21:44 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
81610

Burada çalışan mütəxəssislər ani diqqətsizlik ilə, ən yaxşı halda, şikəst ola biləcəklərini yaxşı dərk edirlər

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Ərazi qarış-qarış gəzilir, təhlükə duyulduqda işarələnir. Bütün bunlar zərgər dəqiqliyi ilə icra olunur. Yol verilən xırda bir səhv ölümə bərabərdir. Burada çalışanlar ani diqqətsizlik ilə özünün və ətrafındakıların, ən yaxşı halda, şikəst ola biləcəklərini yaxşı dərk edirlər. Buna görə də minaaxtaran və partlamamış hərbi sursatın təmizlənməsi peşəsi dünyanın ən təhlükəli işləri arasında ön sırada durur. Ölkəmizdə dinc şəraitdə bu işləri 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həyata keçirir.

ANAMA-nın əməkdaşı iş başında
© Sputnik / Ilham Mustafa
ANAMA-nın əməkdaşı iş başında

Agentliyin ən təhlükəli sahəsi Partlamamış Hərbi Sursatların Zərərsizləşdirilməsi qrupudur. (Explosive Ordinance Disposal - EOD). Mütəxəssislər bu sahəni minaaxtaranların işindən daha təhlükəli hesab edirlər. Sputnik Azərbaycan-ın bölgə müxbiri qrupun Ağstafada yerləşən mərkəzindəki iş prinsipi ilə tanış olub.

2003-cü ildə rayonun Saloğlu kəndi ərazisində yaradılan mərkəz ölkəmizin hərbi sursatla ən sıx çirklənmiş ərazisidir. Sovetlər dönəmində burada Qafqazdakı ən böyük silah-sursat bazası yerləşib və 1991-ci ildə bazanın qəfildən partlaması nəticəsində 40 milyon kvadrat metr ərazi partlamamış hərbi sursatla çirklənib.

 Hərbis sursatın mərhv etməsi
© Sputnik / Ilham Mustafa
Hərbi sursatın məhv edilməsi

ANAMA bölgəyə gəldikdən əvvəl və sonra baş verən proseslər barədə mərkəzin əməliyyat meneceri Mədəd Məmmədov danışır: “Anbarın partlamasından ANAMA bölgəyə gələnə qədər keçən 12 il ərzində səpələnmiş hərbi sursatla təmas nəticəsində 80 nəfərədək insan həyatını itirib. 100-dən artıq insan əlil olub. Biz bu ərazilərdə işə başlayandan bu rəqəm sürətlə aşağı düşməyə başladı və fəaliyyət göstərdiyimiz 16 ildə yalnız 1 nəfərin ölümü və 4 nəfərin xəsarət alması faktı qeydə alındı. Artıq uzun müddətdir, itki və xasərət sıfıra yaxınlaşıb”.

Əməliyyat meneceri Mədəd Məmmədov
© Sputnik / Ilham Mustafa
Əməliyyat meneceri Mədəd Məmmədov

Bu günədək 600 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirildiyini bildirən M.Məmmədov qazanılan nailiyyətdə mütəmadi aparılan maarifləndirmə işlərinin rolunu da qeyd edir. Keçmiş döyüşçü peşəsinin təhlükəli tərəflərini önə çəkir.

“Bizim işdə səhv bir dəfə olur. İstər minaaxtaranlar, istər bölmə qrup rəhbərləri üçün məsuliyyət çox ağırdır. Nizam-intizam qaydalarında adi bir səhv hadisənin baş verməsini labüd edir. Buna görə hər hansı bir sursat aşkar etdikdə qarşımıza 3 sual qoyuruq - Bu nədir? Onunla necə davranacağıq? Nəticə nə olacaq? EOD qrupunun işçisi bu 3 suala cavab tapmadan ona müdaxilə etməməlidir. Özünü və ətrafdakıları qorumalıdır”, - deyə M.Məmmədov bildirir.

Partlamamış hərbi sursat
© Sputnik / Ilham Mustafa
Partlamamış hərbi sursat

Təqaüddə olan zabit M.Məmmədov qrupun açıq şəraitdə partlamaq üçün atılmış, ancaq hansısa proses nəticəsində partlamamış sursatla təmasda olduğunu söyləyir: “Bu sursatlara həm atıldığı silah, həm insan amili təsir edib. Bu səbəbdən onların çıxarılması, daşınaraq yekun ərazidə məhv edilməsi bizimçün böyük riskə çevrilir. Hətta bəzi sursatlar var ki, silahdan atılmayıb, amma hər hansı kiçik təsirə məruz qaldıqda döyüş hazırlığı vəziyyətinə gəlir. Buna görə bəzən bütün təhlükəsizlik qaydalarına əməl edilsə də, partlayışdan qaçmaq mümkünsüz olur”.

2003-cü ildə Saloğlu kəndi ərazisində yaradılan mərkəz ölkəmizin hərbi sursatla ən sıx çirklənmiş ərazisidir
© Sputnik / Ilham Mustafa
2003-cü ildə Saloğlu kəndi ərazisində yaradılan mərkəz ölkəmizin hərbi sursatla ən sıx çirklənmiş ərazisidir

Həmsöhbətimiz 12 il əvvəl mərkəzdə belə bir bədbəxt hadisənin baş verdiyini yada salır. Həmin vaxt ağır xəsarət alan Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bunları deyir: “Agentliyə 2006-cı ildə gəlmişəm. Təbii ki, işə məsuliyyətini və çətinliyini anlayıb başlamışam. Bir il sonra isə hadisə baş verdi. Yekun ərazidə partlamamış hərbi sursatı ləğvetmə prosesi zamanı mərmi iş yoldaşımın qucağında partladı. O, dünyasını dəyişdi, mənsə bir əlimi itirdim, ayaqlarıma qəlpələr doldu”.

Ağır xəsarət alan Bəxtiyar Məmmədov
© Sputnik / Ilham Mustafa
Ağır xəsarət alan Bəxtiyar Məmmədov

B.Musayevə qəzadan sonra da ANAMA dəstək olub. O, hazırda mərkəzdə bağban kimi çalışır.

Əlaqədar

Paytaxtda polis evi mühasirəyə aldı – Silaha görə
Ağstafada "F-1" əl qumbarası tapılıb
Ağstafada "Qrad" raketləri aşkarlanıb
Xızıda fermada silah anbarı tapıldı
Teqlər:
mina, hərbi sursatın partlaması, partlamamış hərbi sursat, döyüş sursatı, sursat, ANAMA

Əsas mövzular