CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyatın küsdürdüyü körpələrin sığındığı evdən dəhşətli qeydlər

© Sputnik / Nigar IskanderovaSığınacağın körpə sakinləri
Sığınacağın körpə sakinləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il sığınacağa yerləşdirilən uşaqlardan biri doğma atası tərəfindən seksual zorakılığa məruz qalıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 avqust  — Sputnik. Qonaq olduğumuz ev bu dəfə tamamilə fərqli idi. Buranın aurası, istiliyi adamı özünə çəkirdi. Amma bu evin balaca sakinlərinin gözündə kədər, iztirab, həsrət sezilirdi. Evin sahibəsi - Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, bu uşaqlar ata-anaları üçün darıxmadıqlarını desələr də, hər birinin qəlbinin dərinliyində böyük ana-ata sevdası var...

© Sputnik / Nigar IskanderovaKəmalə Ağazadə
Həyatın küsdürdüyü körpələrin sığındığı evdən dəhşətli qeydlər - Sputnik Azərbaycan
Kəmalə Ağazadə

Sputnik Azərbaycan-ın əməkdaşını bu sığınacaqda qonaq edən Kəmalə xanım deyir ki, burada həm diləndirilən uşaqlar, həm də tipik ailənin övladları məskunlaşıb. Amma əvvəl yaşadıqları mühitdən fərqli olaraq, onlar burada nə kinayəli baxışlar görür, nə təhqir-böhtan eşidir, nə də zorakılığa məruz qalırlar.

Son zamanlar sığınacağın əsas simasına çevrilən 7 yaşlı Xatirə bizə 4-5 il ərzində çəkdiyi zillətdən, ailənin yükünü balaca çiyinlərində necə daşıdığından danışır:

"Anam məni döyürdü, diləndirirdi. Özləri evdə oturur, məni isə pul qazanmağa göndərirdilər. Anam deyirdi ki, get pul gətir, sonra gedək yemək yığaq, yemək gətirək. Mən heç yemək də yemirdim. Küçələrdə ac gəzirdim".

© Sputnik / Nigar IskanderovaXatirə
Həyatın küsdürdüyü körpələrin sığındığı evdən dəhşətli qeydlər - Sputnik Azərbaycan
Xatirə

O, ilk dəfə pul qazanmaq üçün neçə yaşından küçələrə düşdüyünü dəqiq xatırlamır. Amma o günlər qızcığazın yaddaşında dərin iz buraxıb: "Lap çoxdan pul qazanmaq üçün evdən gedirdim. Onda heç danışa da bilmirdim. Çox balaca idim".

Dediyinə görə, pul qazanmağa təkbaşına gedirmiş və qazandığı puldan ona pay çatmırmış.

"Yadımdadır, bir dəfə anam nəyəsə görə mənə əsəbiləşərək əlimi yandırmışdı. Mənə deyirdilər ki, get çoxlu-çoxlu pul qazan. Məni evdə çox incidirdilər. Anam-atam məni söyürdü, mənə dəli deyirdilər. Atamla anam məni çox döyürdülər", - Xatirə deyir.  

"Evə ən çox nə qədər pul aparmışdın" - sualına Xatirə iki ovcunu açaraq "çoox" cavabını verir: "Çoxlu-çoxlu pul aparırdım. Bax belə, əlim dolu, cibim dolu. Amma nə qədər olduğunu bilmirdim. Bura gətirilməyim yadımdadır. Bir gün polis məni tutub bura gətirdi, sonra başımı qırxdılar, elə mən də o vaxtdan gözəlləşdim". Kəmalə xanımın dediyinə görə, Xatirə bura gələndə çox bərbad, baxımsız görkəmdə olub: "Çirkli, əyin-başı cırıq-cırıq, başı bitli".

© Sputnik / Nigar IskanderovaXatirə və Kəmalə Ağazadə
Həyatın küsdürdüyü körpələrin sığındığı evdən dəhşətli qeydlər - Sputnik Azərbaycan
Xatirə və Kəmalə Ağazadə

"Mən yenidən ora, o küçələrə gedə bilmərəm. Çox qorxuram", - deyə Xatirə bir anlıq köhnə, heç də xoş olmayan xatirələrini yada salır. Gözlərinin bərk-bərk qırparaq sanki keçən günləri göz önündən qovmaq istəyir. 

Kəmalə Ağazadə deyir ki, Xatirə kimi uşaqlar sığınacağa gətirildikdə, onlarda yuxusuzluq müşahidə edilir. Bunun səbəbi, valideynlərinin uşaqların yuxu rejiminə məhəl qoymaması, onlara "get gətir" prinsipi ilə yanaşmasıdır. 

Sığınacağın sakinləri tərəfindən "mama" deyə çağırılan Kəmalə xanım Xatirə ilə bağlı bir hadisəni yadından çıxarda bilmədiyini deyir:

"Onun başının qırxılması anı heç zaman yadımdan çıxmır. Biz uşağın başını qırxmazdan öncə ondan icazə aldıq. O isə təklifimizi sevərək qəbul etdi. Amma hiss olunurdu ki, əvvəllər bu qızın başını razılığı olmadan, məcburi şəkildə qırxıblar. Xatirənin burda olduğu ilk günün sabahı işə gələndə qapıda ilginc bir mənzərə ilə qarşılaşdım. Xatirə həyəti süpürürdü. Onda anladım ki, bu uşaq təkcə diləndirilmirdi. İndi Xatirənin anasının, atasının harada olduğunu bilirəm. Amma onlar ortaya çıxmırlar. Bilirlər ki, uşağa verdikləri cəzanın bədəlini ağır ödəyəcəklər".

Ağazadənin sözlərinə görə, buradakı uşaqların valideynləri iddia edirlər ki, onları diləndirməyiblər, özləri evdən qaçıb: "Bizə deyirlər ki, uşağı evdə saxlaya bilmirdik, qaçırdı. Bəs, Xatirə buradan niyə qaçmır? O, heç bu barədə fikirləşmir də".

© Sputnik / Nigar IskanderovaSığınacağın sakinləri
Həyatın küsdürdüyü körpələrin sığındığı evdən dəhşətli qeydlər - Sputnik Azərbaycan
Sığınacağın sakinləri

Xatirə bu il məktəbə getməyə hazırlaşır. Amma onun heç bir sənədi yoxdur. Təxmin edilir ki, 7 yaşı var. Kəmalə xanım onun məktəbdə birinci olacağına əmindir: "Buradakı dərslərdə hamıdan çox fəallıq göstərir. Sonra da deyirlər ki, bizim o qrupdan, yəni Roma qaraçı qrupundan gözləntilərimiz yoxdur".

Roma qrupundan olan bu qaraçı uşaqlarının sifətindəki dəyişikliklər də gözümüzdən qaçmır. Sığınacağın rəhbəri deyir ki, onlar burada, normal mühitdə qaldıqca dəyişirlər.

Bura sığınacaqdan çox bir evə, ailəyə bənzəyir. İsti xörəklərin qoxusu, uşaqların çığırtısı, qəh-qəhəsi, şeir deyib, mahnı oxumaları, bir-birlərini əzizləmələri də diqqətdən yayınmır.

İkimərtəbəli kübar evi gəzib uşaqların yatdıqları, oynadıqları və yeyib-içdikləri otaqlarla tanış olduq. Bu müddətdə Kəmalə xanım Azərbaycan Uşaqlar Birliyi və onun nəzdindəki bu sığınacaq barədə məlumat verir: "Azərbaycan Uşaqlar Birliyi olaraq 2000-ci ildən etibarən küçə uşaqları ilə işləməyə başladıq. Küçə uşaqları deyərkən, o zaman biz çox böyük bir ordu ilə qarşılaşdıq. Nəinki Bakıda, bölgələrdə də bənzər mənzərə müşahidə edilirdi. Söhbət təkcə Roma qrupundan olan qaraçı balalarından getmir. Biz eyni zamanda digər uşaqların da istismarı, zorakılıqla üzləşməsi faktları ilə qarşılaşdıq. Çox ürəkağrıdan mənzərələr gördük. O uşaqlar təhsildən yayınmış, sağlamlıqlarında isə kifayət qədər problemlər aşkarlanmışdı. Bu uşaqların sağlamlığında olan problemlərin aradan qaldırılması, ailələrinə bərpası, təhsilə cəlb edilməsi ilə bağlı gördüyümüz işlər xeyli vaxt aldı. Xatirə kimi buradakl digər uşaqlar da uşaq əməyinin isitismarına məruz qalıblar".

Ağazadənin sözlərinə görə, 2015-ci ilədək yalnız küçə uşaqlarını qəbul ediblər. Lakin sonradan fəaliyyətlərini həm də zorakılıq qurbanı olan uşaqlara yönəldiblər. İstismar olunan bu uşaqlara qarşı cisni zorakılıq faktları da aşkarlanıb. Küçə həyatı yaşayan kiçik uşaqlar özlərindən böyük olanlar tərəfindən cinsi zorakılığa məruz qalıblar.

"Bura gətirilən qızcığazlardan biri deyirdi ki, küçədə onun sinəsinə toxunur, cinsi zorakılıq edirdilər. Bu gün Azərbaycanda pedofiliyanın olması çox təəssüfləndirici haldır. Kimsə bunu xəstəlik adlandırsa da, mənə görə, pedofiliya cinayətdən başqa bir şey deyil. Belə şəxslərə sadəcə 15 il cəza verilməsi düzgün deyil", - deyə həmsöhbətimiz əlavə edir.

Kəmalə xanım qarşılaşdığı digər acınacaqlı mənzərələri yada salır: "Bir dəfə bura bir qız gətirilmişdi. Biz o qızın qaldığı evlə də tanış olduq. Təsəvvür edin, balaca çarpayıda ata, qız və oğul birgə yatırdı. Onda mən and içdim ki, nə olur olsun, orada bir şeyin baş vermədiyinə inana bilmirəm".

© Sputnik / Nigar IskanderovaSığınacağda yaşayan uşaqların yataq otağı
Həyatın küsdürdüyü körpələrin sığındığı evdən dəhşətli qeydlər - Sputnik Azərbaycan
Sığınacağda yaşayan uşaqların yataq otağı

"O qızın başı yara-yara idi. Yaralar deşik kimi olmaqla dərinin dərinliyində də özünə sanki bir yuva qurmuşdu. O yuvalar artıq irinləmişdi. Qızın dərisinin altında bitlər də vardı. O cür soyuq havada başı qırxıldıqca üzərinə isti su axıdılan qızın fəryadı heç vaxt mənim qulağımdan getməyəcək. Qız dizlərini yerə qoyaraq deyirdi ki, qırxın mənim başımı, canımı bu dərddən qurtarın. Həmin qızın o zaman dediyi bir söz yadımdan çıxmaz: ay ana, niyə öldün, niyə mən bu hala düşdüm? Anaları dünyalarını dəyişmişdi. Bu halına görə, hətta o qızı qınayanlar da oldu. Dedilər ki, 14-15 yaşlı bir qız uşağı artıq özünə baxmalı idi. Nə ilə, necə? Onların vəziyyətləri o qədər bərbad idi ki, təsəvvür belə edə bilməzsiz. O qız sonradan əmisinin himayəsinə verildi, bir müddət keçəndən sonra isə ailə həyatı qurdu, 19 yaşında.", - deyə K.Ağazadə əlavə edib.

Sığınacağın sahibi zorlanma ilə seksual təhriklər arasında elə də ciddi fərq görmür. Ötən il sığınacağa yerləşdirilən uşaqlardan biri doğma atası tərəfindən seksual zorakılığa məruz qalıb:

"Qızın 7 yaşı vardı. Məhkəmə prosesi davam etdikcə, mən o uşağı izləyirdim. Onun hislərini anlamağa çalışırdım. Elə həmin anda özümü onun yerinə qoyaraq duyğularını yaşadım. Bu mənzərədən o qədər təsirlənmişdim ki, hətta həmin qızcığazla bağlı kiçik bir yazı yazmaqla sanki onun cildinə girdim. O uşağın baxışlarında bir qorxaqlıq vardı. Bu, mənim üçün özünü islatmış bir uşağın duyğuları idi. Hansı ki, o, qəfəsə baxaraq qorxurdu. Onun atasına 14 il iş verdilər".

Hər il təxminən 200-dək uşağın yolu bu sığınacaqdan keçir. Eləsi olur ki, 2-3 günlük bu evin qonağı olur. Amma eləsi də var, artıq uzun illərdir, bu sığınacaqda məskunlaşıb. Onların 34-ü Kəmalə Ağazadənin qəyyumluğundadır: "Bu uşaqların yenidən ailələrinə qaytarılma şansları varsa, bunu edirik. Əgər bu hal mümkün deyilsə, sənədləri olan uşaqları uşaq evlərinə göndəririk".

Ən acınacaqlı halda saxlanılan körpələrdən biri isə Uğur olub: “Uğur bura gələndə 4 aylıq idi, anası ondan imtina etmişdi. Onu bir dayənin sevgilisi bizə təhvil vermişdi. Belə məlum olub ki, kafelərin birində ana ilə dayənin sevgilisi arasında bir sövdələşmə olub. Ana gələn-gedənə deyirmiş ki, götür bu uşağı apar, mənə lazım deyil. Bir gün sürücü olan şəxs günə 15 manat qarşılığında bu uşağı götürməyə razılıq verir və baxmaq üçün körpəni sevgilisinin yanına aparır. Təxminən 10 gündən sonra o uşağı polis vasitəsilə götürdük. Ana ilə də görüşdük. O dedi ki, uşaq mənə lazım deyil, istəmirəm. Dedim, bax, zaman gələcək, sən o uşaq üçün ağlayacaqsan. Buna baxmayaraq o yenə də yumşalmadı".

© Sputnik / Nigar IskanderovaUğur
Həyatın küsdürdüyü körpələrin sığındığı evdən dəhşətli qeydlər - Sputnik Azərbaycan
Uğur

"Uğuru bura gətirən günü o çox ağır idi. Ona o qədər "cici-bəbə" yedizdirmişdilər ki, uşaq qaytarırdı, boğulurdu. O, çirk-pas içində idi. Bizim Uğuradək sığınacağımızda belə balaca körpə olmadığından, uşaqlar onu görəndə çox sevinmişdilər. Uğur gələn günün səhəri gördüm ki, bütün uşaqlar çarpayının ətrafına toplaşıb deyirlər "qaqaşımız gəlib", - deyə Ağazadə əlavə edib. 

Sığınacağın rəhbəri onu da bildirib ki, buradakı uşaqların əksəriyyəti qeyri-qanuni nikahdan doğulanlardır. Amma tipik ailələrdən olanlar da var.

Kəmalə xanım sığınacağın digər bir sirrini də bizimlə bölüşür: "Olur ki, gecələri də burada qalıram. Burada qalmağım üçün hər şərait var. Amma məndən başqa, burada gecə-gündüz də qalanlar var. Bir aşpazımız var, o da sığınacaqda uşaqlarla qalır. Həmin qadın özü də vaxtilə zorakılıq qurbanı olub. O, ortalıqda qalmışdı. Qadını görəndə həqiqətən də şoka düşmüşdüm. Onun sanki ruhu uçmuşdu, 10 gündə heç kəslə qaynayıb qarışmadı. Sən demə, 15 il imiş ki, bu qadının övladı olmurmuş. Ailəli olduğu müddətdə qadını sonsuzluqda günahlandırıblar. Bu söz-söhbətlərə dözməyən qadın ayrılmağı qərara alıb. Keçmiş ərinin indi də uşağı olmur. Amma qadın qeyri-rəsmi nikahdan hamilə qalır və həkimlərin xəbərdarlığına baxmayaraq, xəstə doğulma ehtimalı olan övladını dünyaya gətirməyə qərar verir. Kişi isə şərt qoyur ki, əgər xəstə uşaq dünyaya gətirsən, mən yanında olmayacağam. Beləcə "ata" onları atıb gedir. Qadın bura gələndə 5 aylıq hamilə idi. 6 aylıq hamilə olanda isə onun körpəsi doğuldu. O uşaq böyük riskdən sonra həyata qaytarıldı. Döğulanda dırnağı belə formalaşmamışdı".

Sığınacağın balaca sakinləri isə bizə gah onları incidən analarından danışırlar, gah da otaqda şəkillərini gördükləri tısbağadan, yaxud da onların dili ilə desək "tiqr"dan. Hələ ki, bu sığınacaqda öz uşaqlıqlarını yaşayırlar. Görəsən, illər onlara keçmişin ağrı-acılarını, iztirablarını unutdura biləcəkmi?!

Xəbər lenti
0