CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hələ gec deyil, onları qoruya bilərik

© Sputnik / Shahperi AbbasovaBalakən rayonunun Qullar kəndində Qullar məbədi
Balakən rayonunun Qullar kəndində Qullar məbədi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan alban dövrünün yadigarı olan abidələrə sahib çıxmadıqca, qonşularımız onları dünyaya özününkü kimi təqdim etməyə çalışır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarət Keşikçidağ (David Qareci) monastır kompleksi ətrafında son günlər yaranmış söz-söhbətlər bizi Qədim Albaniyanın tarixinə və bu tarixə aid dini məbədlərə nəzər salmağa vadar edib. İstər erməni qonşularımız olsun, istərsə də gürcü qonşularımız, daim Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasını bəhanə gətirərək, buradakı xristian abidələrini öz adlarına çıxır, türklərin bu yerlərə gəlmə olduğunu iddia edirlər. Erməni və gürcü tarixçilərin bu uydurma ehtimalları çox vaxt onların Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinə gətirib çıxarır.

© Sputnik / Shahperi AbbasovaBalakən rayonunun Qullar kəndində Qullar məbədi
Hələ gec deyil, onları qoruya bilərik - Sputnik Azərbaycan
Balakən rayonunun Qullar kəndində Qullar məbədi

Şəki-Balakən bölgəsi xristian abidələri ilə zəngindir. Azərbaycan alban dövrünün yadigarı olan bu abidələrə sahib çıxmadıqca, bədnam qonşularımız onları dünyaya özününkü kimi təqdim etməyə çalışır. Siz Gürcüstanda dərc edilmiş məlumat xarakterli xeyli kitab və kitabçalara rast gələ bilərsiniz ki, orada Şəki-Balakən bölgəsindəki abidələr "Qədim Gürcüstan" ərazilərindəki xristian kilsələri kimi qeyd olunub. Sputnik Azərbaycan-ın əməkdaşı Balakənin qədim alban məbədləri ilə zəngin olan yerlərini ziyarət edərək, oradakı hər bir tarixi abidə barədə məlumat toplamağa, onu ictimaiyyətlə bölüşməyə çalışır. O, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə Balakən rayonunun Qullar kəndi ərazisində yerləşən "Qullar" məbədi barədə söhbətləşib.

"Azərbaycanın Şimal-Qərb bölgəsində antik dövrdən başlayaraq, orta əsrlərin sonunadək qədim türk tarixini izləməyə imkan verən abidələrə rast gələ bilərik. Ulu babalarımızın yadigarı olan abidələr bizə keçmişimizdən xəbər verir. Ümummilli lider Heydər Əliyevin təbiri ilə desək, "Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir". Daha bir milli sərvətimizi Qullar məbədini tanıyaq. V-IX əsrlərə aid bu abidə Balakən rayonunun Qullar kəndində yerləşir. Qullar məbədi Azərbaycan elmi ədəbiyyatında "Aşağı Qullar" məbədi adlanır" - deyə Akif Məmmədli məbədlə bağlı söhbətə körpü salıb.

"Bundan 20 il əvvələ qədər bu kəndin ərazisində 5-6 abidə vardı. Bu gün onların sadəcə bünövrələri qalıb. Qullar məbədinin şimalında - təxminən 3 km yuxarıda onun analoqu olan daha bir abidə var. Hələlik 2 abidə qismən salamatdır" - o bildirib.

© Sputnik / Shahperi AbbasovaBalakən rayonunun Qullar kəndində Qullar məbədi
Hələ gec deyil, onları qoruya bilərik - Sputnik Azərbaycan
Balakən rayonunun Qullar kəndində Qullar məbədi

Tarixçi təəssüflə qeyd edib ki, əhali arasında maarifləndirmə işi aparılmadığı üçün insanlar abidənin təyinatını, tikilmə məqsədini, tariximizdəki yerini və rolunu bilməyiblər: "İnsanların bir qismi sanki bir müsəlman təəssübkeşliyi üzündən, müsəlmanlığa daha çox sahib çıxmaq adı ilə xristianlıq dövrünə aid abidələri sıradan çıxarıblar".

Barəsində danışdığımız abidə bir nefli ibadət zalından ibarətdir. Abidənin tikintisində yerli əhəmiyyətli tikinti materialları - daş, çay daşı, kərpic və yapışdırıcı məhsul kimi isə kirəcdən istifadə olunub. A.Məmmədlinin qənaətinə görə, onun tikintisində istifadə edilən kirəc indiki kimi yox, daha fərqli olub: "Deyilənə görə, onun tərkibinə yumurta sarısı qatılıb. Bu fikir özünü doğruldur. Çünki 1500 il tarixi olan bu abidə bu qədər dağıntılara sinə gərib qalıbsa, deməli, burada bir həqiqət var. Məbədin mehrab hissələri, mehrabın üzərindəki tağ, bir də girişdəki tağ onu xüsusi qoruyur. Yəni, bu kilsə memarlığında tağ tikilisi onun üst hissəsini daha yaxşı qoruya, möhkəmliyini təmin edə bilirdi. Eyni zamanda yan divarları da qoruyurdu. Abidənin şərqinə doğru baxsaq, yenə də əsas görüntü qalmaqdadır, mehrab da yerindədir".

© Sputnik / Shahperi AbbasovaBalakən rayonunun Qullar kəndində Qullar məbədi
Hələ gec deyil, onları qoruya bilərik - Sputnik Azərbaycan
Balakən rayonunun Qullar kəndində Qullar məbədi

Alimin sözlərinə görə, burada 3 pəncərənin olduğu məlumdur: "Yəni, alban xristianlığına görə bu, İsa Peyğəmbərin üç simasını ifadə edir - Ata Allahı, Oğul Allahı və Müqəddəs Ruhu. Bu məbəddə zaman-zaman dəyişikliklər olub. Amma ən vacibi odur ki, bu, erkən orta əsrlərə - xristianlığın erkən dövrünə, zəng qülləsinin meydana gəlməsinə qədər tikilmiş məbədlərdən biridir".

Yunan tarixçisi və coğrafiyaçısı Strabonun "Mən dünyanın heç yerində bu qədər məbəd görmədim" sözünü xatırladan tarixçi, haqqında bəhs etdiyimiz bölgəni "açıq səma altında muzey" adlandırır.

"Təkcə Qullar kəndində son 30 ilə qədər qalıqları qalan 6 məbəd gördüm və bunlardan ikisi salamatdır. Rayonun Gərəkli kəndində 10-dək məbəd var. O məbədlərdən 3-ü qismən salamatdır, 7-8-nin isə bünövrələri qalmaqdadır. Düşünəndə hər bir obanın, hər bir tabunun (tabun - qədim türklərin at ilxılarının saxlandığı binə yerləri, onun yanında özlərinin yaşayış yeri olan sahə - red.) ən azı 5-10 dənə özünəməxsus bir icma məbədi olub. Ümumilikdə götürsək, təkcə Balakəndə məbədlərin sayı 100-ü keçmiş olur".

Tarixçi alim bu abidələrin dünyada tanıdılması ilə bağlı arzularını dilə gətirib: "Gələcəkdə bütün abidələri araşdıraraq sonunda bir turizm marşrutuna düzə bilsək, dünyaya təqdim edə bilsək, Azərbaycanın şimal-qərb bölgəsini, Avropanın hələ bələd olmadığı, bilmədiyi qədim xristian mədəniyyətini dünyada tanıda bilərik. Həmyerlilərimizə səslənirəm ki, abidələri qorusunlar. Bununla biz həm də bölgəmizin turizm sektorunu inkişaf etdirə bilərik".

Xəbər lenti
0