15:35 17 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Laçın və Hüseyn Abdulhüseynovlar

Dünyanı heyran edən azərbaycanlı qardaşlar pulsuzluqdan şikayət edirlər

© Photo: Facebook / Azeri Brothers
CƏMİYYƏT
Qısa URL
5282 0 0

Təkliflər çoxdur, amma hazırda Abdulhüseynovlar bütün qüvvələrini bir başlıca məqsəd üzərində cəmləyiblər - "Ginnesin rekordlar kitabı"na düşmək

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Qubalı pəhləvanlar - Laçın və Hüseyn Abdulhüseynovlar Azərbaycanı bütün dünyada tanıdırlar. Ancaq vətənlərində iş tapa bilmədiklərini və maddi sıxıntı çəkdiklərini deyirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində Hüseyn Abdulhüseynov deyib ki, qardaşı ilə birlikdə artıq uzun illərdir ABŞ, Ukrayna, Rusiya, İtaliya, Türkiyə və Gürcüstanın televiziya kanallarındakı istedad şoularında iştirak edirlər. Leonid Yakuboviçin aparıcısı olduğu "Ya moqu" rus televiziya şousunda iştirak etdikdən sonra onlara, hətta Rusiya rekordunu vurduqlarını təsdiqləyən sertifikat verilib.

Qardaşlar qeyd edirlər ki, onların başlıca məqsədləri Azərbaycanın qədim pəhləvanlıq ənənəsini bütün dünyaya tanıtmaqdır. "Bizi müxtəlif dövlət tədbirlərində iştiraka, hərbi hissələrdə çıxışa dəvət edirlər. Biz bu təkliflərə məmnuniyyətlə razılaşırıq və tamamilə pulsuz çıxış etməyə hazırıq. Sadəcə, bizə ağır gələn odur ki, öz ölkəmiz üçün bu qədər iş görməyimizə baxmayaraq, indiyə qədər adımız heç bir mədəniyyət müəssisəsinin ştatında yoxdur və biz maaş almırıq. Bizi pul maraqlandırmır, ən əsası zəhmətimizin qiymətləndirilməsidir" - Abdulhüseynov deyib.

Onların sözlərinə görə, bütün beynəlxalq layihələrdə öz vəsaitləri hesabına iştirak edirlər. Bütün xərclərini özləri və onlara köməklərini təklif edən dost-tanışları ödəyirlər.

Pəhləvanlar bildiriblər ki, vaxtaşırı onlara xaricdən iş təklifləri gəlir. Lakin onlar vətəni tərk etmək istəmədiklərindən, bu təkliflərdən imtina edirlər. Onlar vətəndə yaşayıb-işləmək və onu xaricdə tanıtmaq istəyirlər.

"Bizə xaricdə də, Azərbaycanda da deyirlər ki, Mədəniyyət, yaxud da Gənclər və İdman nazirlilikləri uğurlarımızı nəzərə alaraq, bizi işə dəvət etməlidir. Hazırda çörəyimizi, yalnız idman zalımızın hesabına qazanırıq. Bu zal Quba şəhər məhsul yığımı üzrə dövlət təşkilatının balansındadır" - deyə Abdulhüseynov bildirib.

Qardaşlar bu zalı uzun illər əvvəl icarəyə götürüblər. Hazırda zalın vəziyyəti ürəkaçan deyil və təcili təmir tələb olunur. Onlar bu vəziyyətdə uşaqları məşq etdirməklə məşğul olurlar, təmirə isə pulları yoxdur.

Böyük çətinliklərə baxmayaraq, Abdulhüseynovlara xaricdə çıxış etmək üçün dəvətlər gəlməkdədir. Bu günlərdə onlar Rumıniyada "İstedad" şousunda çıxış ediblər və birinci turdan uğurla keçiblər. Onlar bu layihədə iştiraklarını davam etdirirlər və yaxınlarda yenidən Rumıniyaya gedəcəklər.

Təkliflər çoxdur, amma hazırda Abdulhüseynovlar bütün qüvvələrini bir başlıca məqsəd üzərində cəmləyiblər - "Ginnesin rekordlar kitabı"na düşmək. Bunun üçün onlar ən təhlükəli nömrələrini hazırlayırlar.

"Biz bütün bunları özümüz üçün deyil, ölkəmiz üçün edirik. Çox istərdik ki, kimsə bizim müraciətimizə diqqət ayırsın. Biz Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazmaq niyyətindəyik. Çox ümid edirik ki, bizim zəhmətimiz qiymətləndiriləcək" - deyə Abdulhüseynov bildirib.

Qeyd edək ki, Abdulhüseynov qardaşları Qubada doğulublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının izi ilə gedirlər.

Əlaqədar

Yeniyetmə pəhləvanlar öz güclərini sınayırlar
Dişləri ilə avtomobil dartan 8 yaşlı pəhləvan
Ağır çəkili pəhləvanımız medalsız qaldı
Azərbaycanlı pəhləvan qardaşlar Amerikanı heyrətə saldılar
Teqlər:
dünya, ölkə, pul, pəhləvan, idmançı, Laçın Abdulhüseynov, Hüseyn Abdulhüseynov

Əsas mövzular