CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suya həsrət qalan rayonun sakinləri - Donuz çimdiyi arxdan...

© Sputnik / Shahperi AbbasovaQax rayonunun İbaxlı kənd sakinləri illərdir, inci saflığı olan su üzünə həsrət qalıblar
Qax rayonunun İbaxlı kənd sakinləri illərdir, inci saflığı olan su üzünə həsrət qalıblar - Sputnik Azərbaycan
Abunə olmaq
"Arxın içinə inək də, donuz da düşür. Bizim də başqa əlacımız yoxdur. İyrənsək də bu sudan içmək məcburiyyətindəyik"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Qax rayonunun İbaxlı kənd sakinləri illərdir inci saflığı olan su üzünə həsrət qalıblar. Xüsusilə də yaz və payız aylarında, yağışlar dövründə bulaqlardan su əvəzinə sözün əsl mənasında palçıq gəlir.

Bu problem kənd sakinlərinin illərdir həllini gözlədiyi məsələdir. İlin əksər vaxtlarında suyun lilli gəlməsi artıq adi hal alıb. Sudan həm kənd sakinləri, həm də mənbəyi açıq olduğu üçün heyvanlar istifadə edir. Nəticədə, anitsanitar şərait sakinlərin həyatına təhlükə yaradır.

Məsələ ilə bağlı sözügedən kəndə yollandıq. Vəziyyət həqiqətən də ürəkaçan deyildi. Sakinlər bildirirlər ki, yaranan vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmır.

© Sputnik / Shahperi AbbasovaQax rayonunun İbaxlı kənd sakinləri illərdir su üzünə həsrət qalıblar
Suya həsrət qalan rayonun sakinləri - Donuz çimdiyi arxdan... - Sputnik Azərbaycan
Qax rayonunun İbaxlı kənd sakinləri illərdir su üzünə həsrət qalıblar

Kənd sakini Bəsti Əliyeva deyir ki, heyvanlarla eyni yerdən su içirlər: “Suyun içindən nə desən çıxır. Bu sudan uşaqlar da içir. Qazandığımız pulu ancaq onların iynə-dərmanına veririk. Çünki bu sudan içirlər. Bu yaxınlarda qonşumun su kranına ilan düşüb".

Başqa bir kənd sakini Şərqiyyə Məmmədova isə deyir ki, bu sudan istifadə etmək üçün mütləq həmin suyu 1 gün saxlayırlar. Bundan sonra sudakı zir-zibil çökür və onlar həmin suyu içə bilirlər. Sakin onu da bildirir ki, kənddə cürbəcür xəstəliklər baş alıb gedir. Hamısının da səbəbi içdikləri sudur.

"Bizə gələn suyun mənbəyi arxdır. Hansı ki, onun üzəri açıqdır. Onun içinə inək də, donuz da düşür. Yayda heyvanlar o suda çimir. Bizim də başqa əlacımız yoxdur. İyrənsək də, bu sudan içmək məcburiyyətindəyik" – deyə Saray Məmmədova adlı sakin əlavə edir.

© Sputnik / Shahperi AbbasovaQax rayonunun İbaxlı kənd sakinləri illərdir su üzünə həsrət qalıblar
Suya həsrət qalan rayonun sakinləri - Donuz çimdiyi arxdan... - Sputnik Azərbaycan
Qax rayonunun İbaxlı kənd sakinləri illərdir su üzünə həsrət qalıblar

Kənd sakini Rəhman Məmmədov deyir ki, ayda 2-3 dəfə suyun mənbəyi olan hissədəki boruları təmizləyirlər. Təmizləməsələr, o suya belə, həsrət qalarlar: “Borunun içinə baxsanız, heç vaxt oradan su içməzsiniz. Hər dəfə palçığını təmizləyirik. Palçıq olsa, dərd yarıdır. İçindən ilan, qurbağa çıxır. Bəzən heyvanlar ölüb borunun içində qalır. İndi gəl o suyu iç, görüm necə içirsən".

Gülgəz Əhmədova isə bəzən o çirkli suya belə, möhtac qaldıqlarından şikayət edir. Yay vaxtı sular azalır. Onların yaşadığı tərəfə heç su gəlmir. Kənd əhalisi arasında su üstündə dava düşür. Bu tərəf suyu açanda, o biri tərəfə, o tərəf açanda isə bu tərəfə su çatmır. İnsanlar bir litr sudan ötrü bir neçə kilometr getmək məcburiyyətində qalırlar.

"Artezian quyusu qazdılar. Yalandan dedilər ki, 50 metrdir. Amma o qədər olacağına inanmıram. 1-2 aydan sonra su tamamilə kəsildi. Qazdıqları quyudan çıxan su da içməli deyildi, suvarma suyu idi. Adı var, özü yoxdur" – deyə Tehran Abbasov bildirir.

Kənd sakinləri şikayət edirlər ki, Qax Rayon İcra Hakimiyyəti də onlara kömək etmir. Deyirlər ki, dəfələrlə İcra Hakimiyyətində qəbulda olublar, hətta icra başçısı özü də kəndə gəlib. Amma yenə də ortada heç nə yoxdur. Hər il "Bu yay suyunuz gələcək" kimi vədlər eşitdiklərindən gileylənirlər. Kənddə 590-dan çox əhali yaşayır. Hamı da bu çirkab suyuna möhtacdır. Müraciət edəndə də deyirlər, "gedib yer təyin edin, gəlib çəkək". 

Aynurə Şərifova problemin daha çox uşaqlara toxunduğunu vurğulayır: "Su qablarını çıxarırıq, saatlarla gözləyirik ki, su gəlsin, dolduraq. Su da ya gələ, ya gəlməyə. Məktəbin yaxınlığında yaşayıram, bəzən uşaqlar dərsdən çıxıb gəlib o sudan içirlər. Uşağa başa salmaq olmur ki, içmək olmaz. Uşaqdır, su istəyir və içir. Sonra da xəstələnirlər".

© Sputnik / Shahperi AbbasovaQax rayonunun İbaxlı kənd sakinləri illərdir su üzünə həsrət qalıblar
Suya həsrət qalan rayonun sakinləri - Donuz çimdiyi arxdan... - Sputnik Azərbaycan
Qax rayonunun İbaxlı kənd sakinləri illərdir su üzünə həsrət qalıblar

Yaranmış mövcud problemlə bağlı kənd bələdiyyə sədrinin müavini Arif Əhmədovla əlaqə saxladıq. Onun sözlərinə görə, problemdən xəbərdardırlar, ancaq hazırkı vəziyyətdə bu problemin həlli qeyri-mümkündür: "Başqa yerdən su çəkmişik. Ümumiyyətlə isə su quruyur. Mən də kəndin sakiniyəm. Bu problem məni də narahat edir. Artezian quyusu qazıldı, dayaz qazıldığına görə su gəlmədi. Təbii ki, içdiyimiz sular qrunt sularıdır, bunu içmək olmaz".

Su həyat mənbəyidir. Heç şübhəsiz, suyun bu cür çirkli olması böyükdən tutmuş kiçiyədək hər kəsin sağlamlığına ciddi təhlükədir. Çirkli sudan istifadə edən insanlarda müxtəlif xəstəliklərin yaranması qaçılmazdır.

İllərlə sakinlərə verilən “suyunuz gələcək” vədi bizə də verildi. Sədr müavini bu yay mütləq artezian quyusu qazılacağını, bu problemin öz həllini tapacağını dedi.

Bizdən isə gözləmək qalır...

Xəbər lenti
0