CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qonşunuz Məmməd, Əhməd deyil, ayı, canavar, tülküdür, ehtiyatlı olun"

© Sputnik / Ilya Timin / Mediabanka keçidAyı, arxiv şəkl
Ayı, arxiv şəkl - Sputnik Azərbaycan
Abunə olmaq
Tikə-tikə kəndi böyüdüb meşənin daxilinə doğru gedirlər. Hamı istəyir, meşənin içində evi olsun, naxırı meşənin qırağında otlasın

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Son zamanlar vəhşi heyvanların kəndlərə hücumunun sayı artıb. Belə ki, bir müddət əvvəl Qubanın bir neçə kəndində və İsmayıllıda ayı hücumu qeydə alınıb.

Mütəxəssislər bunu heyvanların ac qalması, meşələrin insanlar tərəfindən zəbt edilməsi və quduzluq xəstəliyi ilə əlaqələndirsələr də, sakinlər meşə yanğınlarının da bu hadisələrdə böyük rolu olduğunu ehtimal edirlər.

Ayı, arxiv şəkli - Sputnik Azərbaycan
Sevgilisini ayıdan qoruyan gənc həlak oldu

Sputnik Azərbaycan vəhşi heyvanların kəndlərə hücumunun səbəblərini araşdırıb.

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, heyvanların kəndlərə hücumunun bir neçə səbəbi var: "Birinci səbəb qida çatışmazlığıdır. Əgər heyvanlar təbiətdə adətən qidalandıqları canlıları tapa bilmirlərsə, o zaman kəndlərə, kənd heyvanlarına hücum edirlər. Bunun səbəbkarı da insanlar özləridir. Çünki intensiv olaraq əti yeyilən heyvanları, quşları və digər heyvanları ovlayırlar. Bəzən bu heyvanları ovlamaq qadağan edilsə belə, insanlar qanunları pozaraq bu addımı atırlar. Bu isə yırtıcı heyvanların qida ehtiyatlarının azalması ilə nəticələnir".

Ekoloq qeyd edib ki, vəhşi heyvanların kəndlərə hücumu hər zaman olub. Amma son zamanlar bunun intensivləşməsinə səbəb, onun fikrincə, qanunsuz ov hallarının artmasıdır.

C.Quliyev deyir ki, heyvanların kəndlərə hücumunun ikinci səbəbi quduzluq xəstəliyi ola bilər: "Buna görə də insanlar ehtiyatlı olmalıdırlar. Vəhşi heyvanların hücumuna məruz qalan şəxslər mütləq həkimə müraciət etməlidirlər. Onların qanı yoxlanılmalı, müəyyən tədbirlər görülməlidir".

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, belə halların qarşısını almaq üçün insanlar meşə ərazilərinin yoxlanılmamış hissələrinə getməməli, öz mal-qarasını ora buraxmamalıdırlar.

Oğuzda meşə yanğını - Sputnik Azərbaycan
HADİSƏ
Oğuzda yanğın vəhşi heyvanları kəndlərə qovur - VİDEO, FOTO

H.Əlizadə də qeyd edir ki, Azərbaycanda bu kimi hadisələr nadir hal deyil. Onun fikrincə, vətəndaşlar şəhərsalma qaydalarına riayət etməlidirlər: "Məsələn, əvvəllər bir kənd 10 evdən ibarət idisə, bu gün orada 30 ev var. Tikə-tikə kəndi böyüdüb meşənin daxilinə doğru gedirlər. Hamı istəyir, meşənin içində evi olsun, naxırı meşənin qırağında otlasın. İnsanlar meyvə toplamağa, naxırı otarmağa gedəndə meşələrə üz tuturlar və bu zaman vəhşi heyvanların hücumuna məruz qalırlar".

H.Əlizadə vurğulayıb ki, dünyada bu cür hallar xarakterikdir. Rumıniyada, Rusiyada, Slovakiyada bu il 100-dən çox ayı hücumunun qeydə alındığını əlavə edən Əlizadə son günlər baş verən ayı hücumunu adi hal kimi dəyərləndirib.

"Bunun da qarşısını almaq üçün insanlar qaydalara riayət etməlidirlər. Meşəyə gedəndə yoxlanılmış əraziləri gəzmək lazımdır. Milli park ərazilərinə xüsusi turist marşrutları var. Çox nadir hallarda ayı, canavar insana hücum edir. Bu, yalnız ayı quduz olanda və çox uzun müddət ac qalanda baş verə bilər. Çox nadir hallarda ayı, canavar qəsəbəyə, kəndə girir", - o deyib.

Departament rəhbəri əlavə edib ki, meşəlik ərazidə yaşayan insanlar bilməlidirlər ki, onların qonşusu Məmməd, Əhməd deyil, ayı, canavar, tülküdür. Həmişə ehtiyatlı olmalıdırlar.

Xəbər lenti
0