07:21 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Kredit mütəxəssisi və müştəri, arxiv şəkli

İpoteka krediti gözləyənlərə şad xəbər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
147 0 0

Azərbaycanda bu günədək verilən ipoteka kreditlərinin məbləği açıqlanıb

BAKI, 9 aprel — Sputnik. İpoteka kreditləri üzrə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 24 müvəkkil bank, 18 müvəkkil sığorta şirkəti və 17 müvəkkil qiymətləndirici ilə əməkdaşlıq edir. Bu barədə Sputnik Azərbaycan-a İKZF-dən məlumat verilib.

Fondun vəsaiti hesabına ipoteka kreditlərinin maliyyələşdirilməsinə 2006-cı ildən etibarən başlanılıb. Fonddan verilən məlumata görə, 1 aprel 2019-cu il tarixinə qurumun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manatı keçib, 26000-dən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Bu kreditlərin 380,3 mln. manatdan çox hissəsini (7854 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş ipoteka kreditləri təşkil edib. Ümumilikdə, 2006-2019-cu illərdə (1 aprel 2019-cu il tarixinədək) Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67.9%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 19.5%-i isə regionlarda verilib.

"Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə nəzər saldıqda, son illər ərzində bu sahədə kifayət qədər müsbət dinamikanın baş verməsini görmək olar. Belə ki, 2017-ci ildə Fondun xətti ilə 3109 ailəyə 203 mln. manat məbləğində, 2018-ci ildə isə 3960 ailəyə 273 mln. manat məbləğində ipoteka krediti verilib. 2019-cu ilin yanvar-mart ayları ərzində isə artıq 796 ailə ipoteka kreditləri vasitəsilə (52,4 mln.manat) mənzil əldə edib" - deyə qurumdan bildirilib.

2018-ci ildən etibarən Fond tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə satışa çıxarılan güzəştli mənzillərin ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsi də həyata keçirilir. Təkcə 2019-cu ilin yanvar-mart aylarında Fondun xətti ilə 122 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün ümumilikdə 5,3 mln. manat məbləğində ipoteka krediti verilib. Ümumilikdə, 1 aprel 2019-cu il tarixinə Agentliyin sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 mln. manat (353 ədəd) təşkil edib.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və aztəminatlı ailələrin yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi məqsədilə Fondun qarşısına qoyulmuş əsas vəzifələrdən biri də ölkədə satmaq öhdəliyi ilə kirayə mexanizminin yaradılmasıdır. Azərbaycan Prezidentinin 2019-cu ilin 25 yanvar tarixində imzaladığı Fərmanla Fonda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin icrası həvalə olunub.

Qeyd edilən Fərmana uyğun olaraq, hazırda Fond tərəfindən yeni mexanizmin işə salınması üçün müvafiq zəruri prosedur və standartların hazırlanması, eləcə də müraciətlərin qəbulu üçün elektron sistemin yaradılması istiqamətində müvafiq işlər yekunlaşmaq üzrədir. Bundan başqa, əhalinin müraciətlərinin qəbulu üçün ASAN Xidmət Mərkəzləri ilə əməkdaşlıq üzrə işlər də yekunlaşıb. Qeyd olunanlarla əlaqədar Fond tərəfindən yaxın zamanlarda satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizminin tətbiqinə başlanılması nəzərdə tutulur.

Fondun digər fəaliyyət istiqamətlərindən biri olan kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların maliyyə resurslarına əlçatanlığının təmin edilməsi və bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması həyata keçirilir. Ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrinin müasirləşdirilməsi, genişləndirilməsi və səmərəliliyinin artırılması, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə təmin edilməsi məqsədilə adekvat kredit zəmanət sisteminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

Bununla əlaqəfar olaraq, Fond tərəfindən beynəlxalq standartlara cavab verən kredit zəmanət mexanizminin qurulması məqsədilə dünyanın əksər ölkələrində tətbiq olunan zəmanət və subsidiya sxemləri öyrənilib və bu mexanizmlərin uğurla istifadə olunduğu dövlətlər barədə beynəlxalq maliyyə institutlarının tövsiyələrinə baxılıb. Zəmanət və subsidiya mexanizmlərinin tətbiqi üzrə dünyada ən uğurlu təcrübələrdən birinə malik olan Koreya Kredit Zəmanət Fondu (KODİT) ilə əməkdaşlıq əlaqələri qurulub və Koreya Respublikasında mövcud kredit zəmanət sistemi yaxından öyrənilib.

Bundan başqa, mexanizm üzrə Fond ilə kreditorlar arasında risklərin adekvat şəkildə bölüşdürülməsi, kredit risklərinin minimuma endirilməsi məqsədilə kredit reytinqi modeli yaradılıb və zəmanət müraciətləri üzrə modelin real tətbiqinə başlanılıb.

Mexanizmin tətbiqi ilə bağlı görülən tədbirlər nəticəsində sahibkarlıq kreditlərinə zəmanətlərin və subsidiyaların verilməsi ilə bağlı 13 müvəkkil bankla müvafiq müqavilələr bağlanılıb, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə prioritetlərin reallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən kommersiya banklarını Fondun zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına təşviq etmək üçün müvafiq tədbirlər həyata keçirilib. Nəticədə Fondun zəmanəti ilə müvəkkil kredit təşkilatları tərəfindən bugünədək 24,7 mln. manat məbləğində sahibkarlıq kreditləri verilib. Bu kreditlər üzrə hesablanmış subsidiyanın məbləği isə 3,7 mln. manata çatıb.

Kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, onların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını təmin etmək üçün hazırda maliyyə məhsullarının sahibkarların ehtiyaclarına uyğunlaşdırılması istiqamətində müvafiq araşdırmalar və təhlillər aparılır. Yaxın gələcəkdə mexanizmin tətbiqi ilə bağlı görülən işlərin genişləndirilməsi, digər maliyyə məhsulları ilə yanaşı sahibkarların idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumları və ödənişlərinin aparılmasına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

2019-cu il martın 7-də Prezident İlham Əliyevin Fərmanı ilə Fondun nizamnamə kapitalı 100 mln. manat artırılaraq 566 mln. manata çatdırılıb. Ayrılan vəsaitin hər il olduğu kimi 2019-cu ildə də güzəştli ipoteka kreditlərinə yönəldilməsi nəzərdə tutulur.

2018-ci ilin sonuna Fondun cəmi aktivlərinin həcmi 1,27 mlrd. manat, manat təşkil edib. Qeyd etmək lazımdır ki, Fondun əsas məqsədi mənfəət əldə etmək olmasa da, risklərin etibarlı idarəetmə sisteminin qurulması və fəaliyyətin səmərəli təşkili nəticəsində Fondun mənfəət göstəricilərində illər üzrə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, Fond 2018-ci ili 19,9 mln.manat xalis mənfəətlə başa vurub ki, bu da 2017-ci illə müqayisədə 4,8 mln. manat və ya 32,23% artım deməkdir.

Əlaqədar

"İpoteka" dedi, diş həkimi vurub dişini tökdü
Azərbaycanda mənzil problemini Avropadakı ipoteka şərtləri ilə həll etmək mümkündür
İpoteka kreditlərinin dayandırıldığı haqda şikayətlər var: Fond susur, banklar təkzib edir
Teqlər:
mənzil, məbləğ, vəsait, fond, ipoteka kreditləri

Əsas mövzular