14:35 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Azərbaycan Milli Ordusu 1918-1920-ci illərdə

Üç gün sürən zabitlik: 100 illik şəkillərin izi ilə

© Dilqəm Əhməd tərəfindən təqdim olunub
CƏMİYYƏT
Qısa URL
1896 0 0

Azərbaycan Cümhuriyyəti dönəmində ordumuzun 5 hərbi paradı keçirilib. Unikal fotolardan biri də 1919-cu il mayın 28-də indiki İstiqlaliyyət küçəsində çəkilib

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. Ordu Günü ölkəmizin hərb tarixinə nəzər salmaq qərarına gəldik. Sputnik Azərbaycan-ın əməkdaşı kolleksiyaçı, jurnalist Dilqəm Əhmədlə birlikdə keçmişə səyahət edərək araşdırmaçının əldə etdiyi maraqlı faktları oxuculara çatdırmaq üçün vəsilə olmağa çalışdı:

Dilqəm Əhməd
Kolleksiyaçı, jurnalist Dilqəm Əhməd

- Hazırda Türkiyədəsiniz. Səfərinizin səbəbi nədir?

- Mən 3 ildir ki, İstanbulda yaşayıram. Buraya gəlməyimin iki səbəbi var. Birincisi yenidən ali təhsil almağımdır. İkincisi isə Azərbaycan mühacirət tarixi ilə bağlı tədqiqat aparmağımdır. İstanbulda Mərmərə Universitetində "Avropa İttifaqı siyasəti və beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsili aldım, hazırda doktorantura proqramına hazırlaşıram. Bu müddətdə isə İstanbulda "Mühacirlərin dönüşü" və "Bir ildən yüz ilə" kitablarını yazdım.

- Kolleksiya toplamaq üçün müraciət etdiyiniz yer tək Türkiyədir?

- Əsasən Türkiyədir. Çünki Azərbaycan mühacirət tarixi ilk növbədə bu ölkə ilə bağlıdır. Ona görə də burada mütəmadi olaraq yeni materialların aşkarlanması mümkündür. Mühacirlərin məktublarını, fotoşəkilləri, burada çap etdikləri dərgiləri, qəzetləri və s. əldə etmək mümkündür. Həm də bəzi mühacirlərin nəvə-nəticələri sağdır və onlarla da görüşmək imkanı olur. İndiyədək Almas İldırımın oğlu Azər bəylə, Xoyskilərin nəslindən Kərim Mehmedzadə, Leyla Hanhoylu ilə, Topçubaşovun nəvəsi Gülnar xanımla, Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş bəylə, İsmayıl Saryalın oğlu Nuri bəylə, Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımla, Əhməd Cəfəroğlunun qızı Nazan xanımla və s. varislərlə görüşmək, söhbətləşmək nəsibim olub.

Azərbaycan Milli Ordusu 1918-1920-ci illərdə
© Dilqəm Əhməd tərəfindən təqdim olunub
Azərbaycan Milli Ordusu 1918-1920-ci illərdə

- Başqa ölkələrdə araşdırma aparmısınız?

- Başqa ölkələrdə hələ ki internet üzərindən araşdırma aparmaq imkanım olub. Fransadakı arxivlərin bəziləri onlayn şəkildə hər kəsə açıqdır və orada bizə aid materialları toplaya bilmişəm.

- Təqdim etdiyiniz fotolar barədə məlumat verərdiniz.

- Bilirsiniz ki, Azərbaycan Cümhuriyyətinin elanından sonra hökumətin 1918-ci il 26 iyun tarixli qərarı ilə Müsəlman Korpusu "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı. Bu tarixi Milli Ordu günü kimi qeyd edirik. İlk hökumət kabinetində Hərbiyyə Nazirliyi olsa da, Gəncədə təşkil edilmiş ikinci kabinetdə bu nazirlik nəzərdə tutulmamışdı, çünki ordu ilə bağlı bütün səlahiyyətlər Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya verilmişdi. Hökumətin tərkibində isə yalnız bu ordunun komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vardı. Qafqaz İslam Ordusu komandanının 1918-ci il 13 avqust tarixli əmrinə əsasən, Əlahiddə Azərbaycan Korpusu birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi. Beləliklə, Azərbaycanın təxminən 20 min nəfərlik hərbi qüvvəsi yarandı.

Azərbaycan Milli Ordusu 1918-1920-ci illərdə
© Dilqəm Əhməd tərəfindən təqdim olunub
Azərbaycan Milli Ordusu 1918-1920-ci illərdə

Bu qüvvə ağır hərbi əməliyyatlardan sonra 1918-ci il sentyabrın 15-də ingilis-rus-erməni hərbçilərindən təmizlədiyi Bakını Azərbaycanın paytaxtı etdi. 1918-ci ilin oktyabrında Osmanlı dövlətinin imzalamağa məcbur olduğu Mudros müqaviləsindən sonra türk ordusu Qafqazdan və Azərbaycandan çəkilməyə başladı. Buna görə hökumət 1918-ci il noyabrın 1-də Hərbiyyə Nəzarətinin yaradılması haqqında qərar çıxardı. Bu Nəzarət Baş nazirə həvalə edildi, onun müavini isə tam topçuluq generalı Səməd bəy Mehmandarov təyin olundu. Mehmandarov 7 noyabr tarixli əmrində öz vəzifələrinin icrasına başladığını bildirdi. Ümumi Qərargahın rəisi vəzifəsi polkovnik Həbib bəy Səlimova tapşırıldı. 1919-cu ilin oktyabrında Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi təhsil müəssisəsi – Hərbiyyə Məktəbi yaradıldı. Polkovnik Rüstəm bəy Şıxlinski onun rəisi təyin edildi. Məktəbdə oxuyanlar "yunker" adlanırdılar. Təhsil müddəti 2 il nəzərdə tutulmuşdu. 1920-ci il aprelin 24-də bu məktəbin vaxtından qabaq buraxılışı oldu, 104 zabit təhsilini uğurla başa vurdu. Çox təəssüf ki, cəmi 3 gündən sonra Azərbaycan bolşeviklər tərəfindən işğal olundu və həmin milli kadrların çoxunu işğalçılar cismən məhv etdilər. Təqdim etdiyimiz fotolar da Milli Ordumuzun hərbi paradları, əsgər və zabitlərin birgə və tək fotoşəkilləridir. Bu fotoşəkillər Milli Arxiv İdarəsində saxlanılır. Fotoların bəziləri Gəncədə, bəziləri Bakıda çəkilib.

- Ordu ilə bağlı araşdırma zamanı hansı maraqlı faktları üzə çıxarda bilmisiniz?

- Azərbaycan Cümhuriyyəti dönəmində ordumuzun 5 hərbi paradı keçirilib. Mənim şəxsi kolleksiyamda Cümhuriyyətin bir yaşı münasibətilə çəkilmiş fotoşəkil var. 1919-cu il mayın 28-də ordumuz indiki İstiqlaliyyət küçəsindən keçərkən çəkilən fotoşəkildir. Onun surətini sizə təqdim edirəm. Bizim ordu ilə bağlı araşdırmamız daha çox hərbçilərimizin 27 apreldən sonrakı mühacir həyatlarıdır. Məsələn, Əjdər Babazadə, Baba bəy Behbud, Firidun bəy Daryal və s. Bu mövzuda həmkarım Orxan Cəbrayıl daha çox iş görüb. "Çapar" dərgisində Orxan bəyin silsilə yazılarını dərc etmişik və mövzunu davam etdiririk. Bu yaxınlarda Milli Ordumuzun zabitlərindən Dəmir bəyin nəvəsi mənimlə əlaqə qurdu, onunla görüşəcəyik.

Azərbaycan Milli Ordusu 1918-1920-ci illərdə
© Dilqəm Əhməd tərəfindən təqdim olunub
Azərbaycan Milli Ordusu 1918-1920-ci illərdə

- Hazırkı planlarınız nələrdən ibarətdir?

- Hazırda İstanbulda dəfn olunan azərbaycanlıların həyatı ilə bağlı bir kitab üzərində çalışıram. Cümhuriyyətdən öncə və sonra İstanbula gələn, burada müxtəlif sahələrdə çalışan azərbaycanlıların həyatı haqqında kitabdır. Kitabı məzarlıqlar üzərindən sistemləşdirmişik. Fəriköy, Ədirnəqapı, Zincirliquyu, Qaraca Əhməd və s. məzarlıqlardakı məzar yerlərinin fotoşəkillərini çəkmişik və həyat hekayələrini yazmışıq. İstanbulda fəaliyyət göstərən bir şirkət tərəfindən çap ediləcək.

Əlaqədar

Polkovnik: Ordumuz mənəvi cəhətdən çox güclüdür
Azərbaycan Ordusunun yaranmasından 101 il keçir

Əsas mövzular