CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "Bəzi direktorlarin işi-gücü müəllim və şagirdlərdən pul yığmaqdır"

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz Qənizadə: "Azərbaycanda "bullinq"lə bağlı ayrıca bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 17 aprel — Sputnik. Bu gün dünyanın bir çox ölkələrində "bullinq"ə qarşı mübarizə aparılır. Əslində, 162 nömrəli orta məktəbdə məlum intihar hadisəsinin baş verməsinə qədər bu söz dilimizdə, eləcə də mediada o qədər də ümumişlək deyildi.

Tərəzi və məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Şagirdi intihar edən məktəbin direktoru barəsində hökm verildi

Son bir neçə gündə dilimizdə aktuallıq qazanan bu söz kiminsə mənəvi və fiziki zorakılığa məruz qalması, təhdid edilməsi, hədələnərək qorxudulması mənasını ifadə edir. Lakin UNİCEF-in statistikalarına və hesabatlarına nəzər yetirdikdə? yalnız Azərbaycanda deyil, bütün dünyada bu problemin məktəblər üçün aktuallıq qazandığını görə bilərik.

Statistikalar göstərir ki, təkcə ABŞ-da məktəblərdə hər 3 şagirddən biri "bullinq"ə məruz qalır. Yəni bu ölkədə 9-15 yaşlı uşaqların 22 faizi "bullinq"in qurbanı olub.

Kanadada da eyni mənzərə müşahidə edilir. UNİCEF-in açıqladığı rəqəmlərə görə, Kanadada sorğuda iştirak edən valideynlərin 47 faizi övladlarının "bullinq"ə məruz qaldığını deyib.

Fransada isə 9-11 yaşlı 12326 şagird arasında aparılan sorğunun nəticəsində bəlli olub ki, onların 32 faizi "bullinq"in qurbanı olub. UNİCEF Avstraliyada təşkil etdiyi sorğu nəticəsində bu qənaətə gəlib ki, adıçəkilən ölkədə 9-15 yaşlı uşaqların 27 faizi "bullinq"in qurbanı olub.

Ümumilikdə, UNİCEF-in 18 ölkədə 100 min nəfər arasında təşkil etdiyi sorğunun nəticələrində qeyd olunur ki, respondentlərin 2/3-si "bullinq"ə məruz qalıb. Hesabatda diqqətçəkən digər bir məqam isə cinsi azlıq təşkil edən şəxslərin digərləri ilə müqayisədə daha çox "bullinq" qurbanı olmasıdır.

UNİCEF qeyd edir ki, "bullinq"ə məruz qalanların 30 faizi bu haqda heç kəsə məlumat vermir. Onların digər 30 faizi bununla bağlı özlərindən bir neçə yaş böyük olanlara, digər 30 faizi isə dostlarına məlumat verir. Statistikalar göstərir ki, "bullinq"ə məruz qalanların yalnız 10 faizi bu haqda öz müəllimlərinə məlumat verir.

Ötən günlərdə ölkə gündəmini silkələyən məlum intihar hadisəsinin baş verməsi "bullinq"lə bağlı xüsusi qanun layihəsinin işlənilməsi zərurətini ortaya çıxarır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvi Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında qanunvericilikdə bununla bağlı maddələrin yer aldığını deyib.

© Sputnik / Murad OrujovDeputat Çingiz Qənizadə
Millət vəkili: Bəzi direktorlarin işi-gücü müəllim və şagirdlərdən pul yığmaqdır - Sputnik Azərbaycan
Deputat Çingiz Qənizadə

"Kimisə təhdid, şantaj etmək, onu özünü öldürmək həddinə çatdırmaq qanunla qadağandır. Azərbaycan Respublikasının qanunvericiliyində bununla bağlı müddəalar var. Düşünürəm ki, bu qanunlar normal işləsə, belə hallar baş verməz" - deputat bildirib.

O, qeyd edib ki, həmçinin, cəzasızlıq, vəzifəli şəxslərin öz vəzifələrinin öhdəsindən gələ bilməməsi, laqeydlik də bu cür hadisələrin baş verməsinə səbəb olur: "Məktəb direktoru və psixoloq vaxtında bu məsələyə ciddi yanaşsaydı, belə hadisə baş verməzdi. Gərək məktəb rəhbərliyi, psixoloqlar, müəllimlər bununla bağlı məsələ qaldıraydılar".

"Bəzi məktəblərin direktorlarının yarıtmaz işi, laqeydliyi belə faciələrə səbəb olur. Təəssüflər olsun ki, belə direktorlar, sadəcə vəzifələrində oturub bayramlarda müəllim və şagirdlərdən pul yığmaqla məşğuldurlar. Direktorun səs yazısı yayılıb. O səs yazısı həqiqətən də məktəbin direktoruna məxsusdursa, o şəxs özü istefa verməliydi" - müsahibimiz vurğulayıb.

Ç.Qənizadə "bullinq"lə bağlı ayrıca qanun qəbul olunması ilə bağlı təkliflərə də münasibət bildirib. Deyib ki, "bullinq"lə bağlı ayrıca bir qanuna ehtiyac yoxdur.

Millət vəkili məktəblərdə baş verən təhdid faktlarına da toxunub: "Məktəblərdə hər zaman belə hallar olub, bizim vaxtımızda da belə şeylər baş verirdi. Bir-iki müəllim var idi ki, bütün şagirdlər ondan qorxurdu. Lakin bununla belə, yenə də demək olmaz ki, bütün məktəblərdə vəziyyət bərbaddır".

"Son baş verən olayla bağlı düşündürücü suallar var: məktəblərdə psixoloqlar varmı, onlar şagirdlərlə işləyirlərmi? Onlara hansısa şagirdin probleminin olması ilə bağlı məlumat verirlərmi? Yoxsa sadəcə olaraq boş-boş gün keçirib pullarını qazanırlar? Son baş verən olay bir daha göstərdi ki, əksər məktəblərdə nizam-intizamın gücləndirilməsinə ehtiyac var" – deyə Qənizadə vurğulayıb.

Xəbər lenti
0