04:39 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Vüsal Cabbarovun çəkdiyi rəsmlər

Azərbaycanda bu işi yalnız o bacarır - müəllimdən "Ginnesin Rekordlar Kitabı" üçün iddia

© Sputnik / Rahim Zakiroghlu
CƏMİYYƏT
Qısa URL
141520

“Karandaşla işləməkdən fərqli olaraq bu üsulla rəsm çəkərkən səhv etdikdə pozmaq imkanı olmur”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Lənkəran rayonu Sütəmurdov kənd sakini, tarix müəllimi işləyən 39 yaşlı Vüsal Cabbarov rəssamlıqla da məşğuldur. Lakin Vüsal müəllim rəsmlərini qeyri-adi, alışmadığımız formada - gözübağlı çəkir.

Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində V.Cabbarov 4 yaşından rəsm çəkməklə məşğul olduğunu bildirdi: “Atam da rəssam olub, uşaq ikən məndə rəssamlıq bacarığımı görüb Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinə qoydu və mən rəssamlığı öyrənməyə başladım”.

Vüsal Cabbarov
© Sputnik / Rahim Zakiroghlu
Vüsal Cabbarov

- Siz rəsmi sürətlə çəkirsiniz, bir əsərə nə qədər vaxt sərf edirsiniz?

- Mən orta məktəbdə tarix müəllimi işləyirəm, vaxt məhdudiyyəti məni portreti sürətlə çəkməyə vadar etdi, tədricən də bu, məndə alışqanlığa çevrildi. Rəsmi sürətlə işləməyə başlayanda kağız üzərində 4-5 dəqiqə sərf edirəm. 2 dəqiqə 40 saniyə, 2 dəqiqə 30 saniyə müddətində işlədiyim portretlər də olub. Bu cür rəsm əsərlərini işləyəndə özümə söz verirəm ki, bunu daha tez başa çatdırım. Belə olan təqdirdə işi tez bitirirəm.

- Rəsmlərinizi gözübağlı şəkildə necə çəkə bilirsiniz? Ümumiyyətlə, bu ideya sizdə necə yarandı?

- Rəssamlıq elə sənətdir ki, gərək onu sevəsən. Mən bu sənəti çox sevirəm deyə gördüyüm işlər də mənə müsbət təsir göstərir. Ümumiyyətlə, günün müəyyən vaxtlarında harada oluramsa, ancaq rəssamlıq haqqında düşünürəm. Yeni ideyalar, rəsm çəkməyin yeni üsullarını axtarıram. Bir az təvazökarlıqdan uzaq olsa da, deməliyəm: rəssamlıq aləmində gözübağlı formada işləyən rəssam yoxdur. Gözübağlı formada rəsm əsərləri işləmək ideyası mənə məxsusdur, ilk dəfə olaraq mən buna imza atmışam. Bu cür işləmək mənim üçün maraqlı oldu ki, hansı formada alınacaq? Beləcə, gözübağlı çəkməyə başladım.

- Bəs proses necə alınır?

- Rəsmləri xəyalımda canlandırdığım formada işləyirəm. Çəkdiyim mövzular, əsərlər mənim xəyalımda canlanır və bundan sonra onları kətan, kağız və yaxud taxta üzərinə köçürmək mənim üçün çox asandır. Özüm əlimin hansı istiqamətdə getdiyini müəyyənləşdirirəm və o qaydada, o formada çəkirəm.

Vüsal Cabbarov gözü bağlı rəsm çəkərkən
© Sputnik / Rahim Zakiroghlu
Vüsal Cabbarov gözü bağlı rəsm çəkərkən

- Rəsmlərinizi çəkəndə ən çox hansı vasitələrdən istifadə edirsiniz və onları haradan əldə edirsiniz?

- Əsasən flomasterlərlə işləyirəm. Ancaq yağlı və sulu boya ilə işlədiyim əsərlər də var.

- Sifarişlə şəkil çəkirsinizmi, sifariş edilən rəsmlər əsasən hansı janrda olur?

- Portret üslubunda çox müraciət olunur. Sifariş əsərləri, əlbəttə ki, yaradıcılıq işi sayıla bilməz. Yaradıcılıq işi sırf rəssam təxəyyülünün məhsuludur. Yəni rəssam öz ideyalarını, düşüncələrini, başqa rəssamlarda olmayan mövzuları öz dünyagörüşü çərçivəsində təqdim edir və o iş yaradıcılıq işi olur. Ancaq bəzən sifarişlər də yaradıcılıq işi kimi çox maraqlı və qeyri-adi formada alınır. Bəlkə də, o da yaradıcılıq işi sayıla bilər, amma bir fərq var ki, sifariş olunan əsər artıq sənin deyil, yəni sifarişçinin işidir, onun ideyasıdır.

- Vüsal müəllim, rəssamlığa həvəsiniz olduğu halda nəyə görə tarix müəllimi oldunuz? Gələcəkdə tarix müəllimi kimi fəaliyyətinizi dayandırıb rəssamlığı davam etdirmək planınız varmı?

- Rəssamlıqla məşğul olarkən mən əsasən tarixi mövzulara, eləcə də coğrafiyaya, digər elm sahələrinə çox müraciət edirəm, çünki mənim əsərləri çəkməyim elmsiz mümkün deyil. Mən rəssamlığı oxuduğum vaxtlarda da xalq qəhrəmanlarının rəsmlərini çəkdiyimiz zaman, dünya tarixindən müxtəlif mövzular işlədiyimiz vaxt bizdə tarixi bilmək zərurəti yaranırdı. Bu da yavaş-yavaş məndə tarix elminə maraq oyatdı və sonradan universitetə elə tarix ixtisası üzrə qəbul olundum. Tarix elmini bilmək mənə rəssamlıq sənətini daha dərindən öyrənməyə kömək edir.

- Taxta üzərində yandırma üsulu ilə çəkilən əsərləriniz də az deyil. Bu texnikanın üstünlüyü və çətinliyi nədədir?

- Üstünlüyü ondadır ki, yandırma üsulu ilə çox maraqlı alınır. Çətinliyi isə: karandaşla işləməkdən fərqli olaraq bu texnika ilə rəsm çəkərkən səhv etdikdə pozmaq imkanı olmur. Yəni çəkdiyini düzəltmək imkanı olmadığı üçün bu cür işləməyin məsuliyyəti daha böyükdür, gərək daha diqqətli olub heç bir səhvə yol verməyəsən. Allaha şükür, bu günə kimi səhvlərlə üzləşməmişəm. Düzdür, xırda səhvlər olur, ancaq onları düzəltmək mənim üçün rahat olur. Ştrixlərlə, yandırma formaları ilə o səhvləri itirirəm. Bu üsulla rəsm əsərini çəkməyə ölçülərindən asılı olaraq 1 və ya 2 gün vaxt sərf edirəm.

Vüsal Cabbarovun çəkdiyi rəsmlər
© Sputnik / Rahim Zakiroghlu
Vüsal Cabbarovun çəkdiyi rəsmlər

- Çəkdiyiniz əsərlərinizi sərgiləmisinizmi?

- Xeyr. Çünki istəyirəm ki, əsərlərimin sayını çoxaldım, mövzu genişliyi çox olsun. Gələcəkdə elə bir planım var. Ancaq hələlik rəsmlərin üzərində işləyirəm. Yaxın gələcəkdə, inşallah, imkan olsa, sərgi keçirəcəyəm.

- Hansı janrlara üstünlük verirsiniz?

- Müxtəlif janrlarda mövzuları işləyirəm. Amma mənə ən çox müraciət olunan portret janrıdır, ona görə də mən tələbatı nəzərə alıb daha çox portret işləyirəm. Lakin buna baxmayaraq, digər janrlara da müraciət edirəm.

- Əsərlərinizdən heç satmısınızmı?

- İndiyə kimi hansı mövzuları işləmişəmsə, onların heç birini satmamışam və elə bir fikrim də olmayıb. Çünki elə əsərlərim var ki, fikirləşirəm ki, əgər satsam, onlar üçün darıxacağam. Çox doğmadırlar mənə. İşlədiyim mövzular sırf yaradıcı iş olduğu üçün kommersiya barədə düşünmürəm. Mən ancaq sərgi üçün işləyirəm.

- Vüsal müəllim, siz həm də "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün müraciət etmisiniz. Hansı bacarığınızla diqqəti cəlb etmək fikrindəsiniz?

- Mən "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün gözübağlı şəkildə xəritə çəkmək bacarığımla müraciət etmişəm. İnşallah, "Rekordlar Kitabı"na düşsəm, növbəti dəfə sürətli rəsm çəkmək bacarığımla müraciət edəcəyəm.

Əlaqədar

Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb
“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır
Yeməli olmadıqlarına inanmaq mümkün deyil – Şəkili rəssamdan milli yeməklərin maketləri
Teqlər:
fərqli istedad, "Ginnesin Rekordlar Kitabı", Lənkəran, müəllim, rəssam

Əsas mövzular