01:29 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1060 0 0

Hüquqşünas varisi tapıb, anlaşır, sığorta pulunun yarısını isə öz cibinə qoyur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 01 iyul — Sputnik. İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov mətbuata açıqlamasında Azərbaycanda yeni qəbir axtaran hüquqşünasların peyda olduğunu söyləyib. O bildirib ki, həmin hüquqşünaslar yeni qəbirlərdə olan şəxsin qəzada öldüyünü bilən zaman onun varislərini tapır, onlarla anlaşma əldə edir və İcbari Sığorta Bürosundan pulu aldıqdan sonra yarısını varisə, yarısını isə öz ciblərinə qoyurlar.

 Rəşad Əhmədov deyib ki, insanların bu vəsaiti almaq haqqı var: "Bizim dediyimiz odur ki, insanlar bu vəsaiti özləri alsınlar, bu, onların qanuni haqqıdır. İstəyirik ki, arada şəxslər olmasın".

Sputnik Azərbaycan mövzunun oxucu marağına səbəb olduğunu nəzərə alaraq məsələni araşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında belə halların olduğunu təsdiqləyib. Lakin ekspert yol qəzalarında ölən şəxslərin varislərinə çatacaq sığortanı əldə etmək üçün qəbir axtaran hüquqşünasların sayının elə də çox olmadığını, bu halın kütləvi xarakter daşımadığını söyləyib.

Ə. Hüseynov öncə yol-nəqliyyat hadisələri zamanı ölən şəxsin varisinə sığorta pulunun hansı hallarda verilməsi məsələsinə aydınlıq gətirib. 

Hüquqşünas deyib ki, yol qəzalarında ölənlərin hamısının varisinə sığorta ödənilmir: "Qəza sığortası o şəxslərin varislərinə ödənilir ki, onların ölümündə sürücünün günahı olsun. Yəni kimsə maşını ağaca çırparaq ölübsə, həmin şəxsin varisinə sığorta düşmür. Mütləq şəxsin ölümü sürücünün günahı üzündən baş verməlidir. Əgər hər-hansı sürücü yolda hərəkətdə olan zaman digər avtomobillə toqquşursa və bu zaman onun içərisində olan şəxs dünyasını dəyişirsə, onda ölən şəxsin varisinə 5 min manat sığorta haqqı ödənilir. Hətta qəza zamanı sürücü hadisə yerindən qaçırsa, bu zaman da ölən şəxsin varislərinə sığorta şirkəti sığorta haqqını ödəməlidir. Yəni burada mütləqdir ki, qəzanın sürücünün səhvi üzündən baş verdiyi sübut olunsun. Əks halda ölən şəxslərin varislərinə sığorta haqqı ödənilmir".

Ə.Hüseynovun sözlərinə görə, tək-tək insanlar yol qəzalarında sığorta ödənişindən xəbərsiz olsalar da, əhalinin çoxu bu barədə məlumatlıdır: "Hətta bizə gəlib bunun üçün müraciət edənlər də olur. 

Yeni qəbir yeri axtaran hüquqşünasların olması hallarının isə kütləvi xarakter daşıdığına inanmıram. Çünki qəza baş verən zaman ölüm hadisəsi olursa, dərhal cinayət işi başlanılır. Hüquq-mühafizə orqanları ölən şəxsin varislərinə sığorta barədə məlumat verirlər. Ola bilər ki, hadisə barədə sığorta bürosu xəbərsiz olsun. Amma ölən şəxsin varisləri sığorta bürosuna müraciət edirlər. Bəzən elə hallar olur ki, hətta sığorta düşmədiyi halda ölən şəxslərin varisləri sığorta ödənilməsi barədə bizə müraciət edirlər".

"İflas, ölüm, bədən xəsarətləri zamanı Büro sığortasız tərəfin təminatıdır. Belə hallarla bağlı 2018-ci ildə 800 min manata yaxın təzminat ödənilib. İnsanların sığortaya inanması üçün davamlı tədbirlərin görülməsi lazımdır", - ekspert əlavə edib.

Əsas mövzular