19:14 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Meşə yanğını, arxiv şəkli

Mövsüm yetişdi: istirahətinizi külə döndərməyin

© AP Photo / Ioanna Spanou
CƏMİYYƏT
Qısa URL
1800 0 0

Meşələrdə baş verən hər 10 yanğın hadisəsindən 9-u insanların odla ehtiyatsızlığından baş verir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik.  Yay fəslinin gəlməsi ilə bir çox insanlar meşə massivlərinə, təbiətin qoynunda dincəlməyə üstünlük verir. Qidalanma və isinmə üçün qalanmış tonqallar, söndürülməmiş kibrit çöpləri, siqaret kötükləri, hətta avtomobillərin nasaz tüstü atqı borusundan çıxan qığılcımlar meşə sahələrində yanğınlarına səbəb ola bilər.

Mütəxəsisslərin sözlərinə görə, meşələrdə baş verən hər 10 yanğın hadisəsindən 9-u insanların odla ehtiyatsızlığından baş verir. Odur ki, yanğın təhlükəsizliyi ilə bağlı məsələlərdə hər kəs çox diqqətli olmalıdır.

Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, qidalanma və isinmə məqsədi ilə qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur.

"Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir", - deyə o, əlavə edib.

E.Babayev vurğulayıb ki, meşələrdə yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin, onun yerlərdəki strukturlarının üzərinə düşür.

Belə ki, meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə mühafizə mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və bu rejimə riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar.

"Meşə təsərrüfatının rəhbər işçiləri mütəmadi olaraq yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini yoxlamalı, yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə bağlı işçilərlə təlim-məşqlər keçməli, yanğın baş verəcəyi təqdirdə məsul şəxslərin nə kimi hərəkətlər edəcəklərini, həvalə olunmuş meşə sahəsində təbliğat vasitələrindən istifadə etməklə insanların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsini həyata keçirməlidirlər", - deyə o, əlavə edib.

E. Babayevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi videoçarxlar hazırlanıb. Həmin videoçarxlarda meşələrdə yanğın təhlükəsizliyi qaydaları əksini tapıb və yayımlanaraq əhalinin maarifləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrinə göndərilib. E.Babayev onu da qeyd edib ki, FHN-in aidiyyəti qurumları tərəfindən əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi üçün daimi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Buna misal olaraq, cari ilin aprel və may aylarında respublikanın bütün rayonlarının icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, hüquq-mühafizə orqanlarının, meşə mühafizəsi və bərpası müəssələrinin nümayəndələrinin iştirakı ilə 9 regional seminar-müşavirələr keçirildiyini, meşələrin yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və bu sahədə mövcud çatışmazlıqların müzakirə olunduğunu, bu çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti təşkilatlar qarşısında məsələlərin qaldırıldığını bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşovun sözlərinə görə, isə hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır və yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranış nəticəsində baş verir: "Havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə təhlükəsini nəzərə alaraq əhalini, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar, təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər".

Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazilrliyi bir daha hər kəsi meşə sahələrində olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət edərək meşələrimizi yanğından qorumağa çağırır.

Əlaqədar

Əhaliyə meşə xəbərdarlığı edildi

Əsas mövzular