09:42 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Tibbi laboratoriya, arxiv şəkli

Azərbaycanın baş məhkəmə-tibbi eksperti gəmidəki zəhərlənmənin səbəbini açıqladı

© pixabay / DarkoStojanovic
CƏMİYYƏT
Qısa URL
6173 0 0

Həsənov: Bütün materiallar ümumi ekspertizanın aparılması üçün məhkəmə-kimyəvi ekspertiza şöbəsinə göndərilib. Ekspertizanın nəticələri bir ay sonra bilinəcək

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov Sputnik Azərbaycan-a verdiyi açıqlamada Xəzər dənizində İran İslam Respublikasına məxsus "Nazmehr" yük gəmisinin ekipajının üç üzvünün ölümünə səbəb olacaq iki əsas versiyanı səsləndirib.

18 oktyabr tarixində saat 21:20 radələrində Xəzər dənizinin mər­kəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı mar­­şrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Naz­mehr" quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi ilə əla­qədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müraciət edilməsi barədə Döv­lət Dəniz Agentliyindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məlumat daxil olub. Daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılıb və İİR gəmisi olan koordinatlara istiqamətləndirilib. 

Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmi­si­nə yan alıb və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR və­təndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götü­rərək sürətlə sahilə doğru hərəkət edib. İİR vətəndaşları "Naz­mehr" quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmadığını bildirib. Sərhəd gözətçi gəmisində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı tədbirlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.

Saat 04:00 radələrində "Nazmehr" quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşdiyini bildirib və köməklik göstərilməsini xahiş edib. Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürüb və daha 4 nəfər heyət üzvü xilas edilərək Abşeron dəniz limanına çatdırılıb. Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Ədalət Həsənovun sözlərinə görə, ekipaj üzvlərinin ölümü ilə bağlı iki versiya üzərində dayanılıb: gəmi ilə daşınan taxıla vurulmuş pestisidlərlə zəhərlənmə və qidadan zəhərlənmə. Pestisidlərlə zəhərlənmə ehtimalı qapalı yerdə açıq havaya nisbətən daha yüksəkdir. Ola bilər ki, dənizçilər gəmidəki taxıla vurulan pestisidlərin buxarlanması nəticəsində zəhərləniblər. 

"Həm xəstəxanaya aparılan ekipaj üzvlərindən, həm də meyitlərdən analiz üçün qan nümunələri götürülüb. Bütün materiallar ümumi ekspertizanın aparılması üçün məhkəmə-kimyəvi ekspertiza şöbəsinə göndərilib. Ekspertizanın nəticələrinin hazır olması üçün bir ay vaxt lazımdır" — deyə Həsənov bildirib.

Hazırda Baş Prokurorluq "Nazmehr" quru yük gəmisinin ekipaj üzvlərinin kütləvi zəhərlənməsi ilə bağlı işi araşdırır.

Qeyd edək ki, gəmidə 1989-cu il təvəllüdlü Əkbər Masumi Kərim oğlu, 1986-cı il təvəllüdlü Seyid Mortaza Mirhüseyn oğlu və 1990-cı il təvəllüdlü Sayyad Mosleh Fereydun oğlu həyatını itirib.

Əlaqədar

Gəmidə ölən İran vətəndaşlarının meyiti təhvil verildi
Bakıya yaxınlaşan gəmidə böyük fəlakət yaşanıb, hadisənin təfərrüatı ortaya çıxdı
Batan gəminin azərbaycanlı kapitanı baş verənlərə aydınlıq gətirdi - VİDEO
Qara dənizdə azərbaycanlıların gəmisi batdı
Avqustda okeanda tapılan sirli gəmi batdı

Əsas mövzular