07:52 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8782
İmtahan, arxiv şəkli

Balalarımızı şikəst edənlər - Kolleclərlə nə etməli?

© Sputnik / Aleksey Malgavko
CƏMİYYƏT
Qısa URL
66710

Mütəxəsislər kolleclərdə bir çox ixtisasların, o cümlədən "ibtidai sinif müəllimi" ixtisasının ləğv edilməsinin tərəfdarıdırlar

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. "İbtidai sinif müəllimi" ixtisası üzrə ali məktəblərə daxil ola bilməyən abituriyentlərin kolleclərə daxil olması bir çox valideynlərdə narahatlıq yaradıb. Belə ki, valideynlər iddia edir ki, savadsız olduğu üçün ali məktəbə daxil ola bilməyən abituriyentlərin kolleci bitirdikdən sonra ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməsi uşaqların ibtidai siniflərdən savadsız yetişməsinə səbəb olur.

Xatırladaq ki, 9 illik bazada ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və Riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

11 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.(xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar.

Mütəxəsislər kolleclərdə bir çox ixtisasların, o cümlədən "ibtidai sinif müəllimi" ixtisasının ləğv edilməsinin tərəfdarıdır. Sputnik Azərbaycan bu məsələyə aydınlq gətirməyə çalışıb.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda Azərbaycanda 58 orta ixtisas təhsili müəssisəsi - kollec var. Bunlardan 54-ü dövlət, 4-ü isə qeyri-dövlət – özəl təhsil müəssisəsidir.

"Dünyanın bir çox ölkələrində kolleclərin əksəriyyəti ali məktəblərin nəzdində yerləşirlər, məzunlar ali məktəbin bu və ya digər pilləsində təhsil almaq üçün hazırlanırlar. Bizdə kollec məzunlarının bilik səviyyəsi, çox aşağıdır. Hətta monitorinq aparılanda üzə çıxmışdı ki, pedaqoji kolleclərin məzunları müəllimlərin işə qəbulu imtahanında müsbət nəticə göstərə bilmirlər" - ekspert qeyd edib.

Ekspert hesab edir ki, bəzi ixtisaslı kolleclər bağlanmalıdır: "Məsələn, maliyyə ixtisası üzrə kolleclərin olmasına ehtiyac yoxdur. İqtisad Universitetinin profili kifayət qədər genişləndirilib. Digər ali məktəblərdə də iqtisadiyyatın müəyyən sahələrində mütəxəssislər hazırlanır. Bundan başqa pedaqoji ixtisaslar ümumiyyətlə kolleclərdən çıxarılmalıdır. Çünki ali təhsil məssisələrində bu ixtisaslar üzrə yetərincə kadr hazırlığı həyata keçirilir. Kolleclərdə pedaqoji ixtisaslar üzrə həyata keçirilən kadr hazırlığı çox aşağı səviyyədədir".

Kamran Əsədov vurğulayıb ki, yerdə qalan digər əmək tələbatına dair ixtisaslara mütəxəssis hazırlığı aşağı səviyyədədir.

Mütəxəssisin fikrincə, kolleclərə ayrılan vəsaitləri peşə məktəblərinə yönləndirilməlidir. Belə olan təqdirə peşə təhsili sistemi get-gedə inkişaf edəcək və kollec təhsili sıradan çıxacaq.

"Ən dəhşətlisi budur ki, bu günə qədər kolleclərdə ki, təhsilin keyfiyyəti qiymətləndirilməyib. Kolleclərin akkreditasiyası obyektiv şəkildə aparılmayıb. Təhsil Nazirliyinin nümayəndələri iddia edə bilərlər ki, o kolleclər akkreditasiyadan keçib? Xeyr, kolleclərin o şəkildə qeydiyyata alınması saxta hesab olunmalıdır. Obyektiv akkreditasiya olsa bir neçə ixtisasların fəaliyyəti dayandırılmalı idi. Ya bu kolleclər ali məktəblərə inteqrasiya olunmalıdır, ya da kolleclərin əksəriyyəti bir kollec şəklində birləşdirməlidir. O şəkildə inkişaf etməlidir ki onun məzunları ilə, ali məktəb məzunları arasında rəqabət olsun" - Əsədov bildirib.

Ekspertin fikrincə, kolleclərin maddi-texniki bazası və kadr potensiyalı olduqca zəifdir. Onlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermirlər.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Sputnik Azərbaycana bildirlib ki, müəllimlərin işə qəbul prosesi imtahan yolu ilə aparıldığı üçün valideynlər narahat olmamalıdır. Çünki aşağı balla kolleclərə ibtidai sinif müəllimliyi fakültəsinə daxil olan şəxslər, əgər savadsızdırlarsa, onsuz da bu imtahandan keçə bilməyəcəklər.

"Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, beləliklə, mərkəzlərin sayı 24-ə çatıb. Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb. Son illərdə peşə təhsili müəssisələrinə sənəd qəbulu "ASAN xidmət" mərkəzlərində, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir"- Nazirlikdən bildirilib.

TN son illər peşə təhsilinə marağın artdığını da iddia edir: "Sevindirici haldır ki, tələbələr sırasında əvvəllər ali təhsil almış, indi isə peşə təhsili almaq istəyənlər də az deyil. Eyni zamanda son illər müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən ciddi addımlar atılıb.

Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilib.

2018-2019 tədris ilində ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırmış, 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı 51 mini ötüb. 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55-ə yaxın olub. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir".

Əsas mövzular