07:42 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Эпидемический грипп и ОРВИ

Batumidə "donuz qripi": Azərbaycanlı turistlər qonşu ölkədə yoluxa bilərlər

© Sputnik / Kirill Kallinikov
CƏMİYYƏT
Qısa URL
5970 0 0

Azərbaycanın Səhiyyə Nazirliyi Gürcüstanda "donuz qripi"nə yoluxub gələn azərbaycanlı turistlərlə bağlı tədbir görməyə hazırdır

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Azərbaycan vətəndaşları Gürcüstanı ziyarət edən turist sayına görə liderdir. Təkcə 2018-ci ildə Azərbaycandan olan qonaqların sayında 40% artım olub. Bu barədə Sputnik Azərbaycan-a Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin PR və reklam şöbəsinin baş mütəxəssisi İrakli Baramidze deyib.

Gürcüstanda turizmin çiçəklənməsi fonunda turistlərin, eləcə də Azərbaycandan oranı ziyarət edənlərin həyatı üçün ciddi təhlükə yaranıb.

Qeyd edək ki, dekabrın 24-də Batumi şəhər Respublika Xəstəxanasında (Acarıstan MR) qripdən yarandığı ehtimal edilən ağırlaşma nəticəsində 53 yaşlı qadın vəfat edib. Sputnik Gürcüstan-ın xəbərinə görə, qadın dekabrın 17-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya daxil olub. Lakin bu həftənin bazar ertəsi səhər reanimasiya şöbəsində ölüb.

Bir sutka sonra gürcü səhiyyə işçiləri daha bir nəfərin H1N1 virusundan ("donuz qripi") öldüyünü qeydə alıblar. Gürcüstanın səhiyyə naziri David Sergeyenkonun dediyinə görə, bədbəxt hadisə Kutaisi şəhərində (İmereti regionu) baş verib.

İctimai Sağlamlıq Mərkəzinin məlumatında bildirilir ki, Acarıstanda laborator şəraitdə üç H1N1 virusuna yoluxma halı qeydə alınıb. Mövsümi xarakterli viruslu xəstəliklərlə bağlı təcili tibbi yadıma müraciətlərin sayı da artıb.

Lakin Acarıstanın Turizm və Kurortlar Departamentinin nümayəndəsi bildirib ki, hələlik hökumət Batumidə "donuz qripi"nin yayılması ilə bağlı fövqəladə vəziyyət elan etməyib. Baramidze bu virus ətrafında yaranan söhbətlərin təşvişdən başqa bir şey olmadığını deyib.

"Səhiyyə Nazirliyi bütün tədbirləri görür. Bildiyim qədər dünən və bu gün səhiyyə naziri özü bu barədə açıqlama verib. Biz "donuz qripi"nin pik həddini fevral-mart aylarındakı qrip mövsümündə gözləyirdik. Əgər vəziyyət ciddi olsaydı, biz bu barədə hamıya məlumat verərdik" - deyə Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin əməkdaşı bildirib.

Baramidze bu günlərdə Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə ilə görüşüb, amma onlar qrip təhlükəsi barədə söhbət etməyiblər.

Hazırda Gürcüstan ciddi xəstəliklə mübarizənin aktiv mərhələsinə daxil olub. Yüzlərlə və bəlkə də minlərlə Azərbaycan vətəndaşı isə çamadanını toplayaraq Yeni ili keçirmək üçün qonşu ölkəyə getməyə hazırlaşır.

Bu faktı nəzərə alsaq, qeyd etmək lazımdır ki, azərbaycanlı turistlər Gürcüstanda sözügedən virusa yoluxma təhlükəsindən sığortalanmayıblar. Onlar risk qrupuna daxildirlər, xəstələnə və virusu Azərbaycana gətirə bilərlər.

Bu təhlükə ilə bağlı vətəndaşları xəbərdar etmək və onların bədən hərarətini ölçmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda və digər gömrük-keçid məntəqələrində istiliyi aşkarlayan qurğular quraşdırılıb. Bunu Respublika Taun Əleyhinə Stansiyanın epidemioloji tədqiqatlar şöbəsinin müdiri Kamran Əfəndiyev bildirib.

O qeyd edib ki, zərurət olduğu halda xəstələr təhlükəli virusa qarşı yoxlanılır.

"Hazırda respublikamızda "donuz qripi"nin yayılması ilə bağlı heç bir təhlükə yoxdur. 2018-ci il ərzində bizim virusoloji laboratoriyamıza stasionarlardan və poliklinikalardan qrip təhlükəsinə qarşı yoxlanmaq üçün 842 nümunə gətirilib. Onlardan yalnız 75 fakt təsdiqlənib ki, bunlar da hamının xəstələndiyi A və B qrupundan olan qrip viruslarıdır" - mütəxəssis bildirib.

Azərbaycanlı turistlərin hazırda risk qrupuna daxil olub-olmadıqları ilə bağlı Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovla əlaqə saxladıq. O qeyd etdi ki, Turizm Agentliyi bununla bağlı hər hansı tövsiyələrini verməyib. Turizm firmaları xaricə turist səfərləri edən şəxslərlə əvvəlki qaydada işləməyə davam edəcəklər.

Əgər Gürcüstanda "donuz qripi" epidemiyası ilə bağlı elan verilsə, o zaman Azərbaycanın turizm şirkətləri öz müştərilərinə qonşu ölkəyə səyahətlərini müəyyən vaxtadək təxirə salmağı tövsiyə edəcəklər.

Əlaqədar

Batumidə SOCAR-ın nümayəndəliyi açılacaq
Tbilisi və Batumidə Azərbaycan vətəndaşları üçün məntəqələr yaradılıb
Güclü daşqınlar Batumini iflic edib
Batumidə iğtişaşlar zamanı deputat yaralanıb

Əsas mövzular