12:51 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Mehman Həşimov

Xəzər sahilində yaşayan tənha Dərviş: "Bütün cinayətkarların ürəyində ədalət var"

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
1143610

Mehman Həşimov: "Həyatda bütün insanlar tənhadır, ailəli olanlar belə..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. "Mən aciz bəndənəm, elə bir kəsəm, tək səndən istərəm hər nə istəsəm, Allahım, Allahım, sən ol pənahım mənim…"

İlk dəfə bu misraları dinləyəndə onun ifası cəlb etmişdi məni. Hiss olunurdu ki, yaşadıqlarını musiqi ilə insanlara çatdırır. Necə deyərlər, dərdini zümzümə edir.

Onu dəfələrlə dinlədikdən sonra qərara gəldim ki, yaxından tanıyım və oxucularımızla da tanış edim. Elə bu məqsədlə dostuna zəng etdim, danışdıq, razılaşdıq ki, Dübəndidə dəniz kənarında görüşək.

Mehman Həşimov
© Sputnik / Irade CELIL
Mehman Həşimov

Düşünürdüm ki, qayıqla dənizə dalarıq, ayağımız yerdən üzülər, suların qoynunda söhbətimiz daha maraqlı alınar. Ancaq vahiməli dalğalar bu arzumu "gözümdə qoydu". Dənizin kənarındakı bir yerə yan aldıq, mən sual verdim, o isə həm danışdı, həm ifa etdi, həm də oxudu. Bir sözlə, Dərvişlə həmdərd olduq…

Bəli, Sputnik Azərbaycan-ın budəfəki qəhrəmanı Dərvişdir. Əsl adı Mehman Həşimov olsa da, hamı onu "Dərviş" ləqəbi ilə çağırır. O, əslən qarabağlı, laçınlıdır. Uşaqlığı hazırda yaşadığı Pirallahı qəsəbəsində keçib. Elə orada, 168 saylı məktəbdə orta təhsil alıb. Məktəbi bitirəndən sonra Rusiyada yaşamaq marağı onu Azərbaycandan uzaqlaşdırıb. Üz tutub soyuq ölkəyə, qərib diyara…

"16 yaşım olanda getdim Azərbaycandan. O vaxtlar çox adam gedib-gəlirdi Rusiyaya. Rusların həyat tərzi nədənsə xoşuma gəlirdi. Həmin dövrlərdə qardaşım da Murmanskda yaşayırdı. İçimdəki Rusiya sevgisi ilə qardaşımın yanına getmişdim" – deyir Dərviş.

Söhbətimizin gedişində məlum oldu ki, min bir xəyallarla üz tutduğu Rusiya Dərvişi dəmir barmaqlıqlarla "mükafatlandırıb". İyirmi bir yaşı olanda barların birində mübahisə zamanı vurduğu şəxs öldüyü üçün həbs olunub. Özü isə bu davranışına "gənclik səhvi" kimi "don geyindirir".

Ömrünün 12 ilinə bədəl olan həmin cinayət onun bütün həyatını dəyişib: "2002-ci ildə azadlığa çıxdım, 2003-cü ildə Azərbaycana qayıtdım. Mən yenidən vətənə qayıdanda nəinki mən, burada həyat da, insanlar da, hətta insanların bir-birinə münasibəti də dəyişmişdi".

Mehman Həşimov
© Sputnik / Irade CELIL
Mehman Həşimov

Dərviş Azərbaycana qayıtdıqdan sonra da həyat üzünə gülmür. Onun yolu yenidən həbsxanadan düşür. Vəzifəli şəxsə qarşı cinayət törətdiyi üçün azadlıqdan məhrum edilir. On bir il həbs cəzası alan Dərviş 2014-cü ildə yenidən azadlığa çıxır: "İstəməzdim ki, səhvlərimi təkrar edim. Yaxşı bir həyat yaşamaq istərdim. Amma nədənsə alınmadı. Məni başa düşən və mənim başa düşdüyüm insanlarla qarşılamadım".

O, ömrünün 23 ilini həbsxana divarları arasında də keçirdiyi üçün nə sevgi yaşayıb, nə də ailə həyatı qurub: "Kişi üçün həyatda vacib olan geniş ev və sadiq həyat yoldaşıdır. Mənim nə geniş evim olub, nə sadiq həyat yoldaşım. Evlənmək olardı. Amma mənim ailəmə baxacaq imkanlarım yox idi. Ailə həyatı qurub sonra ayrılmaq istəmirdim. Buna görə də evlənmədim".

Evlənmədiyinə görə çox təəssüflənsə də, sabaha ümidlidir, həyatın hələ qarşıda olduğunu düşünür. Hesab edir ki, insan yaşından asılı olmayaraq, həyatda olduğu müddətdə sevə bilər: "Sevgi hər insana qarşı ola bilər. Sevgini qadına yönəltmək üçün isə kişinin o qadınla həm düşüncəsi, həm ürəyi, həm də cismi bir-birinə yaxın olmalıdır. Bu zaman sevgi yaranır. Əgər sevgidə bu üçündən biri yoxdursa, sevgi yoxdur. Mən heç vaxt sevməmişəm. Amma ola da bilər, niyə də olmasın. Bəlkə də mən sevgi ilə qəbirə gedəcəyəm. Mən də sevilmək, sevmək istəyirəm".

İnsanlardan həm xarici görkəmi, həm də düşüncələri ilə çox seçilən Dərvişin xoşbəxtlik anlayışı da fərqlidir: "Xoşbəxtlik insanın ancaq özündə olmalıdır. Ancaq tək xoşbəxt olmaq mümkün deyil. Tək 23 il məhbus olmaq olar, tək əzab-əziyyət çəkmək olar. Amma tək xoşbəxtlik olmur".

Onunçün tənhalıq məfhumu da başqadır: "Həyatda bütün insanlar tənhadır. Nəinki subaylar, hətta ailəli insanlar belə, tək-tənhadır. Sübut üçün deyim, ailə həyatı olsa belə, gecə yatanda hər kəs üzünü başqa səmtə çevirib yatır".

Qəribədir ki, başdan-ayağa qeyri-adiliklərlə dolu olan Dərviş 23 illik məhbəs həyatı yaşamasına, məhrumiyyətlərinə baxmayaraq, heyfslənmir. Onun indiyədək "kaş ki" dediyini eşidən, duyan olmayıb.

Həyat üzünü güldürməyən Dərviş bu gün mahircəsinə həyatın üzünə gülür. Maraqlısı odur ki, onun məharəti təkcə bundan ibarət deyil. O, həm də gitarada çox məharətlə ifa edir, özü şeir yazır, mahnı qoşur, həmçinin ürəyinə yatan mahnıları gözəl ifa edir. İfa etdikcə hiss edirsən ki, yana-yana oxuyur, bəlkə də oxuduqca dərdlərini yandırır…

Dediyinə görə, mahnıların çoxunu həbsxanada olanda yazıb: ""Həbsxana məktəbdir" ifadəsi ilə razılaşmıram. Kim bu sözü deyirsə, səhv edir. Orada qəm-qüssə, kədər var. Orada heç nə öyrənmirsən".

Dərviş bizimlə yaddaşında iz buraxmış bir həbsxana xatirəsini də bölüşdü: "Bir gün həbsxanada filmə baxırdıq. Filmdə cinayətkar polislər tərəfindən saxlanıldı. Həmin vaxt yanımdakı cinayətkarların bəzisi həyəcanla, sevinclə qışqırırdı ki, "tutdu, tutdu". Bir başqası da dedi ki, "nəyə qışqırırsan, o da cinayətkardır, siz də cinayətkarsınız". Biri qalxıb dedi ki, "bütün cinayətkarların ürəyində ədalət var və heç kim cinayətkar olmağı arzulamır. Mən bu insanlara cinayətkar deməzdim. Onlar da zərərçəkmişdir"".

Dərvişlə bir xeyli dərdləşdik, həm kədərləndik, həm də sevindiyimiz anlar oldu. Söhbətimiz bitəndən sonra isə o, bizi musiqiyə qonaq etdi…

Əlaqədar

Xalqın sənətkara pul, ev, maşın borcu yoxdur
Fəxri adı başına bəla olan sənətkar - Onun rəsmini “Dəmir ledi” də alıb
Dünya boyda sərvəti olan sənətkar
Goranboylu sənətkar qədimi peşəni yaşadır
Küçə "sənətkarları"nın əl işi vətəndaşın qəzaya düşməsinə səbəb oldu
Teqlər:
gitara, dərviş, həbsxana, həyat, xoşbəxtlik, insan, Rusiya, Azərbaycan

Əsas mövzular