03:35 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Polietilen paketlər

Polietilen torbalardan istifadə məhdudlaşdırılacaq - Təkliflər var

© AFP 2019 / Justin TALLIS
CƏMİYYƏT
Qısa URL
119 0 0

“Bu torbalar qısa müddət istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır"

BAKI, 30 yanvar — Sputnik. Plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin sektor müdiri Mehman Nəbiyev bildirib.

O, deyib ki, ETSN tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə "Tədbirlər Planı" qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanılacaq. Tədbirlər Planında ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb. Beynəlxalq təcrübə göstərir ki, bu torbalar ödənişli olduqdan sonra onlara olan tələbat 95 faizədək azalır.

"Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Görüşdə müvafiq qurumların, qeyri-hökumət təşkilatlarının və istehsalçı şirkətlərin nümayəndələri də iştirak edib" – deyə o əlavə edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə qeyd edib ki, bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq ətraf mühiti çirkləndirir.

"Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik. Marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür. Alıcılar da pulsuzdur deyə, bundan məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Mənimlə, yəqin razılaşarsınız ki, bu torbalar qısa müddət istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır" - deyə İbrahimova qeyd edib.

Onun sözlərinə görə, ETSN bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb.

"Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir" - deyə İbrahimova bildirir.

Əsas mövzular