12:52 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Arıçı Hikmət Əliyev

Təcrübəli arıçı: “Bal benzindir ki, yansın?”

© Sputnik / Tarana Khudabakhshiyeva
CƏMİYYƏT
Qısa URL
12045 0 0

"Adi qaşıqla yeyəndə bal qana 13 dəqiqəyə qarışır, amma suya qarışdırıb içəndə 7 dəqiqəyə"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Artıq bir neçə ildir ki, Bakıda bal yarmarkası təşkil olunur. İnsanların əksəriyyəti təmiz bal almaq üçün məhz payız fəslində bal yarmarkasının açılmasını gözləyir. Amma bəzi şəxslər var ki, hələ də yarmarkada satılan balın keyfiyyətinə şübhə edir.

Maraqlıdır, yaranmış bu şübhələrə necə son qoymaq olar? Ümumiyyətlə xalis balla saxta balı bir-birindən hansı üsullarla ayırd etmək olar? Necə edə bilərik ki, fırıldaqçı bal satanların "qurbanına" çevrilməyək?

Sputnik Azərbaycan-ın əməkdaşının mövzu ilə bağlı suallarına peşəkar arıçı Hikmət Əliyev aydınlıq gətirib. Otuz bir ildir arıçılıqla məşğul olan Biləsuvar sakini bu sahənin bir çox sirrini əməkdaşımızla bölüşüb.

- Bal yarmarkası başlayandan hər kəsi bir sual maraqlandırır - yarmarkada satılan balların hamısı təmiz və keyfiyyətlidir?

- Keçən illərə baxanda, hər il daha keyfiyyətli işlər aparılır. Əvvəl yarmarkada keyfiyyətsiz İran balları satılırdı. Biz arıçılar onları tanıyırdıq, amma vətəndaşlar yox. İndi artıq belə deyil. Bu il laboratoriyadan keçən ballar yarmarkaya buraxılıb. Bu yarmarkada məni qane etməyən isə arıçılıqdan uzaq insanların burada iştirak etməsidir. Onların bəzilərinin arıçılıqdan anlayışları yoxdur.

- Deyilənə görə, kibrit, kağız və başqa vasitələr ilə balın təmiz olmasını yoxlamaq olur. Doğrudurmu?

- Bunu da qeyri-peşəkar arıçılar edir. Onlar insanları aldadır. Keçən dəfə xanım məndən bal alırdı və kibriti yandırıb balın içinə saldı. Deyirəm nə edirsiz? Deyir ki, "balın keyfiyyətini yoxlayıram". Kibrit balın içində söndü. Qadın deyir ki, "kibrit sönməli deyildi". Mən də gülərək dedim ki, "bal benzindir ki, yansın?"

- Bəs balın keyfiyyətini necə yoxlamaq olar?

- Balda nişastanın keyfiyyətini yod ilə yoxlamaq olur. Balı suya qatandan sonra tərkibində nişastanın olub-olmadığını yoxlamaq olur. Amma balın digər keyfiyyətlərini hər hansı təcrübə ilə bilmək olmur. Bəziləri kağıza tökürlər, kibritə salıb sonra yandırırlar. Bunların heç bir məntiqi əsası yoxdur. Ya da arıçılar balı qaldırıb yuxarıdan süzürlər. Bal bir az süzüləndə qırılır. Mürəbbədə də belə olur. Bu alıcını cəlb etmək üçün balçıların uydurduqları yalandır. Bir də balçılar alıcıları onunla aldadırlar ki, eyni balı müxtəlif bal növü kimi satıcıya təklif edirlər. Məsələn, bir balı müxtəlif şəxslərə biam, may balı, çökə, qaratikan və digər bal növü kimi təklif edirlər. Bir sözlə, alıcıların məlumatsızlığından istifadə edirlər.

- Balın hansı növləri olur və nə kimi faydaları var?

- Məsələn, insanların az eşitdiyi qarabaşaq balıdır. Azərbaycanda az istehsal olunur. Biz də qarabaşaq balı istehsal edirik. Ağsuda 500 hektar qarabaşaq əkilmişdi. Arılarımızı ora aparırıq və qarabaşaq balı əldə edirik. Bu bal mikroelementlərinə görə ən zəngin baldır. Ümumiyyətlə, qara ballarda - qarabaşaq, şabalıd ballarında mikroelementlər çox olur. Amma açıq rəngli ballarda isə antiseptilik daha güclü olur. Bu ballar isə immunitetin güclənməsi, soyuqdəymə, bronxlar üçün daha effektlidir.

Balda lisizin maddəsi var. Bu balın üz qabığında, yəni qaymağında daha çox olur. Çox insan bilmir, amma baldansa balın qaymağında lisizin maddəsi 10 dəfə çoxdur, A vitamini isə yerköküdən 400 dəfə çoxdur. Bununla müalicə də çox əhəmiyyətlidir. Belə ki, bağırsaqları yağlayır, mədə-bağırsaq sisteminiт işini yaxşılaşdırır. Bunu yeməkdən sonra 15 dəqiqə çeynəyirsən. Bu zaman diş dibini, boğaz və burun problemini, mikrobları məhv edir. Sentyabrdan may ayına kimi bunu çeynəsəniz, 4 illik immunitet yaradır. Maraqlısı odur ki, insanların bunlardan məlumatı yoxdur.

- Müştərilərinizə daha çox hansı bal növünü məsləhət görürsünüz?

- Bəzən deyirlər ki, təmiz bal boğazı yandırmalıdır. Bu, belə deyil. Balın boğazı yandırıb-yandırmaması çiçəkdən asılıdır. May balları yumşaq olduğundan boğazı yandırmır, amma şabalıd balı boğazı yandırır. Şəkər xəstələri üçün fruktozası çox olanlar məsləhətdir. Belə ballar gec xarlanır. Məsələn, biyan balı var, yaponlar bu balı çox alır. Gəzəngi adlı bal da var. Gəzəngi balının rəngi həmişə tünd olur. İnsan üçün xeyirlidir. Amma arı üçün ziyanlıdır. Çünki soyuq ərazilərdə gəzəngidən bal hazırlayan arıların qarnı ağrıyır. Arılar isti yerlərdə qarnını boşaldır, amma soyuqda yox. Gəzəngi balını arılar xüsusi cücülərin şam ağaclarında qoyduğu ifrazatdan hazırlayır. Türkiyədə buna can balı deyirlər və geniş yayılıb. Bizdə də meşə ərazilərində daha çox olur.

- Dağ balı daha keyfiyyətlidir, yoxsa aran?

- Bəzən mübahisə edirlər ki, dağ balı daha keyfiyyətlidir. Bu, belə deyil. Hər balın öz keyfiyyəti var. İnsanlar aran zonasının adını eşidəndə bal almaq istəmirlər. Amma bu, səhv yanaşmadır. Hər balın öz keyfiyyəti var.

- Balı necə yemək daha çox xeyirlidir?

- Balı ilıq suda qarışdırıb yemək daha çox effekt verir. Belə ki, adi qaşıqla balı yeyəndə bal qana 13 dəqiqəyə qarışır, amma suya qarışdırıb içəndə isə 7 dəqiqəyə. Xeyri isə budur ki, öd yollarını açır, qaraciyərin, böyrəyin fəaliyyətini artırır. Həzm problemini həll edir. Balı çox yemək də lazım deyil, 30 qram bal kifayət edir.

Ənənəvi illik bal yarmarkası
© Sputnik / Murad Orujov

- Hər kəsi maraqlandıran suallardan biri də balın xarlanması ilə bağlıdır. İstərdim ki, buna da aydınlıq gətirəsiniz.

- Balın xarlanması tərkibində olan qlükoza, fruktoza və milsozadan asılıdır. Qlükoza çox olanda, bal tez xarlanır, balın tərkibində fruktoza çox olanda isə gec xarlanır. Amma deyim ki, bal mütləq xarlanmalıdır. Bal var 1 ilə, bal da var 5 ilə xarlanır. Bu, sadəcə balın tərkibindən asılıdır.

- Builki yarmarkada satışdan razı qaldınız?

- Bu il bal baha oldu. Çünki havaların yağışlı olması səbəbindən meşə və qarabaşaq balının məhsulu az oldu. Amma aran zonasında bal yaxşı oldu. Ona görə aran balını ucuz verə bildik, digərlərini yox.

Əlaqədar

Məşhur "Miki balı" və haramı sevməyən arılar
Arı Qax sakinini xəstəxanalıq etdi
"Arı sancmasından ölən" gəncin valideynləri bir ildir ki, fəryad edir
Arıçılıqla məşğul olanlara şad xəbər
Arıçıdan həyəcan təbili: Hər dəfə pambığa dərman səpiləndə arılar məhv olur

Əsas mövzular