CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Moskvada Azərbaycan dilini öyrənən rus oğlan Novruzda Bakıya gələcək

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidMixail Lomonosov adına Moskva Dövlət Universitetinin əsas binası
Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin əsas binası - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun tələbəsi Azərbaycan dilini öyrənib və ölkəmizin ədəbiyyatı, mədəniyyəti ilə tanış olur

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda "Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı" keçirilib. Festivalın ən fəal iştirakçılarından biri də Tarix bölməsinin 3-cü kurs tələbəsi Serafim Mixaylov olub. O, institutda Azərbaycan dilini, eləcə də tarixini və mədəniyyətini öyrənir. Azərbaycanla tanışlığının necə baş verdiyi barədə Mixaylov Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

- Asiya və Afrika Ölkələri İnstitutuna daxil olana qədər sizə Azərbaycanla bağlı nə isə məlum idi?

- Düzünü desəm, mən Azərbaycan haqqında yalnız başqalarından eşitmişdim, sizin ölkə ilə bağlı reportajlara baxmışdım, internetdən məqalələr oxumuşdum. Fotolara, videoçarxlara baxarkən məndə daha çox Bakının mənzərələri, Şərq mədəniyyəti ilə Qərbi özündə birləşdirməsi təəssürat oyatdı. Bütün bunlar mənim Moskvada Azərbaycanı öyrənməyim üçün bir təkan rolunu oynadı.

© © Serafim Mixaylovun şəxsi arxivindənMixail Lomonosov adına Moskva Dövlət Universitetinin tarix bölməsinin tələbəsi Serafim Mixaylov
Moskvada Azərbaycan dilini öyrənən rus oğlan Novruzda Bakıya gələcək - Sputnik Azərbaycan
Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin tarix bölməsinin tələbəsi Serafim Mixaylov

- Azərbaycan dilini də institutda öyrənməyə başladınız?

- Mən Nadım şəhərində anadan olmuşam. Orada azərbaycanlılar yaşayır, onların sayı çox deyil. Məktəbdə azərbaycanlı dostum olub. Onun adı İsmayıl idi. Məhz onun sayəsində mən ilk dəfə Azərbaycan dilini eşitmişəm. Biz onunla rus dilində danışırdıq, amma İsmayıl öz ailəsi ilə ana dilində ünsiyyət qururdu. Mən həmişə ona maraqla qulaq asırdım. Onda mənə elə gəldi ki, sizin diliniz çox harmonik və musiqilidir.

Azərbaycan dilini öyrənməyə instituta daxil olandan sonra başlamışam. Təhsil alarkən zəhmət sayəsində biliyin üfüqləri genişləndirdiyini anlayırsan. Eyni zamanda dili təkmilləşdirmək üçün peşəkar bilik və bacarıqların böyük rol oynadığını başa düşürsən. Bütün bunlar çox maraqlıdır, lakin əlbəttə ki, çox çətin işdir. Müəllimlərimiz sayəsində kafedra yaxşı biliklər verir.

-Bəs sizin Azərbaycan ədəbiyyatı ilə tanışlığınız necə olub?

“Qloballaşan dünya və Azərbaycan dili” konfransı - Sputnik Azərbaycan
“Qloballaşan dünya və Azərbaycan dili” mövzusunda konfrans keçirilib

- Azərbaycan ədəbiyyatının öyrənilməsi üçün lazım olan mühazirə və seminarlar bizə daha yuxarı kurslarda keçiləcək. Lakin biz məşğələlər zamanı bir sıra Azərbaycan şair və yazarlarının yaradıcılığını öyrənmişik. Misal üçün Səməd Vurğunun "Azərbaycan" şeirini, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" povestini. Mənim Azərbaycan ədəbiyyatı ilə tanışlığım hələ davam edir.

- Bu günlərdə sizin institutda "Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı" keçirilib. Mənə çatan məlumata görə, orada fəal iştirakçılardan biri də siz olmusuz...

- Bəli, mən Nəsimi ilə bağlı festivalda iştirak etdiyim üçün şadam. İlk dəfə Nəsiminin "Məndə sığar iki cahan" qəzəlini oxuyanda, bir qədər təəccüblənmişdim. İlk dəfə oxuyanda dərhal beytlərdəki melodikliyin fərqinə varırsız və onun sizə nüfuz etməsinə icazə verdiyiniz zaman başa düşürsüz ki, bu melodiklikdə Nəsiminin inanılmaz müdrikliyi gizlənir. Anlayırsız ki, bu adam təkcə dəri və sümükdən ibarət deyil, o nə isə səma ilə bağlı biridir. Düşünürəm ki, Nəsimi fəlsəfəsi məhz bununla bağlıdır - insan ləyaqətinin təsdiqi onun allahla əlaqəsindən keçir.

Festival Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Bu tədbir hamının alqışları altında keçdi və bizim bütün gözləntilərimizi doğrultdu. Festivala hətta Azərbaycandan qonaqlar, teatr truppası gəlmişdi. Ən əsası isə biz tələbələr də öz çıxışlarımızıda peşəkarlardan fərqlənmirdik. Bunu festivaldan sonra çox adam qeyd elədi. Bizə bunu eşitmək çox xoş idi.

Ana dili abidəsi - Sputnik Azərbaycan
Sputnik-dən “Azərbaycan dili günü”nə xüsusi hədiyyə

- Siz həmçinin Azərbaycan yazıçılarının əsərlərinin motivləri əsasında hazırlanmış tələbə tamaşalarında da iştirak edirsiz. Hansı tamaşalarda oynamısız?

- Biz Hüseyn Seyidzadənin məşhur "Qaynana" kinofilminin motivləri əsasında tamaşa hazırlamışıq. Mən etiraf etməkdən utanıram ki, bu tamaşada baş rolu - qaynananı oynamışam. Bu tamaşa hamının xoşuna gəlib. Planlarımız çoxdur. Biz Azərbaycanın digər yaradıcı insanlarının da əsərlərinə müraciət etmək istəyirik, amma hələlik konkret qərara gəlməmişik.

- Mənə məlumdur ki, siz Novruz bayramı zamanı Azərbaycana gələcəksiz...

- Bəli, mən ilk dəfə öz tələbə yoldaşlarımla birlikdə Azərbaycana uçacağam. Nəhayət ki, mənim təkcə kitablardakı Azərbaycana deyil, əsl Azərbaycana, onun daşına, torpağına, şüşəsinə toxunmaq, ən başlıcası isə insanları ilə canlı ünsiyyət qurmaq imkanım olacaq.

Xəbər lenti
0