03:06 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9162
Şəhidlər xiyabanı 20.01.2016

Onların ölümü Azərbaycanın dirçəlməsinə vəsilə oldu...

© Sputnik / Мурад Оруджев
CƏMİYYƏT
Qısa URL
2866 0 0

1990-cı ilin 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda dinc etiraz aksiyası keçirən insanların üzərinə yeriyib, nəticədə 147 nəfər ölüb

BAKI, 20 yanvar — Sputnik. "Qara yanvar" — 1990-cı il 20 yanvar tarixindən sonra hər il Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

O dəhşətli gecədə yaşananlar Qarabağ münaqişəsi fonunda meydana çıxmışdı.

1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması millətin səbir kasasını daşırmışdı.

Həmin dövrdə, 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi hərəkatı formalaşdı və o, sonra Azərbaycan milli hərəkatına rəhbərlik etdi.

Xalq Dağlıq Qarabağda və Moskvada baş verən özbaşınalıqlara, azərbaycanlıların kütləvi şəkildə Ermənistandan deportasiya edilməsinə etiraz əlaməti olaraq kütləvi etiraz aksiyalarına çıxırdı. 1989-cu ilin sonlarında isə mitinqlər fasiləsiz xarakter almağa başladı. Bu mitinqlərdə Azərbaycan SSRİ-nin rəhbərlərinin istefası ilə bağlı sərt tələblər irəli sürülürdü.

Baş katib Mixail Qorbaçovun başçılıq etdiyi SSRİ rəhbərliyi isə SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasını 71-ci maddələrini pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət haqqında qərar qəbul etdi. "Asayişin bərpası" adı altında Bakı və respublikanın digər şəhərlərinə qoşun yeridildi.

19 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan 20 yanvar saat 00:00-dan etibarən "Bakı şəhərində komendant saatı" elan etdi. Qoşun yerli əhalini komendant saatı və onun qaydaları barədə xəbərdar etmədən Bakıya daxil oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 

Sovet Ordusunun bölmələri Azərbaycan xalqının azadlıq və müstəqillik hərəkatının qarşısını almaq üçün "Zərbə" kod adlı əməliyyat çərçivəsində bütün istiqamətlərdən, həmçinin dənizdən Bakıya hücum etdi. Nəticədə 147 nəfər həlak oldu, 800-ə yaxın insan yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi.

Bu qanlı faciədən sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq üzvü Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Daha sonra o, vətəninə qayıtdı və üç il sonra — 3 oktyabr 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəldi.

Azərbaycanda törədilən 20 yanvar faciəsini öz miqyasına və qəddarlığına görə daha əvvəl digər Sovet respublikalarında törədilmiş bu qəbildən olan hadisələrin heç biri ilə müqayisə etmək olmaz. Əsgərlər qadına, qocaya, uşağa, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş acmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və zirehli transportyorlar içində insanların olduğu minik və təcili yardım maşınlarını əzib keçmişdilər. Bakıya göndərilməmişdən qabaq əsgərlər və zabitlər tapşırıq alıblar ki, guya "radikal islamçılar və mücahidlər" şəhərdə hakimiyyəti ələ keçiriblər, sovet əsgərləri isə "ermənilərin pozulmuş hüquqlarını" qoruyacaqlar.

Əslində dinc əhaliyə qarşı bu qəddar hücumun məqsədi başqa idi. Sonradan SSRİ-nin o vaxtkı müdafiə naziri D.Yazovun dediyinə görə, Bakıya güc tətbiq edilməsi qeyri-kommunist müxalifətin hakimiyyəti ələ keçirməsinə imkan verməməyə və kommunist hökumətin hakimiyyətdə qalmasını təmin etməyə istiqamətlənmişdi.

Bu zorakı təzyiq Azərbaycanda 70 illik sovet hakimiyyətinə son qoyulmasına və dövlət müstəqilliyinin əldə edilməsinə vəsilə oldu.

"20 yanvar" şəhidlərinin böyük əksəriyyəti Bakının ən yüksək nöqtələrindən biri olan Dağüstü Parkda yaradılan "Şəhidlər xiyabanı"nda dəfn edildi. Sonralar Qarabağ müharibəsi şəhidlərinin də bir qismi bu xiyabanda torpağa tapşırıldı.

20 yanvar Azərbaycanda matəm elan olunub və hər il həmin gün Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Nə qədər zaman keçsə də, bu faciə heç vaxt Azərbaycan xalqı tərəfindən unudulmayacaq.

Sputnik Azərbaycan 20 yanvar faciəsi ilə əlaqədar olaraq şəhid olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verir!

Əsas mövzular