CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsrlərdən qalan sənət yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir

© Sputnik / Shahperi AbbasovaŞəki kəlağayısı
Şəki kəlağayısı - Sputnik Azərbaycan
Abunə olmaq
"Pul qazanmaq xətrinə atamdan mənə qalan "miras"a xəyanət etmərəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Kəlağayı Azərbaycan qadınının baş örtüyü olmaqla yanaşı, həm də onun ismət rəmzi sayılardı. Nə xoş ki, unudulmaqda olan bu peşəni qoruyub saxlamağa çalışanlar da var. Sənətkarlıq ənənələrini qoruyub saxlayan şəkililər kəlağayı sənətini də yaşatmağa çalışırlar. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən bu sənət Şəkidə nəsildən-nəslə ötürülür.

© Sputnik / Shahperi AbbasovaKəlağayı ustası Əmiraslan Şamilov
Kəlağayı ustası Əmiraslan Şamilov - Sputnik Azərbaycan
Kəlağayı ustası Əmiraslan Şamilov

Haqqında danışdığımız peşəni yaşadanlardan biri də Əmiraslan Şamilovdur. Bu sənətdə saç ağardan həmsöhbətimiz 50 ilə yaxındır kəlağayı ustası olduğunu bildirir: "Bu sənətlə ailəliklə məşğul olmuşuq. Atam Şövkət-Ziya Sərkərov Azərbaycanın ən tanınmış kəlağayı ustalarından olub. O vaxtlar ipək istehsal etmək üçün ayrıca emalatxanamız vardı. Xam mal çatışmadığına görə 1995-ci ildə işimiz dayandı".

Əmiraslan bəy, həm də 2001-ci ildə yaradılmış Şəki Sənətkarlar Assosiasiyasının sədridir: "Rəhmətlik Heydər Əliyev sənətkarları bütün vergilərdən azad etmişdi. Sənətə, sənətkara dəyər verən ulu öndərimizin tapşırığı ilə "Yuxarı Karvansaray"da 26 sənətkara dükan ayrılmışdı. Onlardan biri də mənim idi. Hazırda fəaliyyət göstərən həmin dükanın əsas müştəriləri xarici turistlərdir".

Müsahibimiz 2015-ci və 2016-cı illərdə Heydər Əliyev Fondunun təşkil etdiyi, Fransanın paytaxtı Parisdə baş tutan "Azərbaycan şəhərciyi" çərçivəsində keçirilən sərgilərdə də iştirak edib: "Parisdə keçirilən Azərbaycan günlərində kəlağayılarım çox böyük maraqla qarşılandı. Orada Avropanın digər ölkələrindən də qonaqlar var idi. 12 gün davam edən mərasimdə bizim milli baş örtüklərimizə heyranlıqla baxırdılar".

© Sputnik / Shahperi AbbasovaKəlağayı qəlibləri
Kəlağayı qəlibləri - Sputnik Azərbaycan
Kəlağayı qəlibləri

Əmiraslan bəy ipəkçiliyin tənəzzül etdiyi bir vaxtlarda da bu sənətin itib-batmaması üçün əlindən gələni edib: "Şəkidə yaşlı insanlarda olan ipəkləri yığırdım. O kəlağayıları yenidən bərpa edirdim. Elə edirdim ki, onun yenidən emal olunduğu hiss olunmurdu. Çalışırdım, bu sənət unudulmasın".

Qloballaşan dünyamızda insanların əksəriyyəti qədim peşələrə yiyələnmək istəmir. Sənətkar Əmirasalan bəy hesab edir ki, bu sənəti öyrənmək üçün iradə, dözüm və illər lazımdır: "5-10 gün mənim yanımda olmaqla sənətkar ola bilməzsən. Bunun üçün illər lazımdır. Mən atamdan 30 il öyrəndim. Atamdan əlavə başqa ustalardan da sənətin sirlərini öyrənməyə çalışırdım".

"Mənim oğlum mən kimi sənətkar ola bilməz. Çünki, onun nə mənim kimi səbri, nə də mənim qədər həvəsi var. Bundan da başqa, mən neçə-neçə sənətkar gördüm, götürdüm, o isə təkcə məni görür. Əfsus ki, o sənətkarların övladları da atalarının sənətini davam etdirmədilər" — deyə usta əlavə edir.

© Sputnik / Shahperi AbbasovaKəlağayı qəlibləri
Kəlağayı qəlibləri - Sputnik Azərbaycan
Kəlağayı qəlibləri

Şəkili ustanın hazırladığı kəlağayıların qiyməti 50 manatdan 300 manata qədərdir: "Sovet dövründə ipəkçilik çox güclü inkişaf edirdi. Bundan başqa boyayıcı maddə də Rusiyadan gəlirdi. İndi xammal çatışmazlığı var. Son illər ən böyük problemlərdən biri də qəbul məntəqələrinin olmamasıdır. Ona görə də sənətkarlar əziyyət çəkir. Bundan əlavə, "qırmızı", "innabı", "soğanı" kəlağayılar bir zamanlar dəbdə idi. Bəy boynuna salmaq, gəlin maşınını bəzəmək üçün alardılar. İndi isə 1 manatlıq qırmızı lent bağlayırlar. Alıcı azlığı və xammal çatışmadığından biz də qiyməti qaldırmaq məcburiyyətindəyik".

Sənətkar deyir ki, kəlağayının naxışlanması üçün taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə edilir. Ustada olan qəliblərin əksəriyyəti qədimdən qalıb. Ən qədim qəlibin 200-dək yaşı var. Ustanın dediyinə görə, vaxtilə həmin qəlib dəstində 15 ədəd qəlib olub, indi isə yalnız biri qalıb.

© Sputnik / Shahperi Abbasova200 yaşlı kəlağayı qəlibi
200 yaşlı kəlağayı qəlibi - Sputnik Azərbaycan
200 yaşlı kəlağayı qəlibi

Qəliblər hazırlanarkən milli ornamentlərə, xüsusilə buta formasında olan naxışlara üstünlük verildiyini deyən Əmiraslan bəy kəlağayını naxışlayarkən müştərinin arzusuna uyğun olaraq qəliblərdən də istifadə edir: "Sifariş verənin arzusunu da nəzərə alırıq. Son vaxtlar sifarişlə hazırladığım qəliblər arasında "Bakı-2015" birinci Avropa Oyunlarının loqosu olan narın, Qobustanın qayaüstü rəsmlərinin, muğam üçlüyünə aid tar, kamança və qavalın əks olunduğu qəliblər var. Əsasən xarici turistlər bu ornamentlər olan kəlağayılara üstünlük verirlər".

© Sputnik / Shahperi AbbasovaŞəkili usta Əmiraslan bəyin kəlağayı sexi
Şəkili usta Əmiraslan bəyin kəlağayı sexi - Sputnik Azərbaycan
Şəkili usta Əmiraslan bəyin kəlağayı sexi

Kəlağayını boyamaq zərgər dəqiqliyi tələb edir. Ani bir səhv kəlağayını məhv edə bilər. Sənətkar vurğulayır ki, kəlağayını başqa rənglərlə boyamaq mümkün deyil: "Onunçün 3 rəngdə — qırmızı, göy, yaşıl, xüsusi boya var. Həmin boyayla başqa heç nəyi boyamaq mümkün deyil. O rənglər üyüdülmüş sarağan ağacından əldə edilir. Sarağan rənglərin qarışmasının qarşısını alır".

Sələflərinin sənətini yaşadan sənətkar bildirir ki, boyaq maddəsi də ona atasından qalıb: "Hazırda süni boya ilə şablon kəlağayılar hazırlanır. Zahirən bənzərlik olsa da, material satıcını ələ verir. Boyaq tapmasam, emalatxananı bağlayacam. Pul qazanmaq xətrinə atamdan mənə qalan "miras"a xəyanət etmərəm".

Xəbər lenti
0