23:50 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Alpinistlərin son fotoları

Meyiti tapılmış alpinist xanımın dostu: "Yanındakı iki nəfər onu məndən qopardı"

© Yaxınları tərəfindən təqdim olunub
CƏMİYYƏT
Qısa URL
8046 0 0

"Fəridə bu yürüşə getməsin deyə, ona yazır, səs atırdım, məni eşitmədi"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 5 yanvar — Sputnik. 2017-ci ilin dekabrında itkin düşən, mayda isə cəsədi tapılan alpinist Fəridə Cəbrayılzadənin yaxın dostları - alpinist Orxan Nuri, axtarışlarda iştirak edən Elvin Quliyev və Şəbnəm Sabirli Sputnik Azərbaycan-ın qonağı olub. Onlarla son yürüş, son görüş və xatirələrdən danışmışıq.

Orxan Nuri
© Sputnik / Nigar Maharram
Orxan Nuri

- Fəridə yaddaşınızda necə qaldı?

- Orxan Nuri: Fəridə veqan idi. Bu səbəbdən hər zaman vəhşi təbiətə tur təşkil etdikdə yürüşlərimiz maraqlı səfər təəssüratları ilə dolu olardı. Bir dəfə Şabran rayonunun Zeyvə kəndinə yürüş etmişdik. Əmbil gölünə çatanda artıq acmışdıq. Hər birimiz özümüz üçün evdən dürmək düzəldib gətirmişdik. Fəridə isə, deyəsən, evdən heç nə gətirməmişdi. Ona görə başqa yol yoldaşımız dürməyini mənim vasitəmlə ona uzatdı. O da dedi ki, "soruş gör, içində ət var?". Dedim ki, yox ət yoxdur. Bu anda bir dostumuz onunla zarafat etmək üçün yalandan dedi ki, "nə dadlıdır, görəsən nə ətidir?". Bunu eşidən kimi, Fəridə yediyini qaytardı və hamıya çığırdı.

- Şəbnəm Sabirli: Bir dəfə kafedə oturmuşduq, ofisiant bilməyib ətin tamının keçdiyi püreni gətirib Fəridənin qabağına qoymuşdu. Pürenin yanında ət olmasa da, Fəridə çox həssas olduğu üçün hiss etmişdi. O, heç vaxt ət tamının olduğu xörəkləri yeməzdi... Bir də Fəridə bir halı ilə xatirəmdə qaldı. Ofisdəydik, nəsə soruşdum, Fəridə mənə baxdı. Onda o qədər gözəl idi ki, demək olar ki, heç makiyaj etməmişdi. Daxili zahirinə sıçramışdı, sanki...

- Elvin Quliyev: Buna görə harasa getdikdə hər yerdə Fəridə üçün ayrıca xörək bişirilərdi. O da zarafata salıb deyərdi ki, "ayrı xörəyin bişirilməsi sevdiklərimin mənə sevgi və hörmətinin bir göstəricisidir". Bir dəfə dağda olanda Fəridə acdığını dedi. Dostlarımızdan biri ona "qreçka" uzatdı. Necə oldusa, bilmədim, Fəridə qəfil yediyini qaytardı və ağlamağa başladı. Xörəyə ətin dadı keçmişdi. Mən isə onun hirsləndiyini görüb bu anı da kameranın yaddaşında əbədiləşdirdim. Həmin anları videoya çəkərkən Fəridədən soruşdum ki, "necəsən?". O da emosiya ilə dönüb dedi ki, "bəsdir də".

- Daha çox kimlərə qayğı, diqqət göstərərdi?

- Orxan: Uşaqlara, xüsusən də, fiziki məhdudiyyətli, xəstə uşaqlara daha çox diqqət göstərərdi.

- Şəbnəm Sabirli: Uşaqlara qarşı o qədər həssas idi ki, hətta onlara nəsə hədiyyə edəndə də çalışardı ki, həmin oyuncaq şiddəti təbliğ etməsin. Bu səbəbdən tapança kimi oyuncaqlar almazdı.

Şəbnəm Sabirli
© Sputnik / Nigar Maharram
Şəbnəm Sabirli

- Elvin Quliyev: O, tez-tez xəstə uşaqlara dəstək məqsədi ilə müxtəlif aksiyalar təşkil edərdi. Belə aksiyalardan biri də velosiped yürüşü idi. Autizmli uşaqlar üçün təşkil olunan yürüşlərin birində gözlənilməz hadisə baş verdi. Necə oldusa, velosiped sürərkən Fəridə maşın yoluna çıxaraq avtobusun altına düşdü. Avtobus artıq hərəkətə hazırlaşırdı, amma sürücü Fəridənin yerə çırpıldığını görməmişdi. Dostumuz özünü qabağa ataraq sürücünü dayandırdı. Sonra heç nə olmamış kimi, Fəridə yenidən yürüşünü davam etdirdi. Qorxmadı.

- Orxan: Ərəb dilini bilsə də, biliklərini daha da təkminləşdirirdi. Məqsədi isə ərəb dilini daha da yüksək səviyyədə öyrənib kasıb ölkələrdə yaşayan uşaqlarla ünsiyyət qurub, onlara kömək etsin. Bu səbəbdən o, dil biliklərini daha da artırmaq üçün səfirlik vasitəsilə dəstək alaraq Sudana getmişdi.

- Sonuncu dəfə nə zaman görüşmüşdünüz?

- Orxan Nuri: Biri illik Amerikaya getməli olduğum üçün Fəridə ilə sonuncu dəfə noyabrın 7-də görüşmüşdüm. Gedərkən "good bye party" də təşkil etmişdik. Bu hadisəni eşitdikdə isə heç cür inanmaq istəmirdim. Lakin bir gün sonra artıq onun ölümünü qəbul etməli oldum. Çünki orada müəllimlərimə hadisəni danışıb, "onların sağ qalma ehtimalı varmı" - deyə sual verdikdə, onlar bütün ümidimi kəsdilər. Dedilər ki, "bilmirsən, qar uçqununun altında 2 saatdan artıq sağ qalmaq olmaz? 4 kvadratlıq bir əraziyə düşən qar uçqununun ağırlığı 5 ton olur". Onlar qarın altından tapılanda Fəridə və Babur yanaşı, Namin isə oradan çıxmaq istəyən bir vəziyyətdə tapılmışdı. Onların meyitləri tapılanadək Fəridə üçün ağlamışam. Ən son olaraq da hərdən ümid yaranırdı. Fikirləşirdik ki, bəlkə oğlanlardan kimsə onu bəyənib, evlənmək üçün Dağıstana qaçırıb. Təsəvvür edirsiniz, ən pis bir şeyə belə, ümid edib sevinirdik? Ümid çox pis bir şeydir...

Ötən il alpinistlərin axtarışlarda iştirak edən yaxınları
© Sputnik / Nigar Maharram
Ötən il alpinistlərin axtarışlarda iştirak edən yaxınları

- Şəbnəm Sabirli: Sonuncu dəfə doğum günündə görüşmüşdük. Dedi ki, "hədiyyəsiz gəlmişəm, olar gəlim?". Dedim, əlbəttə. Lakin sonradan işdən yorğun gəldiyim üçün dostlarıma, eləcə də Fəridəyə zaman ayıra bilmədim. Buna görə çox peşmanam. Son xəbəri öyrənənədək nəyəsə ümid edirdik. Ümid çox pis şeydir, insanı içdən yeyir.

- Həmin gün Fəridəni o dağa aparan səbəb nə idi?

- Orxan Nuri: Hər bir dağçı kimi onun da yüksək zirvələrə dırmaşmaq kimi qarşısında böyük hədəfi vardı. 2015-ci ilin oktyabrında alpinist kimi fəaliyyətə başlasa da, son yürüşədək qışda zirvəyə çıxmamışdı. Bu səbəbdən Fəridə üçün bu yürüşün xüsusi əhəmiyyəti vardı. Çünki bundan öncə də yay və payızda iki zirvə yürüşü baş tutmamışdı. Mən isə ona məsləhət gördüm ki, qışda Şahdağa getməsin. O isə, "sən getmisən, inkişaf etmisən, indi növbə məndədir, qabağımı kəsmə" dedi. Yadımdadır, hətta, dedim ki, "sən qışda Şahdağda çox olmamısan, gedərsən, başına bir iş gələr, nəinki dirin, heç ölün də tapılmaz". Sanki dediyim kimi də oldu. Bu sözü dediyim üçün mayın 17-dək hər gün ağlayıb əzab çəkdim.

- Elvin Quliyev: Son yürüşədək Fəridənin bundan da hündür zirvə yürüşü olmuşdu. Lakin Şahdağa təşkil olunan bu yürüşlər payız aylarına təsadüf edirdi. Fəridə isə deyirdi ki, "Şahdağa gedib çıxmışamsa, mənə ölüm yoxdur". Çünki Şahdağın payızını görəndə insan düşünür ki, bundan çətin bir zirvə yürüşü ola bilməz. Şahdağın qışını görən isə heç də bu fikirdə olmaz.

- Orxan Nuri: Fəridənin iki yol yoldaşı ilə heç bir dostluq əlaqəmiz olmayıb. Deyilənə görə, Namin professional idi. Buna baxmayaraq, bu hadisədən sonra bir fikri qəbul etmişəm: həmin o iki nəfər dostumu məndən qopardılar. Amma mən Fəridə bu yürüşə getməsin deyə, ona yazır, səs atırdım. Axırıncı dəfə Fəridə ilə danışanda ona səs ataraq dedim ki, "Şahdağa mənlə getmişdin, səni belimdə ora qaldırmışdım, çadırımda qalmışdın". Hətta gecə yatmamışdım ki, o üşüməsin. Səs atanda soruşdum ki, yol yoldaşı olduğun bu oğlanlardan biri səni ora qaldıracaqmı? Dedim ki, axı onlar sənin tanımadığın adamlardır. O da mənə yalandan dedi ki, tanıyıram. Halbuki, onları tanımırdı. Bir-iki dəfə görmək, bir yerdə oturmaq bir insanı tanımaq deyildi.

- Şəbnəm Sabirli: Səyahətə çıxanda da deyirlər ki, yoldaşını düz seç ki, səyahətin maraqlı olsun. Elə yamaclar var ki, onun çətinliyi orta-ağır kimi qiymətləndirilir. Bunun üçün mütləq güvəndiyin biri yanında olmalıdır.

- Bildiyimə görə, son şəkilləri sizin fotoaparatınızla çəkilib. Bu haqda danışardınız.

- Orxan Nuri: O zaman nəşləri tapıldıqda qurduqları çadırdakı əşyaları düzüb, kimə məxsus olduğunu soruşdular. Fotoaparatımı götürdüm. Xoşbəxtlikdən kart zədələnmədiyi üçün şəkilləri xilas edə bildim.

Alpinistlərin son fotoları
© Yaxınları tərəfindən təqdim olunub
Alpinistlərin son fotoları

- Ailə qurmağı necə, düşünürdümü?

- Orxan Nuri: Fəridənin bir sevdiyi oğlan vardı. Hərdən soruşurdum ki, "bəs necə edəcəksiz?" Deyirdi, "əsgər getsin-gəlsin, sonra baxarıq". Dedim ki, "ailə qurduqdan sonra yəqin ki, dağçılıqla vidalaşarsan". Mənə baxıb dedi ki, "dəlisən?".

QEYD:

"Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Uzun sürən axtarışlardan sonra, may ayının 16-da onların meyitləri tapılıb.

Əlaqədar

Alpinistlərin cəsədləri ailələrinə təhvil verilib
Alpinistlərin cəsədləri dəfn edildi
İyirmi altı il öncə itkin düşən alpinist tapılıb
Dağlara qar yağdı, 9 alpinist öldü
Zirvəni fəth etmək istəyən daha iki alpinist həlak olub
Teqlər:
dost, Şahdağ, alpinist

Əsas mövzular