CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəzməyə Azərbaycan, "ölməyə" ofis yaxşı - yorğunlar ordusu başına nə çarə qılsın?

Abunə olmaq
Ən kiçik çatışmazlıq belə gözünüzdə böyüyürsə, istirahət etsəniz belə, rahatlaşa bilmirsinizsə, burada bir, özü də böyük "əmma" var - siz "tükənmişlik" sindromundan əziyyət çəkirsiniz

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Bir müddət əvvəl Sputnik Azərbaycan məzuniyyətlə bağlı sorğu keçirib. Sorğuda iştirak edən respondentlərin 28,5 faizi məzuniyyətə çıxa bilmədiyini, 18,3 faizi məzuniyyətini Azərbaycanın rayonlarında keçirdiyini qeyd edib.

Tovuz rayonunun Çataq kəndi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Çağırılmayan qonağa süpürülməmiş yer və ya Turist kəndin dadını necə çıxarsın?

Bu isə o deməkdir ki, insanların çox hissəsi məzuniyyətsiz işləyəcək və bəzilərinin də imkanı ancaq Azərbaycanda istirahət etməyə çatıb. Sputnik Azərbaycan bu məsələləri aydınlaşdırmağa çalışıb.

Turizm eksperti, Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov əksəriyyətin məzuniyyətini ölkənin rayonlarında keçirməsini son illərdə daxili turizmin keyfiyyətinin artması ilə əlaqələndirib.

Ekspertin fikrincə, məhz bu səbəbdən Azərbaycan vətəndaşları daha çox ölkəmizdə istirahət etməyə üstünlük veriblər.

"Bu onunla əlaqədardır ki, Azərbaycanın özü sabit bir ölkədir. Dünyada baş verən, cərəyan edən hadisələr burada birbaşa rol oynayır", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə turizm bölgələrində qiymətlərdə də ucuzlaşma müşahidə edilib. Avropa ölkələrində qiymətlərin baha olduğunu qeyd edən M. Ağakərimov vurğulayıb ki, vətəndaşların Azərbaycanın bölgələrinə üstünlük verməsində əsas səbəblərdən biri də qiymətlərin münasib olmasıdır.

"Azərbaycanın müxtəlif regionlarında qiymətlər müxtəlifdir. Ən münasib qiymətlər şimal-şərq zonasında, yəni Şabran, Quba-Qusar, Xaçmaz zonasındadır. Cənub zonası və Şamaxıda qiymətlər bir qədər bahadır. Şamaxıda, İsmayıllı, Qəbələ, Oğuz rayonları daxil olmaqla qiymətlər bir az yüksəkdir", - deyə o əlavə edib.

Turizm eksperti bildirib ki, bölgələrdə 2-3 ulduzlu otellərin yaranmasına ehtiyac var. Belə olan təqdirdə aztəminatlı insanlar da öz ölkələrində istirahət edə bilərlər: "Biz inanırıq ki, Azərbaycanda daxili turizm inkişaf etdikcə Azərbaycanın büdcəsinə də gəlir gətirəcək. Daxili turizm hər zaman ölkələrin büdcəsinə gəlir gətirib".

Bəs məzuniyyətə çıxmadan işləmək olarmı? Belə işin keyfiyyəti necə olacaq?

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məzuniyyətə çıxmaq təkcə bədənin dincəlməsi üçün deyil, ruhun sakitləşməsi, rahatlanması üçün də əsas şərtdir. Məzuniyyətə çıxmadan, işləməyə fasilə vermədən işləmək insanlarda tükənmişlik sindromu yarada bilər: "Tükənmişlik sindromu mənəvi və fiziki tükənmə, fərdi uğurun azalması və laqeydləşmə olaraq 3 yerə bölünür. Tükənmişlik yaşayan insanda fiziki və ruhi çökmə sezilir. Onun gördüyü işə və özünə qarşı istəyi, həvəsi itir, şübhəkar bir insana çevrilir".

Psixoloq qeyd edir ki, tükənmişlik sindromu 4 mərəhələdə baş verir.

Birinci mərhələdə şəxs ağır iş yükü, həddən artıq streslə mübarizə aparmağa çalışır. Bir müddət sonra işi şəxsi ehtiyaclarını üstələyir və şəxs öz ehtiyaclarına önəm vermədən yaşamağa çalışır.

İş yerində təhlükəsizlik tədbirlərinə əməl olunması - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Onlara süd də verilməlidir” – Zərərli yerlərdə işləyənlərə hansı güzəştlər var

İkinci mərhələdə yorğunluq xronikiləşir. Yuxusuzluq, baş ağrıları başlayır. Fiziki və mənəvi tükənmə başlayır.

Üçüncü mərhələdə isə işə qarşı laqeydlik, marağın olmaması, özünü işə aid etməmə hissləri yaranır. İnsanlara qarşı aqressiv davranışlar işin keyfiyyətini aşağı salır.

Sonuncu mərhələdə əzələ ağrıları, başgicəllənmə, yuxu problemləri, həddən artıq yorğunluq, çarəsizlik, nifrət və s. psixoloji problemlər müşahidə edilməyə başlayır.

Yorğunluq ağırlaşır. Ən kiçik çatışmazlıq belə gözdə böyüyür. Şəxs istirahət etsə belə, rahatlaşa bilmir.

Zamanla bu çatışmazlıqlar xronikiləşir və mənəvi tükənməyə səbəb olur.

Mənəvi tükənmə yaşayan insan özünün və yaxınlarının problemlərini həll edə bilmir və insanlarla münasibətini minimuma endirir.

"Bəzi sualları özünüzə verərək, tükənmişlik sindromu yaşayıb-yaşamadığınızı müəyyən edə bilərsiniz. Məsələn, "İşinizə görə mənəvi olaraq tükəndiyinizi hiss edirsinizmi?", "Səhərlər oyanan zaman yeni günə başlamaq üçün enerjinizin olmadığını və yorğun olduğunuzu hiss edirsinizmi?", "İşinizə həvəsiniz azalıbmı?" Bu suallara cavabınız müsbətdirsə, deməli, artıq tükənmişlik sindromu yaşayırsınız", - deyə psixoloq əlavə edib.

Tükənmişlik sindromu həddən artıq yorğunluq, depressiya, alkoqolizm, ürək xəstəlikləri, piylənmə, immun sisteminin çökməsi və s. kimi ciddi problemlərə səbəb ola bilər. F. Mehmanqızı vurğulayıb ki, bu problemlə qarşılaşmamaq üçün işə heç olmasa 1-2 gün fasilə verib, istirahət etmək lazımdır: "Tətil üçün çox pul xərcləməyə ehtiyac yoxdur. Sadəcə 1-2 gün işə fasilə verin. Həyatınızı dəyişdirin. Unutmayın, həyat qısadır".

Xatırladaq ki, Sputnik Azərbaycan-ın "Məzuniyyətinizi harada keçirirsiniz?" məzmunlu sorğusunda iştirakçılar cavab variantlarını bu nisbətdə seçmişdilər: 1. Evdə və ya bağda - 21.8%; 2. Xəzərin sahilində - 2.7%; 3. Azərbaycanın rayonlarında - 18.2%; 4. Gürcüstanda - 3.6%; 5. Türkiyədə - 10.9%; 6. Avropada - 4.5%; 7. Ekzotik ölkələrdə - 1.8%; 8. Bu il məzuniyyətə çıxa bilmirəm - 29.2%; 9. Mən elə il boyu məzuniyyətdəyəm - 7.3%.

Yeni sorğumuz isə məktəbə hazırlıqla bağlıdır. Fikrinizi bildirməyə dəvət edirik.

Xəbər lenti
0