11:13 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Pul sayan qadın, arxiv şəkli

Azərbaycanda minimum əmək haqqı ilə bağlı bir ilk baş verib - Üç fərqli istiqamət

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
11400 0 0

"Dövlət başçısının sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. "Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur". 

Bunu Sputnik Azərbaycan-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili yaşayış minimumundan danışarkən deyib. Millət vəkili bildirib ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.

Onun sözlərinə görə, yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:

- aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi zamanı;

- əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;

- fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin müəyyən edilməsində;

- əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;

- dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.

"Minimum əmək haqqı nədir və 2019-cu il üçün minimum əmək haqqı nə qədər təsdiq edilib" sualına cavabında deputat bildirib ki, minimum əməkhaqqı – ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsidir: "Ölkə Prezidentinin sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib".

Ehtiyac meyarına gəlincə, Mirkişilinin sözlərinə görə, ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir: "Azərbaycanda 2019-cu ildə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib". 

"Növbəti illərdə minimum əmək haqqı və pensiyaların baza hissəsi və ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi əsas hədəflərdən biridir" - deyə millət vəkili qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə, Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda bu sahədə Azərbaycanda bir ilk yaşanır: "Belə ki, minimum əmək haqqı ehtiyac meyarından aşağı olmamalıdır. Bu, Azərbaycan təcrübəsində ilk dəfə baş verib".

"Əvvəllər minimum əmək haqqı minimum səviyyə olaraq müəyyənləşdirilib və ondan aşağı əmək haqqının müəyyənləşdirilməsi müəssisələr üçün məhdudlaşdırılıb. İndi bu indikator dəyişdirilib. Yəni minimum əmək haqqı 130, ehtiyac meyarı isə 143 manat səviyyəsində müəyyənləşdirilib. İndi isə dövlət qurumları yaşayış minimumundan aşağı əmək haqqı müəyyənləşdirə bilməz” - deyə mütəxəssis vurğulayıb.

Həsənovun sözlərinə görə, hazırda minimum əmək haqqından daha çox müəyyən rüsumlar və cərimlərdə istifadə edilir: “Minimum əmək haqqı heç bir halda ehtiyac meyarından aşağı ola bilməz və ümumiyyətlə, istehlak səbətindən aşağı ola bilməz".

"İndiki halda yəqin, düşünürlər ki, bundan o qədər də istifadə olunmur və dəyişiklik, sadəcə cərimələrin və rüsumların artmasına gətirib çıxardır. Bəlkə də ona görə minimum əmək haqqının məbləğinə toxunmayıblar. Amma yanaşma məntiqli deyil" - müsahibimiz əlavə edib.

Əlaqədar

Azərbaycanda minimum əməkhaqqı artırıldı
Etirazlar bəhrəsini verdi – Minimum əmək haqqı artırılacaq
Minimum aylıq əməkhaqqı və əmək pensiyalarının sığorta hissəsi artırıldı
Teqlər:
Tahir Mirkişili, millət vəkili, deputat, məbləğ, ehtiyac meyarı, aylıq minimum əməkhaqqı, minimum əmək haqqı, yaşayış minimumu

Əsas mövzular