17:54 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Uşaqlı qadın, arxiv şəkli

Bütün oğruların-doğruların ilk beşiyi

© Sputnik / Natalya Seliverstova
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
7363 0 0

Bizdə də doğru tərbiyə formaları var, lakin biz daha çox uşaq başı aldatmaqla məşğuluq

BAKI, 29 yanvar — Sputnik. İllər öncə Yasamalın məhəlləarası ərazilərindən birində gəzişirdim. Qarşıda gənc bir rus qadın, yanındakı 5-6 yaşlarındakı oğlan uşağı ilə yol gedirdi. Birdən uşaq yandakı yarıtikili hasarın üstünə çıxaraq, qadına paralel şəkildə addımlamağa başladı.

Mən tez irəli atılaraq uşağı aşağı düşürmək istədim, amma qadın əli mənə "müdaxilə etmə" işarəsi verdi və sonra uşağa tərəf çevrildi: "Oğlum, hasar qarşıda daha da hündürləşir, bir qədərdən sonra sən oradan düşə bilməyəcəksən, məcbur atlanacaqsan, o zaman da xəsarət alacaqsan".

Uşaq bu xəbərdarlığa məhəl qoymadı və həqiqətən 10-15 addım sonra anasının dediyi kimi oldu: Hasarın dik yerindən düşə bilmədi, məcbur qalıb oradan atlandı və yıxılıb zədələndi. Sonra da qalxıb üst-başını çırpdı və başını aşağı dikərək, "ana, mən bir daha belə etməyəcəm" dedi.

Bu hadisədən alınan mesaj ondan ibarətdir ki, hələ körpə yaşlarından başlayaraq övladlara yalan danışmaq deyil, onlara gerçəyi izah etmək lazımdır. Lazımdır ki, uşaq o gerçəkdən dərs çıxarsın, ibrət alsın və həyatını doğrular üzərində qursun. Nəticədə gələcəkdə daha təhlükəli uçurumlardan yıxılmaqdan sığortalansın.

Məsələn, o qadın uşağı zorla hasarın üstündən düşürüb, üstəlik bir-iki şillə də ilişdirsəydi, uşağın beynində "mütləq hasara dırmaşmalıyam ki, görüm onda necə olur" siqnalı qalacaqdı və ilk fürsətdə gözdən itib özünü bu testdən keçirəcəkdi. Bəlkə də o zaman daha ağır faciə baş verəcəkdi.

Yaxud, ana övladına "orada xortdan var, səni yeyər", "polis gəlib aparar", filan tipli aldadıcı xəbərdarlıqlar etsəydi və sonunda bunların heç biri baş verməsəydi (ki, verməyəcək), o zaman da uşaq üçün heç bir "qırmızı xətt" qalmayacaqdı. Yəni, "ananın xəbərdar etdiyi hadisələr baş vermədisə, deməli mənim heç bir təhlükəli əməlimin cəzası yoxdur". Nəticədə gələcək həyatı müxtəlif təhlükələr üzərində qurulacaqdı.

Lakin həmin rus qadın özünə bu yalanlardan istifadə etməyə izn vermədi və övladını bacardığı şəkildə gələcək problemlərdən sığortalamağa çalışdı.

Və bizdə... Bizdə də var doğru tərbiyə formaları, övladı yanlışdan çəkindirmək üsulları. Lakin biz daha çox uşaq başı aldatmaqla məşğuluq: "A bala, ona toxunma, əlin cızza olar".

Beləcə, "cızza" deyilən şey nədir – uşaq başlayır onu eşələməyə, ta ki, əlini (bəzən bütövlükdə özünü) atəşin içərisinə soxanadək. Bəri başdan anlatmırıq ki, bu sobadır, ona toxunsan, əlin yanar. Xəbərdarlığa məhəl qoymazsa, burax, məhz sənin yanında, sənin dilindən xəbərdarlığı eşitdikdən sonra əlini sobaya toxundursun və uşaq başı aldatmadığını anlasın, üstəlik sənin ilkin yardım etmək fürsətin varkən. Əksinə, sənin gözündən uzaqda özünü od-alovun içinə atmasın.

Bir də var gerçəkdən aldatmaq, yalanı bəh-bəhlə aşılamaq, oğurluğa stimul vermək. Yəni, oğru yetişdirmək. Məsələn: Bütün oğurluqlar günahdır, kitab oğurlamaqdan başqa... Sizə də bir şey xatırladırmı bu "məsləhət"?

Kitab oğurla ha, elm deyil. Kağız oğurla, yəni. Aparıb ... harasa qoyarıq, bir faydası dəyər. Ən azından, vərəqlərini cırıb, tüccara çatdıracağımız pomidor yeşiklərində istifadə edərik - layların arasına düzərik ki, pomidorlar bir-birinə qarışmasın, tər-təmiz qalsın.

Lap deyək ki, bunu da düşünmədik. Kimdənsə eşitdik ki, kitab yaxşı şeydir, faydalıdır, lazımlıdır... Və o kitabda yazılıb ki, oğurluq, talançılıq, yalançılıq pis şeydir, bunlardan uzaq olun.

Bu pis şeylərdən xəbərdar olmaq üçün bizə dedilər ki, "kitab oğurlamaq günah deyil" - get, oğurla, talan et, yalan danış.

Və bu tərbiyənin nəticəsi olaraq ən "müqəddəs" yoldayıq - oğurlayırıq, talan edirik, yalan danışırıq ki, bunların nə olduğunu bilək. Bilək ki, bilməyənlərə də öyrədək, öyrədək ki, nəslimiz davam etsin, davam etsin ki, yenə oğurlayaq. Kitab ha, başqa bir şey deyil. İndi kitabdır da, pul deyil ki…

P.S.

Daha böyük oğurluqlar, talanlar, yalanlar ilk qədəmin məhsullarıdır. Olsun, lap elə kitab oğurluğunun!

Əlaqədar

Fəridə Əzizova evindən oğurluq edənlər barədə hökmə münasibət bildirdi
Rəsulzadənin barelyefini oğurlayan şəxslər tutuldu
Supermarketlərdən oğurluq edən ailə tutuldu
Bank kartlarından pullar necə oğurlanır - Müdhiş fırıldağın izi ilə
Abşeronda avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb
Teqlər:
valideyn, qadın, övlad, uşaq, oğurluq, kitab, oğru

Əsas mövzular