinci rəyə göndərilib və rəy alınıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov məlumat verib. O bildirib ki, rəyləri nəzərə aldıqdan sonra qanun layihəsi yenidən baxılması üçün göndəriləcək. M.Muradov "Turizm haqqında" yeni qanunda nələrin öz əksini tapacağından danışmağın hələ tez olduğunu söyləyib. O bildirib ki, sənəd hələ tam hazır deyil: "Burada qeyd edilən məsələləri açıqlamaq doğru olmaz. Çünki hələ bilinmir ki, qeyd edilənlərin hansı qanunda öz əksini tapacaq. Amma ümumi yanaşma ondan ibarətdir ki, sənayeni daha çox dəstəkləyəcək və təşviq edəcək bir qanun layihəsi olsun".

Qeyd edək ki, ölkəmizdə "Turizm haqqında" qanun 1999-cu ildə qəbul olunub. Bu sahədə yeni qanun layihəsi hazırlansa da, 3-cü oxunuşda Milli Məclisdə ilişib qalıb.

Deputat Hadı Rəcəbli də deyib ki, ölkəmizdə turizm sahəsində yeni idarəçilik sistemi yaradılıb. O qeyd edib ki, Dövlət Turizm Agentliyinin yaradılmasından sonra "Turizm haqqında" yeni qanunun qəbuluna ciddi ehtiyac yaranıb.

Məlumat üçün qeyd edək ki, deputat Musa Quliyev deyib ki, bu qanun layihəsinin qəbulu turizm sektorunun inkişafına öz müsbət töhfəsini verər, turistlərin qonşu ölkələrə, o cümlədən Gürcüstana deyil, daha çox Azərbaycana axınını təmin edər, bəzi bürokratik halların hüquqi müstəvidə aradan qaldırılmasında öz rolunu oynaya bilər. Digər millət vəkilləri Elmira Axundova isə turizm sahəsində işlərin daha da sürətləndirilməli olduğunu, yeni otellər tikilməli olduğunu, həmçinin müvafiq qanun layihəsinin qəbul edilməsinin zəruriliyini qeyd edib. Millət vəkili Araz Əlizadə isə bildirib ki, turizm sahəsində ən böyük problem restoranlarda, yeməkxanalarda qiymətlərin baha olmasıdır.

Əsas mövzular