14:40 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Piano ustası Mahir Əliyev

"Təmirim 5 manatdan başlayır, bəzi modellərin qiyməti isə 8 mindir"

© Sputnik / Nigar Meherrem
CƏMİYYƏT
Qısa URL
919220

Ustanın sözlərinə görə, incəlik tələb edən bu sənət üçün böyük səbir, peşəyə hədsiz maraq və sevgi lazımdır

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. "Mən də yazırdım. Pul qazanmaq üçün müxtəlif sahələrə baş vurdum, gördüm, alınmadı. Dedim, elə ən yaxşısı pianino kökləməkdir". "Kökdən düşmüş piano" televiziya tamaşasının Qəhrəmanı kimi, Sputnik Azərbaycan-ın həmsöhbəti Mahir Əliyev də ailəsini dolandırmaq üçün çətin yollardan keçməli olub.

Atası da peşəkar piano ustası olan Mahir artıq 10 ildir ki, pianino kökləməklə məşğuldur. Nə ali təhsili var, nə də bacardığı başqa bir işi. Pul qazanmaq üçün bu peşədən bərk yapışıb: "Atam pianino kökləyirdi. Sifarişləri olanda yanında oturub peşənin incəliklərini öyrənərdim. Beləcə, məndə pianino kökləməyə maraq yarandı. Zamanla üzərimdə işləyib özümü təkmilləşdirdim. Bu gün isə evlərə getməklə, yaxud da sifarişləri emalatxanamda qəbul etməklə ailəmi dolandırıram".

Piano ustası Mahir Əliyev
© Sputnik / Nigar Meherrem
Piano ustası Mahir Əliyev

Mahirin sözlərinə görə digər peşə sahibləri kimi o da bəzən aylarla qazanc əldə etmir: "Yayda qazancım daha çox olur. Bu da ali məktəblərə, kolleclərə qəbul və abituriyent hazırlığı ilə əlaqədardır. Belə aylarda isə artıq durğunluq yaranır. Qazancsız aylarımız da olur, bununla belə, ailəmi birtəhər dolandırmışam. Ümumiyyətlə, bu peşə ilə ailə saxlamaq elə də asan deyil".

Həmsöhbətimiz təmir qiymətləri barədə də danışır: "Digər işlərlə müqayisədə pianino kökləməyin qiymətləri daha münasibdir. Demək olar ki, pianino kökləmək üçün qiymətlər standart olaraq 50 manat civarında dəyişilir. Dilin birinin düzəldilməsi 5 manatdır. Restavrasiyanın qiymətləri isə sifarişçinin tələblərinə görə, təxminən 300-400 manat arasında dəyişilir. Elə sifarişçi var ki, divar kağızının bir hissəsini gətirir ki, pianinomu bu cür üzlə. Orta hesabla desək, aylıq olaraq 300-500 manat qazanıram".

Peşəsini çox sevən Mahir işinin genişləndirmək məqsədilə həyətində emalatxana da tikdirib. Burada kökdən düşmüş, ikinci əl və restavrasiyaya ehtiyacı olan pianinolar saxlanılır: "Öncələr pianinoları yığıb rayonlara yollayırdıq. Düşündük ki, bu işi Bakıda da reallaşdırmalıyıq. Beləcə emalatxananı yaratdıq. Daha çox qazanc əldə etmək üçün pianino rəngləyib pul qazanmağa başladıq. Emalatxananın bir hissəsində olan pianolar isə ikinci əldir. Onların bəziləri mənə pulsuz olaraq bağışlanılıb. İkinci əl olan bu pianinoların satışını da həyata keçiririk".

Pianolar
© Sputnik / Nigar Meherrem
Pianolar

Mahir ikinci əl pianinoları çox ucuz, 20 manata belə, alır. Həmin pianinonun isə yalnız detallarından restavrasiya işlərində istifadə edir: "İkinci əl pianino alarkən, əsasən, mexanizmlərin işləkliyinə, içinin yeyilib, yeyilməməsinə diqqət edirik. Taxtası qırılan, içini güvə yeyən pianinoları almırıq".

Emalatxanada satılan pianoların qiyməti isə 250 manatdan başlayır: "Qiymətlər modellərə görə fərqlənir. Yeni modellərin qiyməti isə 5-8 mindir. Rusiya və Almaniya istehsal olan pianinolar modelinə və qiymətinə görə bir-birindən fərqlənir. Bu modellər arasında səs, sim, mexanizm, görünüş fərqləri var. Almaniya pianinoları bahadır".

Ustanın sözlərinə görə, incəlik tələb edən bu sənət üçün böyük səbir, peşəyə hədsiz maraq və sevgi lazımdır.

Söhbətimizin bu məqamında 30 ildən çoxdur pianino kökləyərək ailəsini dolandıran ustanın atası Tofiq Əliyev də bizə qoşulur. O, güzəranı yaxşı olmayan ailələrə bəzən pulsuz kömək etdiklərini deyir: "Şəhid ailəsindən də sifarişlərimiz olub. Pianinonu kökləmişik, ancaq onlardan bir qəpik də almamışıq. Camaatı başa düşmək lazımdır. Elə olub ki, qiymət demirik, pulumuzu artıqlaması ilə veriblər. Müştəridən sui-istifadə edən ustalar da var. Təəssüflər olsun ki, bəzi ustalar daha çox qazanmaq üçün qiymətləri süni şəkildə artırırlar".

Tofiq Əliyev
© Sputnik / Nigar Meherrem
Tofiq Əliyev

T.Əliyev təəssüf edir ki, bu peşəni öyrənmək istəyənlər yox səviyyəsindədir: "Biz 3-4 nəfər birgə işləyirik. Öyrətməyə də həvəsimiz var. Lakin bu vaxtadək kimsə gəlib deməyib ki, "mənə pianino kökləmək peşəsini, restavrasiyanı öyrət". Bu gün, az da olsa, sənətkarlar var".

Mahir deyir ki, piano kökləyənlər üçün səs gözə görünəndir, eynən qarşısındakı masa, stul kimi. Səsi yoxlamaq üçü ustaların əsas aləti isə kamertondur. Bu alətin vasitəsi ilə səsin düzgünlüyü yoxlanılır.

Əlaqədar

Azərbaycanlı pianoçunun yeni albomunun təqdimatı İstanbulda keçiriləcək
Qeyri-adi piano-pilləkən görənləri heyrətə gətirir
Beş ildir Nyu-Yorkda yaşayan azərbaycanlı pianoçudan maraqlı etiraf
Teqlər:
səs, emalatxana, təmir, piano, usta

Əsas mövzular