CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı son onilliklərin ən böyük dəyişikliyi ərəfəsində, paytaxt "kiçiləcək"

Abunə olmaq
Bakının dörd rayonunun birləşdirilməsi təklifi Prezident Administrasiyasına göndərildi

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Sosial şəbəkələrdə Bakının dörd rayonunun birləşdiriləcəyi barədə məlumat yayılıb. Məlumata görə, paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları birləşdirilərək Mərkəzi rayon yaradılacaq. Xatırladaq ki, bu məsələ dörd ay öncə də gündəmə gəlmişdi. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə belə bir təkliflə çıxış etmişdi. Elbay Qasımzadənin təklifində paytaxtın tarixi mərkəzinin sərhədlərinin müəyyənləşməsi, Bakının tarixi mərkəzləri əsasında xüsusi ərazi vahidinin yaranması məsələsi öz əksini tapmışdı. Bunun üzərindən xeyli müddət keçsə də, hələki Mərkəzi rayonun yaradılmasından bir səs-soraq yoxdur.

Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən E. Qasımzadə artıq təklifin Prezident Administrasiyasına təqdim olunduğunu söyləyib. O, bildirib ki, burada məqsəd Bakının tarixi mərkəzinin qorunub saxlanılmasıdır. Təklif müəllifi deyir ki, bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb: "Bunlar Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarıdır. Nə qədər bu rayonlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif etdim ki, sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon təcrübəsi başqa paytaxtlarda da var. Buna misal kimi Moskvanı göstərmək olar. Biz də bu təcrübədən istifadə etsək, paytaxtın tarixi mərkəzini qoruyub saxlaya bilərik".

Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağır qəza paytaxta gələn əsas yollardan birini bağlayıb

E. Qasımzadə bildirir ki, Yeni Yasamalla Bakının tarixi mərkəzinə tələblər eyni ola bilməz. Həmsöhbətimizin qənaətincə, paytaxtda tarixi qədim olan tikililərin yanında yeni şüşəli binaların inşası, qədim memarlıq tərzi ilə uyğunlaşmır: "Bakıda 19-cu əsrlərin axırında tikilən binaların yanından keçərkən, 20-ci əsrin ortalarında tikilən binalara yaxınlaşanda biz hiss etmirik ki, başqa bir dünyada başqa bir zəmanəyə gəlib çıxmışıq. Yəni bu tikililər biri-biri ilə vəhdət yaradıb. Bakının üstünlüyü də bundadır. Başqa tarixi şəhərlərə, məsələn, Avropanın mərkəzinə, paytaxt şəhərlərinə baxanda görürük ki, köhnə şəhərlər olduğu kimi qalıb, yanında isə onlara oxşamayan, uyğunlaşmayan, nə memarlıq tərzi ilə, nə də miqyası ilə uyğun gəlməyən, yeni-yeni şüşədən binalar tikilib. Mən həmin görüşdə belə bir təkliflə çıxış etdim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşsin və onu Bakı Şəhər İcra Hakimiyyəti tərkibində ayrıca mərkəzi rayon kimi qəbul etsinlər. Prezident yekun çıxışında bu təklifə daha çox vaxt sərf etdi, artıq müvafiq göstərişlərini də verdi. Çox təəssüf ki, bizim şəhərimizin tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib. Halbuki, Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir".

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə Sputnik Azərbaycana-a bildirilib ki, hələki bu məsələ ilə bağlı yenilik yoxdur: "Bizə Bakının dörd rayonun birləşdirilərək Mərkəzi rayon yaradılması ilə bağlı hər hansı tapşırıq verilməyib. Məsələ bu gün müzakirə edilmir".

Xəbər lenti
0