CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı qardaşlar Rumıniyada insanları şoka salıblar

© Instagram / azeribrotherssПехлеваны из Губы — братья Лачин и Гусейн Абдулгусейновы
Пехлеваны из Губы — братья Лачин и Гусейн Абдулгусейновы  - Sputnik Azərbaycan
Abunə olmaq
Rumınlar qubalı qardaşların çıxışını qışqırıqlar içində izləyiblər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Qubadan olan pəhləvanlar - Laçın və Hüseyn Abdulhüseynov qardaşları Rumıniyada hakimlər və tamaşaçılar qarşısında öz istedadlarını nümayiş etdiriblər. Hüseyn Abdulhüseynov Sputnik Azərbaycan-a müsahibəsində layihədə iştirakları barədə danışıb.

Rumıniya istedad şousunun təşkilatçıları qardaşları layihədə iştiraka və öz unikal bacarıqlarını nümayiş etdirməyə çağırıb. Onlar Abdulhüseynovların bütün xərclərini özləri ödəyiblər.

"Hər dəfə bizə müxtəlif ölkələrin layihələrində iştirak etmək üçün dəvətlər gəlir. Amma biz onların arasından ən yaxşılarını seçirik. Rumın istedad şousunun təşkilatçıları bizim çarxlarımızı internetdə görmüşdülər. Onlar bizə müraciət etdilər və biz də razılıq verdik. Göstərdiyimiz bütün nömrələri göndərdik və onlar dördünü seçdilər. Biz onları qardaşımla birlikdə birinci turda nümayiş etdirdik" - deyə Abdulhüseynov bildirib.

Onun sözlərinə görə, nömrələrdən birində zaldakı tamaşaçılardan biri də iştirak edib və o, böyük şok yaşayıb. Münsiflər heyətinin üzvləri və tamaşaçılar demək olar ki, pəhləvan qardaşları qışqırıqlarla və gözübağlı izləyiblər. Onlar qorxublar ki, pəhləvanlar özlərinə hansısa xətər yetirə bilərlər.

Pəhləvan qardaşlar hakimlərin səsverməsi nəticəsində ikinci tura keçiblər. Bu turun çəkilişləri bir neçə ay sonra olacaq. Rumın istedad şousunda dünyanın müxtəlif ölkələrindən qeyri-adi qabiliyyətləri olan insanlar iştirak edirlər. Azərbaycanı burada yalnız Abdulhüseynovlar təmsil edir.

"Bizim çox çətin sənətimiz var. Hər dəfə öz həyatımızla risk edirik və buna görə zərrə qədər də olsun təəssüflənmirik. Ən çətini yeni nömrə fikirləşməkdir. İlk cəhddə heç də hər şey asan olmur və buna səbəb stressdir. Çoxsaylı çıxışlarımıza və nömrələri təkrar etməyimizə baxmayaraq, hər dəfə səhnəyə çıxanda həyəcanlanırıq. Allaha şükür ki, həmişə öz çıxışımızı yüksək səviyyədə təqdim edə bilirik" - deyə H.Abdulhüseynov vurğulayıb.

Hazırda qardaşlar ikinci turda təqdim etmək üçün yeni nömrələr üzərində işləyirlər. Şou üç nömrədən ibarət olacaq. Qardaşlar inanırlar ki, layihənin qalibi olacaqlar və pul mükafatı qazanacaqlar.

Bütün bunlarla yanaşı, pəhləvanlar Avropanın digər dörd ölkəsindən də təklif alıblar. Əvvəllər Laçın və Hüseyn qardaşları ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstanın televiziya kanallarında yayımlanan istedad şoularında uğurlu çıxış ediblər.

Qeyd edək ki, Abdulhüseynov qardaşları Qubada doğulublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının izi ilə gedirlər. Həmçinin doğulduqları rayonda gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar.

Xəbər lenti
0