21:14 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı

Ədalət, səxavət və ibadət üzərində bərqərar olmuş ziyarətgah

© Sputnik / Musa Muradli
CƏMİYYƏT
Qısa URL
4509 0 0

Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı iman gətirənlərin ümid yerinə çevrilib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Qarabağın məşhur seyidlərindən biri də Seyid Lazım Ağa olub. Hələ Ağdamda ikən Ağanın evinə Azərbaycanın dörd bir yanından ziyarətə gəlirmişlər. İndi Ağdam işğal altında olduğundan, Seyid Lazım Ağanın rayonun cəbhə xəttinə yaxın Çəmənli kəndində ucaldılmış türbəsinə hər gün onlarla insan baş çəkir.

Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı
© Sputnik / Musa Muradli
Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı

Ziyarətgah əzəmətli görünüşü ilə diqqəti cəlb edir. Yanındakı Cümə məscidindən isə hər gün azan səslənir. Cəbhənin bir neçə kilometrliyində yerləşən bu məkan həm barıt qoxuyur, həm də azan. İndi buralar baharın gəlişi ilə həm də gül-çiçək ətrinə qərq olub. Qarabağ, sanki laləli cənnətə çevrilib. 

Deyilənə görə, bu məkanı Seyid Lazım Ağanın özü seçib. O, bacardığı qədər Ağdamdan uzaq olmamağa, yaxınlıqda dayanmağa çalışıb. Məcburi köçkün düşərkən Mingəçevirdə məskunlaşsa da, dünyasını dəyişəndə burada dəfn olunmasını vəsiyyət edib. 1994-cü ildə Mingəçevir Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Bəkir Bəxtiyarov onun vəsiyyətini gerçəkləşdirib.

Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı
© Sputnik / Musa Muradli
Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı

Məzarın yanında əvvəlcə qoşa minarəli Cümşüd məscidi inşa olunub. Ağdamlı ziyalı Teyyub Əliyev məscidin adını daşıyan Cümşüdün Bəkir Bəxtiyarovun qardaşı olduğunu, bu müqəddəs məkanda Cümşüdün adının çəkilməsinin də Seyid Lazım Ağaya olan sonsuz məhəbbətin nümunəsi kimi anlaşıldığını deyir.

Məscidlə bərabər, Seyid Lazım Ağanın da məzarı üzərində türbə ucaldılıb. Türbədə Seyid Lazım Ağa ilə yanaşı oğlu Seyid Məhəmməd Ağanın da məzarı yerləşir.

Ağdamlı ziyalı Hafiz Abbasov əməkdaşımıza bildirib ki, Seyid Lazım Ağa 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Kiçik yaşlarında olarkən ailəsi ilə birlikdə Ağdam rayonuna köçüblər. Dini məktəb oxumasa da, Seyid Lazım Ağa Quranı əzbərdən bilib. O, 1994-cü il yanvar ayının 3-ü, cümə günü 114 yaşında Mingəçevir şəhərində dünyasını dəyişib. Onun üç övladı olub - Seyid Məhəmməd Ağa, Seyidə Humay xanım və Seyidə Pəri xanım.

Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahında
© Sputnik / Musa Muradli
Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahında

Hafiz Abbasovun sözlərinə görə, Seyid Lazım Ağanın 3 həyat prinsipi olub - ədalət, səxavət, ibadət. 114 il ömür sürən seyid onun cəddinə pənah gətirən heç kəsi ümidsiz qaytarmayıb. Heç kəsdən nəzir qəbul etməyib. Verilən nəziri kasıblara paylayıb. Torpağa çox bağlı olan Seyid Lazım Ağa təsərrüfatla, heyvandarlıqla məşğul olub. Təzə işə başlayanlar bərəkətli olsun deyə Ağadan 1-2 manat pul alırmış.

Hafiz Abbasov Seyid Lazım Ağanın ətrafında baş verən bir hadisəni möcüzə hesab edir: "Hələ Ağdam işğal olunmamışdan əvvəl ermənilər rayonu top, "qrad" atəşinə tuturdular. Bazarda əhalinin çox olduğu bir gün erməni işğalçıları tərəfindən atılan qradlardan biri Ağanın ayaqları altına düşüb. Ancaq mərmi asfaltı yararaq torpağa sancılıb, partlamayıb. Ağdam işğal olunan günə qədər də mərmi həmin yerdə qalırdı. İkinci atılan mərmi isə digər ərazini yerlə-yeksan edib".

Seyid Lazım Ağa ziyarətgahında yaradılan möhtəşəm kompleksin inşası barədə danışan Ağdam Ziyalılar Birliyinin sədri Teyyub Əliyev bildirib ki, Gəncədə yaşayan Arzu adlı bir iş adamının vəsaiti ilə müqəddəs məkan yenidən qurulub: "Həmin iş adamı uğursuzluğa düçar olub. Demək olar ki, müflisləşmək üzrəymiş. Bir gün Seyid Lazım Ağanın cəddini köməyə çağırıb. Gecə Seyid Lazım Ağa yuxusuna girib. Yuxuda Ağa ona bərəkət pulu verib, işlərinə xeyir-bərəkət duası oxuyub. O gündən sonra iş adamının işləri xeyirə doğru dəyişib. Yenidən var-dövlətə sahib olub. İş adamı Seyid Lazım Ağanın qarşısında borcunu ödəmək, vəfasını göstərmək üçün həm türbənin yenilənməsinə, həm də mərasim zalının inşasına qərar verib".

  • Seyid Lazım Ağanın nəvəsi Seyid Yusif ağa (soldan birinci )
    Seyid Lazım Ağanın nəvəsi Seyid Yusif ağa (soldan birinci )
    © Sputnik / Musa Muradli
  • Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahında
    Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahında
    © Sputnik / Musa Muradli
  • Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı
    Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı
    © Sputnik / Musa Muradli
  • Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı
    Ağdamın Çəmənli kəndindəki Seyid Lazım Ağa ziyarətgahı
    © Sputnik / Musa Muradli
1 / 4
© Sputnik / Musa Muradli
Seyid Lazım Ağanın nəvəsi Seyid Yusif ağa (soldan birinci )

İndi ziyarətgaha gələn qonaqları Seyid Lazım Ağanın oğul nəvəsi Seyid Yusif Ağa qarşılayıb, yola salır. Onun da danışığında, söhbətində nəciblik, dürüstlük, xeyirxahlıq özünü büruzə verir. Seyid Yusif Ağa ilə söhbətimizdən məlum oldu ki, ziyarətgah qonaqların üzünə həmişə açıqdır. Bəzən elə də olur ki, əsgər yanına gələnlər də burda ya namaz qılır, ya da süfrələrini açıb yemək yeyirlər.

Seyid Lazım Ağaya qarşı ağdamlıların sonsuz məhəbbəti göz qarşısındadır. Hər kəs Ağadan ağız dolusu danışır, nəcib, səxavətli, mənəviyyatlı insan olduğunu deyirlər. Onların nəzərincə, Ağa elin nəzərində çox uca məqamdadır...

Əlaqədar

Azərbaycandakı sehrli ağacın ziyarətçiləri bitib-tükənmir
Zəvvarlar qonşu ölkəyə heç də ziyarətə getməyiblərmiş
Dünyanın ən çox ziyarət olunan muzeyləri
Dindarlar qadınlara müqəddəs yerləri ziyarət etməyi qadağan edirlər
Teqlər:
Ağdam, ziyarətgah, ziyarətçi, ziyarət

Əsas mövzular