00:01 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Uşaq bezinin qutusu, arxiv şəkli

İşlənmiş uşaq bezi "biznesi"nin sirri – Sual var, cavab yox

© AP Photo / Mary Altaffer
CƏMİYYƏT
Qısa URL
79310

Məsələnin kökündə anlaşılmazlıq durur. Kimlərsə qanunla qadağan edilməyən hansısa işlə məşğuldur. Kimə və nədən şikayət edəsən?

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Sosial şəbəkələrdə işlənmiş uşaq bezlərinin alışı ilə məşğul olan şəxslərin peyda olması valideynləri təşvişə salıb. "İşlənmiş pamperslər alıram" başlıqlı elanlara əsasən “Instagram”da rast gəlinir. Bu elanı verənlər əlaqə saxlayanlara istifadə edilən, çirkli uşaq bezlərini atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər.

Sözügedən şəxslər tərəfindən bir bez üçün 0.03 qəpik qiyməti qoyulub. Hətta məlumat verilir ki, yaxın vaxtlarda kampaniya olacaq və işlənmiş uşaq bezlərinin bir ədədinə 0.05 qəpik ödəniləcək. “Instagram”da bu elanı verən səhifələrdə uşaq bezlərinin alınma məqsədi gizlədilir, müraciət edənlərə bildirilir ki, bezlər təkrar emal edilmir. Bundan başqa qeyd edilir ki, bir müddət sonra uşaq bezlərinin alışı ilə bağlı video şəklində bütün suallara aydınlıq gətiriləcək.

Bununla belə, əhali arasında işlənmiş uşaq bezlərinin təkrar emalından narahatlıq keçirən valideynlər az deyil.

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı bəlli olub ki, uşaq bezləri ölkəmizə əsasən idxal edilir. Amma bununla belə, ölkəmizdə uşaq bezi istehsal edən müəssisə də var. Bez istehsalı ilə məşğul olan İFFA-2010 MMC-nin rəhbəri Fərrux İbrahimov açıqlamasında bildirib ki, uşaq bezlərinin təkrar istehsalı praktiki baxımdan dünyanın heç bir yerində mümkün deyil. Onun sözlərinə görə, uşaq bezləri birdəfəlik istifadə edilən materialdan hazırlandığından, onun yuyulub təmizlənməsi, qurudulması da mümkün olan bir hal deyil: "Bizim müəssisəmiz də uşaq bezi istehsalı ilə məşğuldur. Azərbaycanda bu məhsulu istehsal edən yeganə şirkət bizim şirkətdir. Amma biz heç kəsdən işlənmiş uşaq bezi almırıq.

 Çünki bu məhsulu istifadədən sonra təkrar istehsal etmək mümkün deyil. Uşaq bezlərindəki material mayeni özünə çəkir, bir dəfə istifadədən sonra öz hopduruculuq funksiyasını itirir. Bu məhsul birdəfəlik istifadə üçün yararlıdır. Ona görə də, düşünürəm ki, uşaq bezləri təkrar istehsal üçün yığılmır".

"Təmiz şəhər" ASC-nin şöbə müdiri Elmar Məlikov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təkrar emala gedən tullantıların əksəriyyəti çeşidlənir. Çeşidlənən məhsulların arasında isə uşaq bezləri yoxdur.

E.Məlikov bildirib ki, çeşidlənməyən tullantılar Bərk Məişət Tullantıları Zavodunda yandırılır, buna ehtiyac olmadıqda isə məişət tullantılarının poliqonunda basdırılır.

Qeyd edək ki, uşaq bezləri təkrar emal edilməyən məhsullar siyahısındadır. Uşaq bezlərinin tərkibi onun tez zaman ərzində çürüməsinə imkan vermədiyindən, bezlər əsasən basdırılır.

Pediatr Vaqif Qarayev bildirib ki, bu məsələ ilə bağlı ona da çoxsaylı müraciətlər daxil olub. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istifadə olunmuş uşaq bezləri alıcılarının peyda olması narahatlığa səbəb olub: "Əgər həqiqətən də haradasa təkrar emal üçündürsə, bu, çox pisdir. 

Bu, həm gigiyenik, həm də etik baxımdan düzgün deyil! Məndə olan məlumatlara görə, işlənmiş "pamperslər" istilikxanalarda istifadə üçün alınır. İşlənmiş "pampersləri" alıb istilikxanalardan asırlar ki, içərini rütubətli saxlasın. Çünki pampersin belə bir effekti var. Amma bu da öz təsdiqini tapmayıb".

Açığı, sona qədər də bu "pamperslərin" hansı məqsəd üçün alındığını müəyyən edə bilmədik. Alıcılar bunu böyük bir sirr kimi saxladılar.

Digər tərəfdən, bu məsələ ilə bağlı araşdırma aparacaq, məşğul ola biləcək qurum da ağlımıza gəlmədi. Çünki məsələnin kökündə anlaşılmazlıq durur. Kimlərsə qanunla qadağan edilməyən hansısa işlə məşğuldur. Kimə və nədən şikayət edəsən?

Bəlkə, bu yazıdan sonra “problemlə” maraqlanacaq qurum özü ortaya çıxacaq?

Əsas mövzular