CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bəzi küçə və prospektlərində sarı zolağa girişə icazə veriləcək - Açıqlama

© AZƏRTACBakı yollarında sarı zolaq
Bakı yollarında sarı zolaq - Sputnik Azərbaycan
Abunə olmaq
V.Əsədov Neftçilər prospektində -Əziz Əliyev küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində hərəkətin polis tərəfindən tənzimlənəcəyini, ehtiyac olarsa bu yolda sürücülərə sarı zolağa daxil olmağa icazə veriləcəyini söyləyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Bakının bəzi küçə və prospektlərində sarı zolağa girişə icazə veriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O, bildirib ki, paytaxtda hərəkətin yol polisləri tərəfindən tənzimləndiyi küçə və prospektlərin bəzilərində ehtiyac yarandığı zaman avtomobillərin sarı zolağa daxil olması mümkün olacaq: "Paytaxtda elə küçə və prospektlər var ki, "Baku 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar sıxlıq müşahidə olunduğu təqdirdə həmin yollarda avtomobillərin sarı zolaqla hərəkətinə icazə veriləcək. Amma sürücülər özləri mövcud nişan olmadıqda sarı zolağa daxil ola bilməzlər. Ancaq polisin icazəsi ilə sarı zolaqda nişanı olmayan avtomobillərin hərəkətinə icazə verilə bilər. Bəzən sürücülər polis icazə verdiyi halda da sarı zolağa daxil olmaqdan çəkinirlər ki, onlar kameraya düşərək cərimələnəcəklər. Nəzərə alsınlar ki, polisin hərəkəti tənzimlədiyi küçələrdə sarı zolaqda hərəkətə icazə verilərsə, sürücülər bundan çəkinməsinlər. Kamera görüntülərində hərəkətin sarı zolağa polisin icazəsi ilə tənzimləndiyi görünür və o sürücülər cərimə olunmur".

V.Əsədov Neftçilər prospektində - Əziz Əliyev küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində hərəkətin polis tərəfindən tənzimlənəcəyini, ehtiyac olarsa bu yolda sürücülərə sarı zolağa daxil olmağa icazə veriləcəyini söyləyib. O, bunu həmin yolda hərəkətin intensiv olması ilə izzah edib.

V.Əsədov həmçinin bəzi kommunal qurumların avtomobillərinə, eləcə də "London TX-4" taksilərinə də sarı zolağa daxil olmaq üçün Təşkilat Komitəsi tərəfindən icazə verildiyini söyləyib: "Ötən oyunlarda bu avtomobillərin sarı zolağa daxil olması insanlar arasında çaşqınlığa səbəb oldu. Hətta taksi sürücülərinə sarı zolağa giriş üçün nişanların satıldığına dair iddialar da səsləndi. İndi də ola bilər ki, kimsə sarı zolaqda "London TX-4" taksilərinin və məişət tullantıları daşıyan avtomobillərin hərəkətini görüb bu icazənin həmin avtomobillərə niyə verildiyini düşünsün. Bir daha sürücülərə xatırladırıq ki, bu nişanları həmin avtomobillərin təyinatı üzrə fəaliyyətinin vacibliyini nəzərə alaraq Təşkilat Komitəsi verir. Sürücülər bu məsələdə diqqətli olsunlar. "London TX-4" taksilərin və yaxud digər kommunal avtomobillər sarı zolaqla hərəkət etdikdə, onların arxasına düşüb onlar da bu zolağa girməsinlər. Əks halda cərimələnəcəklər".

Xatırladaq ki, bu gündən "Baku 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib. Sarı zolaq qadağası iyul ayının 28-i gecə 00:00-dək davam edəcək.

Xəbər lenti
0