18:05 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Qızı ilə dəniz kənarında gəzən ana, arxiv şəkli

Bakıda tənha anaların uşaqlarına kömək üçün çıxış yolu tapılıb

CC0 / Sasin Tipchai / Mother & daughter
CƏMİYYƏT
Qısa URL
3629 0 0

Hüquq müdafiəçisi işləyən tənha analara dəstək məqsədilə Uşaqlara Gündəlik Qayğı Mərkəzi yaradıb

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Azərbaycanda boşanmaların artması fonunda nəzarətsiz qalan uşaqlar problemi yaranıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunun ən bariz nümunəsi bu yaxınlarda Bakıda küçədən tapılan bir uşaqdır.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları avtovağzalda üzərində şiddətli zərbələrin izi olan və Gəncəyə getmək istəyən 10 yaşlı oğlanı saxlayıblar. Onu "Təmiz dünya" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağına yerləşdiriblər. Uşaq bildirib ki, evdən qaçıb və Bakını tərk etmək istəyir. Çünki onu doğma anası döyüb. Uşağın bədənindəki qançır izləri ona dəyən zərbələrin şiddətli olmasından xəbər verib. Bu hadisə ilə Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi maraqlanıb. Ana isə ictimai qınaq predmetinə çevrilib.

"Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, bir qədər sonra oğlanın anası da tapılıb. Qadın uşağını götürmək üçün sığınacağa gəlib.

Uşaqla niyə belə rəftar elədiyi barədə çoxsaylı sorğu-sualdan sonra qadın öz hərəkətinin səbəbinə aydınlıq gətirib.

"O etiraf etdi ki, oğlan evdən qaçıb və gecənin gec saatlarına qədər evə qayıtmayıb. Bundan başqa, bir neçə dəfə evdən pul götürüb və müəllimin pulunu oğurlayıb. Sonra qaytarmağa məcbur olub. Ana bütün günü işdə olur. O, metroda işləyir. İndi uşağı dövlət tərbiyə müəssisəsinə vermək istəyir, çünki artıq onu idarə edə bilmir" - deyə Zeynalova bildirib.

İB sədrinin dediyinə görə, qadın oğlunu təkbaşına böyüdür. Onun başqa dəstəyi yoxdur. Oğlanın atasından da heç bir xəbər yoxdur.

Bu ilk oxşar hadisə deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 14,857 boşanma qeydə alınıb. Bu isə 2017-ci illə müqayisədə 343 hal çoxdur. Bununla yanaşı, ölkədə bağlanan nikahların sayı getdikcə aşağı düşməyə başlayır. Əgər 2014-cü ildə 84 min nigah qeydə alınmışdısa, 2018-ci ildə bu göstərici 62,484 min olub.

Dağılan ailələrin çoxunda uşaqlar olur. Nəzərə alsaq ki, ölkənin ən çox əhali yaşayan məntəqəsi Bakıdır, deməli, nəzarətsiz uşaqların əksəriyyəti də məhz bu şəhərdə və onun ətrafında yaşayır.

Zeynalova öz növbəsində onu da qeyd edib ki, belə hallar tez-tez erkən nikahlar nəticəsində meydana gəlir. Nikah yaşına çatmayan qızlar ərə gedərək uşaq dünyaya gətirirlər, sonra isə onu tərbiyə etməkdə çətinlik çəkirlər.

"18 yaşında uşaq dünyaya gətirən qadınların uşağa baxmaq təcrübəsi olmur. Əvvəllər bu məsələdə nənə-babalar gənclərə kömək edirdi. İndi isə onlar kömək etmir, analar isə işləyir. Nəticədə uşaqlar nəzarətdən kənarda qalır. Üstəlik, son zamanlar erkən nikahların əksəriyyəti boşanma ilə nəticələnir. Boşanmış gənc və təcrübəsiz ana uşaqla necə rəftar edəcəyini bilmir." - deyən Zeynalova xatırladıb ki, bütün həyatını tənha qadınlara köməyə həsr edib.

Hüquq müdafiəçisinin sözlərinə görə, erkən evliliklər zamanı dünyaya gəlmiş uşaqlar nikahdankənar doğulur. İnsanların bir-birini tanımadığı paytaxtda ictimai qınağın olmaması səbəbindən bu vəziyyət daha da dərinləşir. Nəticədə isə uşaqlar əziyyət çəkir.

Zeynalova bildirib ki, tənha analara kömək etmək məqsədilə onlar bu yaxınlarda sığınacağın nəzdində Uşaqlara Gündəlik Qayğı Mərkəzi açıblar. Ağır maliyyə vəziyyəti olan analar işə gedərkən uşaqlarını mərkəzdəki peşəkarlara etibar edirlər. Gün ərzində uşaqlara sosial işçilər qayğı göstərir. Onlar gün ərzində uşaqları məktəbə aparır, geri gətirir, dərslərini hazırlamağa kömək edir, yedizdirir, axşamlar isə öz evlərinə aparırlar. Hazırda Gündəlik Qayğı Mərkəzində müxtəlif yaşlarda olan 8 uşaq tərbiyə alır. Ora yalnız işləyən tənha qadınların uşaqları götürülür.

Qeyd edək ki, sözügedən layihə şəxsi təşəbbüsdür və heç bir donordan dəstək almır.

Zeynalovanın fikrincə, belə mərkəzlər Azərbaycanda çox olmalıdır ki, qadınlar özlərinin və övladlarının ləyaqətli gələcəyini təmin edə bilsinlər.

Əsas mövzular