CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşıq üzünə həsrət qalanlar qaranlığa görə pul ödəyirlər

© Sputnik / Musa MuradliBərdə rayonu Qaradəmirçi kəndində qəzalı vəziyyətdə olan elektrik transformatoru
Bərdə rayonu Qaradəmirçi kəndində qəzalı vəziyyətdə olan elektrik transformatoru - Sputnik Azərbaycan
Abunə olmaq
"Saatlarla, günlərlə işığın yanmasını gözləməli oluruq. Yaranmış duruma görə sözümüzü kimə, haraya deyəcəyimizi də bilmirik"

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Bərdə rayonunun Qaradəmirçi kəndində qəzalı vəziyyətdə olan elektrik xətləri hər an təhlükə mənbəyi olaraq qalır. İyunun əvvəlində 10 000 voltluq elektrik xəttinin qırılıb evlərə gedən məftillərin üzərinə düşməsi bir neçə kənd sakininə baha başa gəlib - onların istifadəsində olan sayğacların sıradan çıxmasına səbəb olub.

© Sputnik / Musa MuradliBərdə rayonu Qaradəmirçi kənd sakini İsrafil Paşayev
 İşıq üzünə həsrət qalanlar qaranlığa görə pul ödəyirlər - Sputnik Azərbaycan
Bərdə rayonu Qaradəmirçi kənd sakini İsrafil Paşayev

Kənd sakini İsrafil Paşayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, yeni təqdim olunan işıq pulu bildirişində ona əlavə məbləğ hesablanıb: "İyunun əvvəlində yağış yağdı. Güclü külək əsdi. Axşamdan işıqlar söndü. Ertəsi gün xətləri qoşanda 10 000-lik xətt qırılaraq evlərə gələn naqillərin üzərinə düşdüyünə görə bizə məxsus sayğac yandı. Sayğacla bərabər elektrik dirəyi də alışdı. Həmin vaxt evdə olmadığımdan yanğını qonşularımız söndürüblər. Sayğac da tam yararsız hala düşmüşdü.  Bərdə Elektrik Şəbəkəsinə müraciət edəndən sonra sayğacı dəyişdilər. Bu hadisə Bərdə Elektrik Şəbəkəsinin günahı ucbatından baş verdiyi halda, yeni sayğacın quraşdırılma xərclərini mənim hesabıma yazıblar".

İsrafil Paşayev adıçəkilən qurumun qanunsuz əməlinə qarşı addımlar atacağını da bildirib.

"Çalışacam ki  haqsız olaraq Bərdə Elektrik Şəbəkəsinin yazdığı artıq məbləğin ləğvinə çalışım. Bərdə Elektrik Şəbəkəsi, ondan yuxarı - "Azərenerji" - baş vermiş qanunsuzluğu aradan qaldırmasalar, Baş Prokurorluğa, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə qanuni hüquqlarımdan istifadə edib, şikayətimi yazacam", - İ.Paşayev deyib.

O, ərazidəki elektrik təsərrüfatında mövcud problemlərdən də danışıb: "Evlərə gedən elektrik xətlərini 10 000 voltluq xəttin altından çəkiblər. Təhlükəsizlik qaydalarına görə, bu, tam qanunsuzluqdur. Belə bir xətt çəkilişi qəti qadağandır. Transformatorlar da olduqca bərbad haldadır. Heç birində ayırıcı yoxdur. Transformatorun içərisində lazımi avtomatlar da mövcud deyil".

© Sputnik / Musa MuradliBərdə rayonu Qaradəmirçi kəndində qəzalı vəziyyətdə olan elektrik xətləri
 İşıq üzünə həsrət qalanlar qaranlığa görə pul ödəyirlər - Sputnik Azərbaycan
Bərdə rayonu Qaradəmirçi kəndində qəzalı vəziyyətdə olan elektrik xətləri

Mövcud çatışmazlıqlar barədə müsahibimiz  4-5 ay əvvəl Bərdə Elektrik Şəbəkəsinə şikayət xarakterli müraciət etdiyini və şəraiti əks etdirən fotoşəkillər göndərdiyini deyir.  Buna cavab olaraq kənd ərazisində görülən tədbir isə İsrafil Paşayevin evi ilə yolun kənarındakı 50 metrlik məsafədəki açıq naqilin kabellə əvəz edilməsindən ibarət olub. Ümumi olaraq Qaradəmirçi kəndindəki elektrik təsərrüfatındakı nöqsanlar isə aradan qaldırılmayıb.

Kəndin digər sakini Ramiz Nəsirov qonşusunun sözlərini təsdiqləyir: "Elektrik xətləri pis vəziyyətdədir. Bir balaca meh olanda, yağış yağanda işıqlar sönür. Hələ güclü külək, leysan yağışlar  yağanda iflic olmasını demirəm. Saatlarla, günlərlə işığın yanmasını gözləməli oluruq. Yaranmış duruma görə sözümüzü kimə, haraya deyəcəyimizi də bilmirik. Çünki Bərdə Elektrik Şəbəkəsinə özlərinin yarıtmaz işlərindən şikayətlənməkdən artıq yorulmuşuq".

Высоковольтные линии электропередач - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yenidən qaranlığa qərq ola bilərikmi - "Azərenerji" və "Azərişıq” cavablandırır

"Yanğın təhlükəsi yaradır. 10 000-lik xətlərin üzərindən keçdiyi ağacların qol-budağı təmizlənmədiyindən yağış yağanda qısaqapanmadan transformatorları partladır. Yaxınlarda bizim evin yanındakı ağac alışıb, yandı. Az qaldıq ki, yanğınsöndürənlərə zəng edək. Demək olar ki, elektrik xətlərinə düzgün qulluq göstərilmədiyindən həm təhlükəli olur, həm də işıqlar tez-tez sönür", - deyə Ramiz Nəsirov vurğulayıb.

O da yüksək gərginlikli elektrik xətti ilə evlərə gedən naqillərin bir dirəyə bağlanmasını düzgün saymır: "Yüksək gərginlikli xəttin evlərə gedən naqillərlə birləşməsi səbəbindən kəndimizdə xeyli sayğac yandı. Məişət avadanlıqları sıradan çıxdı. Evimdəki soyuducu da həmin gün baş vermiş qəzanın qurbanı oldu".

Digər kənd sakinləri Asəf Həsənov, Eyvaz Quliyev də deyilənləri təsdiq edərək, elektrik xətlərini kənd sakinləri üçün labüd təhlükə mənbəyi adlandırıblar. Bərdə Elektrik Şəbəkəsinin rəhbərliyini insanların həyatına laqeyd münasibət göstərməkdə qınayıblar.

© Sputnik / Musa MuradliBərdə rayonu Qaradəmirçi kəndində qəzalı vəziyyətdə olan elektrik xətləri
 İşıq üzünə həsrət qalanlar qaranlığa görə pul ödəyirlər - Sputnik Azərbaycan
Bərdə rayonu Qaradəmirçi kəndində qəzalı vəziyyətdə olan elektrik xətləri

Bərdə Elektrik Şəbəkəsinin baş mühəndisi Sahib Abbasovla söhbət zamanı məlum olub ki, onlar kənd sakinlərinin dediklərindən xəbərdardırlar. Ancaq mühəndisin sözlərinə görə, deyilən nöqsanların aradan qaldırılması üçün Bərdə rayonunun işıq təsərrüfatlarının yenidən qurulması layihəsini gözləmək lazımdır. Layihəyə görə, Bəcirəvan yarımstansiyası qurulmaqla bir neçə kəndin, o cümlədən Qaradəmirçinin də işıq sistemi yenisi ilə əvəz olunacaq. Transformatorlar və bütün xətlər yenilənəcək. Amma layihənin nə vaxt icra olunacağı bilinmir. Kənd sakinlərinin həyatı üçün labüd təhlükə isə icra olunacaq layihəni gözləmir. İstənilən anda, sakinlərin özlərinin dediyi kimi, hər hansı bir şəxs təhlükənin qurbanı ola bilər.

Qaradəmirçi kənd sakini İsrafil Paşayevin ödəmə bildirişinə yazılan əlavə pula da Bərdə Elektrik Şəbəkəsinin baş mühəndisi aydınlıq gətirdi. 

Bərdənin Mustafaağalı kəndində elektrik dirəkləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bərdədə işığa cavabdeh adam dəyişdi
Məlum oldu ki, İ.Paşayevə hesablanan 75 manat əlavə sayğac dəyişdirilməsinə görədir. Məsələnin mahiyyətini dəqiqləşdirmək isə mümkün olmadı. Bərdə Elektrik Şəbəkəsinin müdiri özünün ilk iş günündə məsələnin araşdırılması üçün şərait yaratmaq əvəzinə müxbiri otağından çıxardı. ""Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdən soruşun", - dedi.

"Məsləhət"ə əməl edib sualımızı "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə ünvanladıq. O, bildirdi ki, araşdırma üçün təşkilatın elektron poçtuna hadisənin təfərrüatı barədə məktub göndərilməlidir. Operativ olaraq araşdırılıb cavab veriləcək.

Ancaq elektron poçta göndərilən məktubları da elə Qaradəmirçinin yanıb qaralan elektrik naqillərinin taleyi gözləyirmiş - bir səs-soraq yoxdur. Heç mətbuat xidmətindən də məlumat əldə etmək mümkün olmayıb. 

Xəbər lenti
0