21:58 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Narkoloji asılılıq

Ağır yolun yolçusu olan gənc qız: "Cəmiyyət bizi geri qazanmalıdır"

CC0 / Lechenie Narkomanii / Drug
CƏMİYYƏT
Qısa URL
114 0 0

"Narkotik sevdiyimi məndən aldığı üçün ondan xilas olmaq istəyirdim" - Narkoman qız

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Bu gün dünyada "sağalmaz" adlandırdığımız bəlalardan biri də narkomaniyadır. Son statistikalara nəzər yetirsək, Azərbaycanda da son illərdə narkomanların sayında artımın olduğunu görə bilərik. Belə ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2010-cu ildə ölkədəki narkomanların sayı 25 min 489, ötən il isə 31 min 432 nəfər olub.

Qəhrəmanımız, Narkoloji Dispanserdə müalicə alan 20 yaşlı Jalə Məmmədova (şərti ad) isə bu bəlaya 5 il öncə düçar olub. Narkotik ondan ən gözəl illərini alıb, yeniyetməlik yaşlarını yaşamağa imkan verməyib.

Onunla görüş üçün ilk dəfə otağına daxil olduqda məndə böyük bir çaşqınlıq yarandı. Axı narkoman bir qızla müsahibəyə hazırlaşarkən hələ də yeniyetmə, şən, gümrah görünən, gözəlliyi ilə də bəlkə də bir çox yaşıdlarını üstələyə biləcək bu qız niyə otağa daxil oldu, deyə düşündüm. Susqunluqdan sonra isə qəhrəmanımın məhz mənə əl uzadaraq qarşımda əyləşən qızcığaz olduğunu anladım. Bir anın içində onun həyat hekayəsini dinləmək kimi bir həvəs keçdi içimdən: o niyə narkoman olub?

  - Səni bu bəlaya düçar edən nə oldu?

- Bilirsiniz necədir, insanlar müxtəlif səbəblərdən narkotikə aludə olurlar. Kimisi uşaq ikən travma aldığı üçün, kimisi sevgisizlikdən, kimisi isə cəmiyyətə üsyan edərək bu yola ayaq basır. Mən isə sadəcə olaraq sevgisizliyə, cəmiyyətdə olan qınaqlara üsyan edərək narkoman olmuşam. O zamanlar ətrafımda istənilməyən, sevilməyən biri idim. Çox nifrət olunan biri olmasam da, tez-tez yaşıdlarım tərəfindən ələ salınırdım. Uşaqlar daim məndə nəsə nöqsan tapıb gülər, əylənərdilər. Amma onlardan fərqli olaraq valideynlərim tərəfindən hər zaman sevilmişəm.

- Ətrafda sevilməməyin səbəbi nə idi? Eqoistlik, ərköyünlük, ya...

- Mən 10 yaşımadək Bakıda böyümüşəm. Sonra valideynlərimin işi ilə əlaqədar olaraq Türkiyəyə getməli olduq. Türkiyədə yaşadığım müddət isə yeniyetməlik çağlarıma təsadüf etdi. Yeni birisi idim deyə onlarla ünsiyyət qurmaqda problemlərim yarandı, yaşıdlarım mən sevmədi. Çevrəmdə sevilməyən biri idim. O zamanlar çox sevdiyim bir şəxs də var idi, həmin oğlan narkotik aludəçisi idi. Məni “cici qız” deyə çağırardı. Narkotiklə də elə o zaman tanış oldum. Ondan narkotik istəsəm də, o heç zaman mənə verməzdi. Bir gün şəhərdə bir nəfərdən maraqlanaraq narkotik aldım və bu haqda ona danışdım. Elə o gündən biz birgə oturardıq. Günlərin bir günü onun uyuşdurucu maddənin təsiri altında olaraq özünü asdığını eşitdim, həmin günü ağlayaraq əlimdə olan son narkotiki qəbul edib valideynlərimə zəng etdim. Olub bitənlərin hamısını, narkotik aludəçisi olmağımı belə onlara dedim. O zaman artıq 10 ay idi ki, narkotik qəbul edirdim. Narkotik sevdiyimi məndən aldığı üçün ondan xilas olmaq istəyirdim. Valideynlərimə bu haqda hər şeyi etiraf edərək onlardan kömək istədim. Çünki artıq özümdə asılılıq yarandığını hiss etmişdim, bu bəladan xilas olmaq istəyirdim.

- İlk dəfə olaraq narkotikin dadına baxanda neçə yaşın vardı?

- Onda 15 yaşım vardı...

- Ümumiyyətlə, necə düşünürsən, narkotikə maraq nədən yaranır?

- İnsan xisləti elədir ki, nəyi qadağan etsən, ona maraq göstərəcək. Cəmiyyətin “olmaz” deyə düşündüyü fikirlərinə rəğmən məndə özümə inam vardı. Düşünürdüm ki, istənilən vaxt ondan yaxa qurtara bilərəm. Lakin belə olmadı. Narkotikdən yaxa qurtarmaq üçün hətta dünyanın ən güclü narkoloji dispanserlərində müalicə alsam da, bu bəladan xilas olmamışam...

- Bəlkə iradəli olmaq lazımdır?

- Deməzdim ki, bu iradəyə bağlı olan bir məsələdir. Əsas məsələ insanın nəfsidir.

- Bəs, səni bu yola vadar edən başqa hansı səbəblər var idi?

- Yeniyetməlik dövründə zəif insan olduğum üçün özümü insanlara fərqli göstərməyə çalışırdım. Mənim üçün də fərqlilik bu idi. Cəmiyyətdə fərqli görünməyə çalışmışam, nədənsə fərqliliyi də narkotikdə görmüşəm. Əslində insanlar bu şəxslərin fərqli göründüyünü beynimə yeritmişdi.

- Valideyn diqqətsizliyinin necə, rolu varmı?

- Qətiyyən. Mənim valideynlərim ali təhsillidir, heç atam, qardaşım belə siqaret çəkmir. Onlardan çox razıyam. Hər zaman valideynlərim ən yaxşısını mənə verməyə çalışıb. Bir qardaşım var, o heç siqaret də çəkmir.

- Bəzən deyirlər ki, övladı çox sərbəst buraxdıqda hansısa pis yola düşür. Sən necə, ailədə sərbəst olmusan?

- O yaşlarda mənə sərbəstlik verilmirdi. Valideynlərim evdən məktəbə, məktəbdən evə gedib-gəlmək üçün xüsusi maşın tutmuşdular. Dərsdən qaçanda məni danlayırdılar. Məni vurduqca, üstümə gəldikcə daha da aqressivləşirdim. Məni daha çox atam döyürdü. Bir ata qızını necə döyər? Baxın, o da məni elə döyürdü. Amma üzüm, gözüm, yaxud da haramsa göyərəcək dərəcədə döyməzdi. Yadımdadır, bir dəfə hədiyyəlik konyak almışdılar. Ağzını açıb bir qədər içdim. Valideynlərim xəbər tutanda məni pis döydülər. Qardaşım məni atama satırdı, deyirdi ki, qız “Facebook”a girir. Atam “Facebook”un nə olduğunu bilməsə də, buna görə məni döyərdi. Hətta evdən qaçdığım vaxtlar da olub. Bilirsiniz, insan sıxıldığı həyatdan qaçmağa çalışır, xüsusən də yeniyetməlik yaşlarında, mən deyən olacaq, deyə düşünür. Ümumiyyətlə, o dövrdə valideynlərimə qarşı çox qəddarlaşmışdım. Ata-ana görəndə elə bilirdim ki, ilan görürəm. İndi isə anamın yerə düşən dırnağına görə dünyanı dağıdaram. Sərbəstliyə gəlincə isə bu fikirlə razılaşmıram. Ailələri tərəfindən çox sıxılan qızlar olub ki, onların da narkoman olduğunu görmüşəm. Yaxud da əksinə, övladını çox sərbəst buraxan ailələrdən çıxan qızların da narkoman olduğunu görmüşəm. Düzdür mən çox azad ruhlu biriyəm. Heç nəslimizdə də mənim kimi “dəli” yoxdur.

- İlk dəfə valideynlərinlə bu haqda danışanda reaksiyaları necə oldu?

- Narkoman olduğu üçün ailəsi tərəfindən rədd edilən şəxslərə yazığım gəlir. Çünki tək qaldıqları üçün onlar heç zaman müalicə alıb sağala bilməyəcək. O cür şəxslərlə müqayisədə mən daha şanslıyam, ən dar günümdə də ailəm yanımda olub. Başqa valideynlər adi bir səhvə görə övladlarını küçəyə atdıqları halda, anam gecənin qaranlığında məni küçələrdən yığa bilmədiyi halda belə ailəm yanımda oldu. Mənim ailəm də bu cür davransaydı, düşünürəm ki, taleyim bundan da betər olardı. Onlar yanımda olduqları üçün mən nəsə edəndə də çalışmışam ki valideynlərimə görə özümü saxlayım... İlk dəfə bu haqda onlara danışanda onlar məni təmkinlə dinlədilər. Anam dedi ki, səni istirahətə, müalicələrə aparacağam. Belə də oldu və mən bir il narkotikdən istifadə etmədim. Həmin o bir il ərzində dostlarım narkotik qəbul etsələr də, mənim ona heç bir meylim yox idi. Lakin bir müddətdən sonra yenidən narkotik aludəçisi oldum...

- Səbəb?

- O həzz yenidən ağlıma gələndə onu yaşamaq istəyi məni yenidən narkoman həyatı yaşamağa vadar etdi. Məncə narkotikə olan asılılıqdan tam xilas olmaq üçün insan sadəcə olaraq o yaşadığı, beynində qalan həzzi unutmalıdır. Yaxud da elə bir şey olmalıdır ki, o narkotikdən daha artıq zövq versin ki, hər dəfə lazım gəldikdə məhz bu zövqü xatırlayasan. Bunun üçün əlbəttə ki, biz zövq alacağımız şeyləri tapmalıyıq. Bilirsiniz, mənim həyatım elə dəyişdi ki, artıq normal insanlara baxanda onların əyləndikləri şeylər mənə sıxıcı, yad kimi gəldi. Düşünürdüm ki, insan ailəsi, yaxud da yaxınları ilə kafedə və ya haradasa oturub vaxt keçirtməkdən necə zövq ala bilər.

- Yəni belə demək olar ki, zamanla narkotik üçün darıxırsan...

- İnsan yaşadığı bir hiss üçün darıxır. Kimisə sevdiyin üçün darıxırsan. Darıxmaq səbəbsiz yerə olmur. Narkotik də elədir. Həzz aldığın anları yenidən yaşamaq istəyi ilə mübarizəni qırmalı, dayandırmalı olursan.

- Bəs, niyə narkoman dostlarından ayrılmadın?

- Bu gün yaşıdlarım arasında narkotik aludəçisi olan şəxslər çoxdur. Bilirsiniz necə, mən artıq narkotik aludəçisi olmuşdum deyə, o cür şəxslər mənim üçün qorxulu, vahiməli biri kimi görünmürdü. Axı niyə bu şəxslərdən qorxmalıyıq?

- Deyirlər ki, narkotikdən xilas olmaq üçün əsas yollardan biri çevrənin dəyişilməsidir.

- Hə, o mənada sizinlə razıyam. Amma nədənsə fərqli bir çevrə qurmaq mənə nəsib olmayıb. Sanki elə özüm kimi olan bu şəxslər məni özlərinə çəkir. Bir ilə tanış olandan iki-üç həftə sonra bilirəm ki, o da narkotik aludəçisidir. Hara qaçsam da, bu şəxslərdən uzaqlaşa bilmirəm.

- Hər gün narkotik qəbul edirdin, ya necə?

- Zamanla narkotikə olan asılılığımı azaltmışdım. Sanki özüm üçün bir proqram tutmuşdum və yalnız şənbə günləri onu qəbul edərək əylənirdim.

- Bəs, nələri itirdin?

- Hərdən elə düşünürəm ki, mənim yeniyetməlik dövrüm bitməyib. Düşünürəm ki, mən gənc ola bilmədim. Siqareti qınadılar onu çəkdim, narkotiki qınadılar onu qəbul etdim, tatuajı qınadılar onu vurdurdum. Sanki hər dəfə üsyan etdim ki, niyə qınayırsız. Çünki qınanan bir şey mənim üçün daha maraqlı olub.

- Öz gözünlə gələcəyini necə görürsən?

- Müalicə aldıqdan sonra fərqli ölkədə yaşamağı planlaşdırıram. Burdan çıxandan sonra ali təhsil almağı, xaricdə yaşamağı düşünürəm. Sıfırdan bir həyata başlamaq istəyirəm. Amma yenidən bu yola qayıdıb, qayıtmayacağımla bağlı yüz faiz özüm də özümə söz verə bilmirəm. Çünki bilirəm ki, nə zamansa bu yola yenidən qayıdacağam. Amma o zaman narkotikdən istifadə indiki qədər intensiv olmayacaq: yəqin ki, ildə bir, ya da iki dəfə. Ümumiyyətlə, nə zamansa narkotik vasitə qəbul edən şəxs ömrünün sonunadək tikan üstündə yaşayır. O hər an geriyə dönə, yenidən narkoman həyatını yaşaya bilər. Mən hətta 10 il sonra əvvəlki həyatına qayıdan görmüşəm.

- Buradakı çevrən necədir?

- Burada narkotik aludəçisi olan qızlar, qadınlar var. Onların yaşları fərqlidir: 18, 25, 30 və s. Məncə erkən yaşlarda buna aludə olan şəxslər gec yaşlarda narkotikdən asılı olan şəxslərlə müqayisədə daha asan mübarizə apara bilir, ondan xilas ola bilir. 

Çünki erkən dönəmlərdə narkotik asılılığı olan şəxslər sonradan həyatın başqa zövqlərini, sevinclərini yaşaya bilirlər. Həyatda görmədiyim gözəlliklər var, mənim kimiləri onları gördükcə narkotikdən uzaqlaşacağıq. Lakin həyatda hər şeyi görən şəxs üçün 25-30 yaşlarda, yaxud da daha gec bu asılılığa düçar olmaq sonu görünməz bir yol kimidir.

- Heç buna görə oğurluq etmisən?

- Oğurluq edəcək, yaxud da valideyninə əl qaldıracaq dərəcədə alçalmamışam. Nə olsun ki narkoman olmuşam? Amma bu günədək evimizdən bir çöp belə itməyib. Lakin çarəsiz qalıb narkotik vasitənin satışını həyata keçirmişəm.

- Tutulmusan?

- Bakıda ikən tutulmuşam, bir müddət öncə. Narkotik satarkən yox, istifadə edərkən tutulmuşam, 20 gün içəridə yatdıqdan sonra bu dispanserə gəlmişəm. Düşünürəm ki, bizim kimi şəxslərin, yəni ki, narkotik istifadəçilərinin tutulması düzgün deyil. Çünki cəmiyyət bizi geri qazanmağa çalışmalıdır, nəinki bu yollara əl atmalıdır. Amma təəssüflər olsun ki, bizi cəmiyyətə yenidən qazanmaq əvəzinə, əksinə narkoman deyib daha da əzir, itələyirlər.

- Narkotikdən uzaq olmaq üçün ən çox nəyə ehtiyacınız var?

- Mən narkotikdən xilas olmaq üçün müxtəlif yollarda özümü sınadım. Amma alınmadı. Kimsə mənə elə bir yol göstərsə ki, bununla narkotik asılılığından tamamilə azad olacaq, bu dəqiqə dediyini edərəm. İstəyirəm, elə bir şey olsun ki, beynimdəki o həzzi öldürsün, onu unutdursun. Ondan azad olmaq üçün bizim sadəcə sevgiyə ehtiyacımız var. Çünki kimsə belə şəxsi tutmaqla onu narkotikdən uzaqlaşdıra bilməz. Həm də dustaqxananın psixologiyası elədir ki, burdan çıxan şəxs yenidən əvvəlki həyatına qayıdacaq.

- Bir qadın xoşbəxtliyi yaşamaq, ailə həyatı qurmağı necə düşünürsən?

- Ailə həyatı qurmaq mənim üçün çox çətindir. Kimsə narkomanı qəbul etməz. Həm də keçmişimi ondan gizlədə bilmərəm axı. Qorxuram ki, o şəxs mənim yükümü, ağırlığımı qaldıra bilməz. Yəqin ki, burada ailə həyatı qursam, vaxtı ilə narkotik istifadəçisi olan biri ilə yolumu birləşdirərəm. Bir sevgilim vardı. Ona yalan dedim, sonra isə yenidən narkomanlar olan “kuruq”uma qayıtdım. Həmin şəxs isə məni aylarla axtardı, yəqin ki, qarğışladı da.

Əsas mövzular