CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan

© Sputnik / Musa MuradliBeyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb tarixşünasları Beyləqan şəhərinin salınmasını, əsasən, V əsrə - I Qubadın hakimiyyəti illərinə aid edirlər

Musa Muradlı , Sputnik Azərbaycan

BAKI, 20 mart — Sputnik. Şərqin qədim şəhərlərindən biri Beyləqan olub. Assur mədəniyyətinə məxsus qalıqların tapılması bu fikrin ən bariz sübutudur. Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan eksponatlar da bu faktı təsdiq edir.

Muzeyin direktoru Mehriban İsgəndərova Sputnik Azərbaycan-a muzeyin yaranması və fəaliyyətindən danışıb: "Muzeyimiz 1980-ci ildə ulu öndər Heydər Əliyevin regionlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında verdiyi tarixi qərardan sonra, 1981-ci ildə yaradılıb. İlk addım olaraq muzey uyğunlaşdırılmış bir binada yerləşib. Eksponatları da sovet dövrünə məxsus olub. Sonralar isə muzeyin fondu zənginləşdirilib. Muzey milli məfkurəmizə uyğun şəkildə yenidən qurulub".

© Sputnik / Musa MuradliBeyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları
Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan - Sputnik Azərbaycan
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları

Söhbət zamanı məlum olur ki, muzeyin indiki binası müasir standartlara uyğun olaraq yeni inşa olunub. Ərazisi 1050 kv.m olan binanın inzibati otaqları, konfrans zalı, fond otaqları olmaqla, 525 kv.m ölçüdə ekspozisiya zalı var. Ekspozisiya zalı 5 bölmə və 16 şöbədən ibarətdir.

Direktorun dediyinə görə, bölmə və şöbələrdə bölgənin ən qədim dövrlərdən başlayaraq, müasir dövrə qədər olan tarixi öz əksini tapıb: "Burada e.ə. III-II minilliyə aid eksponatlar sərgilənir. Rayonumuzun ən qədim yaşayış məskənlərinə - Qaratəpəyə, Soltanbud təpəsinə, Çardaxlı abidələrinə , Örənqala şəhər xarabalıqlarına, Təzəkənd-Paytakaran şəhər qalıqlarına aid yerdən tapılan eksponatlar var. Ekspozisiyamızda, həmçinin XIX əsr və müasir dövr bölmələri də var. Burada beyləqanlıların məişət həyatı, ictimai həyatdakı rolu, müharibə illərində cəbhəyə verdikləri töhfələr, müharibə veteranlarına aid əşyalar sərgilənir".

Muzeydə sovet dövrü də öz əksini tapıb. Sovet dövrünə aid bölmədə Sosialist Əməyi Qəhrəmanları haqqında məlumatlar, ümummilli liderin Beyləqana səfərləri zamanı sadə zəhmətkeşlərlə görüşləri, həmin dövrdə çap olunmuş mətbu nəşrlər, Beyləqanın mədəniyyəti nümayiş olunur.

© Sputnik / Musa MuradliBeyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova
Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan - Sputnik Azərbaycan
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova

Muzeyin eksponatları sırasında Qarabağ uğrunda canından keçmiş şəhid əsgərlərin geyimləri, şəkilləri və digər əşyaları var. Muzeyə gələnlər bu eksponatlar qarşısında bir anlıq dayanıb, onların ruhu qarşısında baş əymədən keçmirlər.

Muzeyin direktoru ilə söhbət zamanı aydın olur ki, buradakı eksponatların sayı 6087-yə Bunların da 90 faizi arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələridir. Buradakı ən uzunömürlü eksponat e.ə. II-III minilliyə aid güldanlardır. Bardaq və güldanlar olan digər eksponatlar isə e.ə. I minilliyə və eramızın V əsrinə qədər Soltanbud, Paytakaran şəhər xarabalıqlarından tapılıb.

© Sputnik / Musa MuradliBeyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları
Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan - Sputnik Azərbaycan
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları

Həmsöhbətimiz Beyləqanın orta əsrlərdə abad, şərqin xoşbəxt və firavan şəhərlərindən biri olduğunu qeyd edib: "Orta əsr Beyləqan şəhəri çox gözəl inkişaf edib. Bərdə, Qəbələ, Ərdəbil kimi şəhərlərdən seçilməyib. Mühüm karvan yollarının üzərində yerləşdiyinə görə Beyləqanda şəhərsalma mədəniyyəti çox güclü olub. Şəhərin saxsı boru kəmərlərindən ibarət kanalizasiya sistemi mövcud olub. Beyləqanda gözəl mədrəsə və məscidlər, karvansaralar olub ki, onların bəzədilməsində istifadə olunan kaşılar bu gün muzeyimizdə sərgilənir".

"Arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi sübutlar şəhərin yüksək mədəniyyətə malik olduğunu göstərir. Mücirəddin Beyləqani, Məsud İbn Namidar və başqa yaradıcı şairlərin mövcud olması Beyləqan ədəbi mühitindən, feodalların, xarici işğalçıların zülmünə boyun əyməyən qəssab Müsafir kimi oğulların tarixdə yaşaması belə bir mərd, mübariz xalqın mövcudluğundan xəbər verir" – deyə o bildirib.

© Sputnik / Musa MuradliBeyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları
Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan - Sputnik Azərbaycan
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları

Direktor onu da vurğulayıb ki, Beyləqanda pul zərb olunub: "Şəhər Atabəylər dövlətində daha güclü inkişaf dövrü keçirib. Ərəb tarixşünasları Beyləqan şəhərinin salınmasını, əsasən, V əsrə - I Qubadın hakimiyyəti illərinə aid edirlər. Ancaq bizə məlumdur ki, şəhəri heç bir hökmdar salmayıb. Ola bilər ki, O, şəhəri abadlaşdırıb".

Eksponatlar arasında gildən hazırlanmış alt çənə sümüyü xüsusilə diqqət çəkir. Bu eksponat Assur mədəniyyətinin daşıyıcısıdır. M.İsgəndərova min illər öncəyə aid bu mədəniyyət nümunəsi haqqında belə deyib: "Bu eksponatın tədqiqatına böyük ehtiyac var. Sosial şəbəkələrdə bu eksponatın şəklini dəfələrlə paylaşmışam ki, alimlərimizin diqqətini çəksin. Və eksponat haqqında tarixi araşdırmalar aparsınlar. Görək necə olub ki, Beyləqan ərazisində belə bir abidəyə rast gəlinib. Haqqında danışdığımız eksponat e.ə. VII əsr Assur mədəniyyətinə aiddir. Eksponat çox əhəmiyyətli tarixi əsərdir".

© Sputnik / Musa MuradliBeyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları
Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan - Sputnik Azərbaycan
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları

Muzey direktorunun şəhər haqqında təqdim etdiyi dəyərli məlumatlardan sonra sivilizasiyanın qədim ünvanını, sanki yenidən kəşf etdik. İslamdan əvvəlki mədəniyyətin nişanələrinə burada hələ də rast gəlinir. Cərciz peyğəmbər ziyarətgahının mövcudluğu da məhz bu mədəniyyətdən qalan bir nişanədir.

Xəbər lenti
0