10:38 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Hostel, arxiv şəkli

Hostel, yoxsa yaşayış evi: Təcrübə olsa da, nə şərait var, nə də qayda

© Sputnik / Vitaly Belousov
CƏMİYYƏT
Qısa URL
2165 0 0

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Bir müddət öncə Rusiya Dövlət Duması çoxmənzilli yaşayış binalarında evlərdən hostel və mini mehmanxana kimi istifadəsinin qadağan edilməsi ilə bağlı qanun qəbul edib. Deputatların fikrincə, çoxmənzilli binalarda belə obyektlərin açılması sakinlərin hüquqlarını pozur, bununla da münaqişə vəziyyətinin yaranmasına stimul verir. Bundan əlavə, belə mənzillər hostel və ya mehmanxana kimi fəaliyyət göstərmək üçün ən minimal tələblərə cavab vermir.

Beləliklə, bundan sonra daha rusiyalılar çoxmənzilli yaşayış evlərini hostel və ya mini mehmanxana kimi istifadə edə bilməyəcəklər.

Azərbaycanda da ümumi çoxmənzilli binalarda hostel və ya kiçik mehmanxana yaradılması təcrübəsi var. Onlar böyük mehmanxanalarla müqayisədə qiymətlərin ucuz olması ilə seçilir. Ölkəmizə səfər edən turistlərin bir qismi məhz belə ucuz yerlərdə qalmağa üstünlük verir.

Yaxın günlərdə Bakıda Formula-1 yarışının növbəti mərhələsi keçiriləcək. May ayında isə UEFA Avropa Liqasının final oyununa hazırlaşırıq. Yəni, tezliklə paytaxtımıza ən müxtəlif ölkələri təmsil edən yenidən turist axını olacaq. 

Bəs bu turistlər yenə də şəraitsiz hostel və mini-mehmanxanalarda qalacaqlar? Ümumiyyətlə, Azərbaycanda Rusiya təcrübəsindən istifadə edilə bilərmi?

Millət vəkili Asim Mollazadə bildirir ki, yaşayış evlərində hotel və hostellərin yerləşdirilməsi vətəndaşların hüquqlarını pozur: "Azərbaycanda bu məsələ ilə bağlı əks qərar qəbul edilib. Mən parlamentdə bu qərarın əleyhinə çıxış etdim. Belə bir qərar qəbul edildi ki, vətəndaşların yaşayış evləri, hətta çoxmərtəbəli evlərdə olan otaqlar da hostel kimi istifadə edilə bilər. Amma bu, bir çox vətəndaşların narazılığına səbəb olur".

A.Mollazadə vurğulayır ki, qərara görə, turizmlə məşğul olan müvafiq idarənin icazəsi olmadan vətəndaşlar bu işlə məşğul ola bilərlər.

"Zənnimcə, bu, səhv qərar idi və Rusiyada qəbul edilən qərar daha düzgündür. Hesab edirəm ki, bu qərarın yenidən müzakirə edilməsinə ehtiyac var. Çünki parlamentin verdiyi qərar nəticəsində vətəndaşların yaşadıqları evlərdə çox ciddi narazılıqlar yaranır" – deyə Mollazadə əlavə edib.

A.Mollazadənin fikrincə, hostellər, hotellər müvafiq yerlərdə, müvafiq prinsip və standartlarla formalaşmalı, vətəndaşların yaşadıqları evlərdən kənarda, onlara zərər vermədən olmalıdır.

Rusiyanın Rostov-Don şəhərinin mərkəzində yerləşən hoteldə yanğın
© Sputnik / Roman Nevedrov

Turizm eksperti Bahadur Bilalov da hesab edir ki, əslində hər bir fəaliyyət başqasının narahatlığına səbəb olmamalıdır. Biri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq deyə ətrafdakıların hüququnu pozmamalıdır.

B. Bilalov əlavə edib ki, Rusiyada qəbul edilmiş qanunu düzgün hesab edir, yaşayış binasının funksiyası başqa, mehmanxana və hostellərin funksiyası isə tamam fərqlidir.

"Ölkəmizdə bunların birləşdirilməsi təcrübəsi var. Lakin hesab edirəm ki, Rusiya təcrübəsindən yararlanmaq lazımdır. Turizmin inkişafı baxımından bu kimi hallar cəlbedici görünsə də, hesab edirəm ki, yaşayış binasının sakinlərinin istirahət, sakitlik hüququ mütləq şəkildə nəzərə alınmalıdır" – deyə ekspert vurğulayıb.

Ekspertin fikrincə, burada 2 məsələni fərqləndirmək lazımdır: "Bir var ki, kimsə öz mənzilini turizm məqsədilə icarəyə verir. Maksimum 2-3 nəfərlik ailəyə. Biri də var ki, kimsə bir mərtəbədəki mənzilləri alaraq onların əsasında hostel yaradır və eyni amanda 30-40 nəfərə xidmət göstərir. Təxmin edin ki, gün ərzində nə qədər giriş, çıxış, qidalanma xidməti, səs-küy. Təbii ki, bunlar binanın daimi sakinlərini narahat edəcək" – deyə ekspert vurğulayır.

Turizm eksperti Ramin Zamanov isə qeyd edir ki, ölkəyə gələn turistdə ölkə haqqında rəy ilk növbədə qaldığı yerdən asılı olaraq formalaşır: "Məsələn, turist hər hansı bir vətəndaşın evində qalıb, öz ölkəsinə qayıtdığı zaman gedib həmin vətəndaş haqqında deyil, ölkə haqqında danışır. Bu məsələ ölkənin maraqlarına toxunduğu üçün "Turizm haqqında" qanunla tənzimlənməlidir. Vətəndaşlar öz evlərini hostel və ya mini mehmanxana kimi istifadə edə bilərlər. Amma bu qanun çərçivəsində olmalıdır. Evin kommunal şərtləri, giriş-çıxışları, müştərinin evə giriş-çıxış təhlükəsizliyi, evin müstəqil giriş-çıxışının mövcudluğu standartlara uyğun olmalıdır. Vətəndaş əgər evindən qazanc məqsədilə istifadə edirsə, ilk növbədə bunu rəsmiləşdirməlidir. Turizm sahəsinə nəzarət edən təşkilatlar vətəndaşın gəlir mənbəyi kimi istifadə etdiyi evi yoxlamalı və ona icazə verməlidir. Vətəndaş yalnız bundan sonra öz evini gəlir əldə etmək məqsədilə turistlərə verə bilər".

Zamanovun hesab edir ki, hotellərə tətbiq edilən standartlar olduğu kimi, evlər üçün də belə standartlar olmalıdır. Və əgər vətəndaş evini turistə kirayə vermək istəyirsə, minimum standartlar olmalıdır: "Bu, dünya standartıdır. Hər hansı ölkədə bu yanaşma varsa, buna əməl edilməldir".

Həmsöhbətimiz vurğulayıb ki, son dövrlər Azərbaycana turist axının çoxluğu bu məsələdən də yan keçməyib. Belə ki, bir çox vətəndaşlar şəhərin mərkəzində olan evlərini turistlərə gündəlik, həftəlik, aylıq kirayə təklif edirlər. Həmin evlər onlayn sistemlərə yüklənilir və həmin sistemlərdə evlər qeydiyyatdan keçir.

"Bütün onlayn qeydiyyat sistemləri turistlərin məlumatlı olması üçün ev sahiblərindən ətraflı məlumat tələb edir. Bu da turistlərin kirayə götürmək istədikləri ev barədə məlumatlı olmasını təmin edir" – deyə Zamanov əlavə edib.

Əsas mövzular