12:33 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Evsiz uşaq, arxiv şəkli

Gözünüzü dörd açın - Azərbaycanda unudulan cinayət yenidən baş qaldırdı

CC0 / Renato Danyi / kid
CƏMİYYƏT
Qısa URL
2487 0 0

"Bu əməli törədənlər, dilənçi olsalar belə, Azərbaycan vətəndaşlarıdır. Onların kompakt yaşadığı ərazilərə baxış keçirilməli, məşğulluğu istiqamətində ciddi iş aparılmalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Bir neçə gün bundan öncə paytaxtın Binəqədi rayonunda iki azyaşlı qardaş və bacının dilənçi tərəfindən oğurlanması bu cür həyat tərzi keçirən insanların uşaqların həyatı üçün potensial təhlükə olduğunu gündəmə gətirdi. 

Xatırladaq ki, yayın əvvəlində buna bənzər hadisə Bakının Sabunçu rayonunda da qeydə alınmışdı. 3 yaşlı Zəhra Bağırovanın oğurlanması faktından sonra 7 yaşlı Rahil Mirzəyevin və bacısı 6 yaşlı Mələyin oğurlanması ilə təkrarlanan növbəti hadisə artıq cəmiyyətdə uşaq oğurluğu ilə bağlı ciddi narahatlığa səbəb olub. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq dilənçilərin uşaq oğurluğu məsələsində cəmiyyət üçün təhlükəsini araşdırıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, ard-arda uşaq oğurluğu ilə bağlı qeydə alınan faktlar artıq dilənçilərin uşaqlar üçün həyati təhlükə yaratdığını təsdiqləyir: "Siz xatırlayırsınızsa, bir neçə ay öncə Sabunçuda 3 yaşlı Zəhra oğurlanmışdı. Bunun üzərindən az keçməmiş Binəqədi rayonunda da bacı-qardaş oğurlandı. Sonuncu hadisənin dilənçi tərəfindən törədildiyi təsdiqləndi. Uşaq oğurluqlarının baş verməsində valideyn məsuliyyətsizliyi rol oynasa da, bu oğurluqları törədənlər əksər hallarda dilənçilər olur. Xüsusən rum (roman) qrupuna aid qaraçıların uşaq oğurluğunda adı daha çox hallanır".

K. Ağazadə deyir ki, son bir ildir ki, uşaq oğurluqlarının baş verməsi dilənçiliklə məşğul olanlarla birbaşa bağlıdır: "Azərbaycanda illərdir ki, uşaq oğurluğu hallarına rast gəlinmirdi. 1990-1995-ci ildən sonra, demək olar ki, adam, uşaq oğurluğu tam olaraq yığışdırılmışdı.

Son bir ildir ki, dilənçilər uşaq oğurluğu ilə məşğul olmağa başlayıblar. Nə yaxşı ki, Azərbaycan polisinin ayıq-sayıqlığı və peşəkarlığı sayəsində uşaq oğurluqlarının üstü isti izlərlə açılır. Belə şəxslər ifşa edilir, oğurlanan uşaqlar üzərindən bir sutka keçməmiş tapılaraq valideynlərinə verilirlər. Amma buna rəğmən uşaq oğurluğunun olması faktı cəmiyyətdə narahatlıq yaradır. Fikrimcə, bu halın qarşısı aidiyyatı qurumlar tərəfindən sərt şəkildə alınmalıdır. Uşaq oğurluğuna meylli qruplar aşkarlanmalıdır.

Dilənçiliklə məşğul olan şəxslərin qeydiyyatı aparılmalıdır. Çünki bu əməli törədənlər, dilənçi olsalar belə, Azərbaycan vətəndaşlarıdırlar. Onların kompakt yaşadığı ərazilərə baxış keçirilməli, məşğulluğu istiqamətində ciddi iş aparılmalıdır. Həmçinin bu icmalarla söhbətlər aparılmalıdır. Əks halda, uşaq oğurluqları cəmiyyət üçün bir xofa çevriləcək".

K. Ağazadə evlərin kirayə verilməsi zamanı da dilənçilərlə bağlı məsələdə ehtiyatlı davranmağın vacib olduğunu söyləyir.

Qaraçı körpələrini yuxuya aparan ilginc səbəb>>

Bakı şəhər Baş Polis İdarəsi də əhalini bu məsələdə diqqətli olmağa səsləyir. İdarənin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyir ki, paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyəcanlı xəbər olub: "Düzdür, polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildilər, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa təhvil verildi. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildirlər. Əmək qabiliyyəti olan, ancaq haradasa işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakı müşahidə olunmaqdadır".

"Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olsunlar, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmasınlar, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymasınlar. Onlar ac, köməyə möhtac olduğu üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir", - deyə E.Hacıyev xəbərdarlıq edib.

Polis mayorunun fikrincə, dilənçilər insanların psixoloji durumundan sui-istifadə edirlər: "Konkret faktları sadalamadan diqqətə çatdırırıq ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər. Eləcə də onlar sənədsiz və qeydiyyatsız, klassik ənənələrlə doğulan övladlarını digər dilənçilik həyat tərzi keçirən şəxslərə kirayəyə verir, ödəniş müqabilində qazanc əldə edirlər. Cəmiyyətin azyaşlılara qarşı münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər. Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlarda vurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar. Ona görə də, hər kəs dilənçilərə qarşı münasibətdə ehtiyatlı davranmalı, onlara "nəzir" verməkdən çəkinməlidir".

Əlaqədar

Oğurlanan Zəhranın atası: "Qızımı diləndirirdi" - FOTO
Zəhranın oğurlandığı qəsəbədə həyəcan - REPORTAJ
Bakıda oğurlanan uşaqlar Bərdədə tapıldı
Yaxşılığa yamanlıq - Azyaşlı bacı-qardaşın itkin düşməsinin detalları
Teqlər:
qaraçı, polis, Bakı, uşaq, oğurluq, dilənçilər

Əsas mövzular