12:52 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Alma bağı, arxiv şəkli

Tale bölgə əhalisinin üzünə gülüb: Hər kəs öz arzusunu reallaşdırmağa çalışır

© Sputnik / Leyla Abdullayeva
CƏMİYYƏT
Qısa URL
12781 0 0

Qiymət aşağı, keyfiyyət isə yüksək - Gəl ay müştəri, almadan qalmadı

Leyla Abdullayeva —Sputnik Azərbaycan.

BAKI, 11 oktyabr — Sputnik. Ölkəmizdə 300-ə qədər alma növü yetişir. İlin bütün fəsillərində saxlanılması mümkün olan və bol vitaminlərlə zəngin bu meyvə, əsasən şimal zonasında (Quba və Xaçmaz) becərilir. Hətta Quba rayonu almanın vətəni sayılır.

Bu il Quba və Xaçmaz rayonlarında almanın məhsuldarlığı çox yüksək olub. Bağlarda artıq məhsul yığımına başlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri builki məhsuldarlıqla yerindəcə tanış olmaq üçün Xaçmaz rayonunun Arzu kəndində salınmış alma bağlarına yollanıb və məhsul yığan fermerlərlə həmsöhbət olub.

Qubada alma yığımı
© Sputnik / Leyla Abdullayeva
Qubada alma yığımı

İnsanın, sanki üzünə gülən qırmızıyanaq alma ağacları ilə dolu bağın sahibi Cəlil Allahyarovdan öyrəndik ki, son illər ərzində ən yüksək məhsuldarlıq bu il olub: "Belə yüksək məhsuldarlıq son illərdə olmamışdı. Bu il zəhmətimizin hədər getməməsi bizi çox sevindirdi".

Bağ sahibi bildirdi ki, bu il məhsulun bol olması ilə yanaşı, məhsulun keyfiyyəti də yüksəkdir, almalar çox sağlamdır: "Mənim bağımda bir neçə alma sortu yetişir. Bunların arasında bazara çıxartdığımız "Golden delişes", "Reneti", "Simerenko", "Qrani smit" və bir neçə müxtəlif sortlar var. Ən yaxşı qiymətə gedən isə "Qızıləhmədi" almasıdır. Çünki həmin almadan həm də dərman kimi istifadə olunur. "Qızıləhmədi" qan azlığının qarşısını alır".

Bağ sahibi məhsulun becərilməsi vaxtı bir sıra problemlərlə qarşılaşdıqlarını da vurğuladı: "Bu il çox əziyyət çəkdik, istər suvarmada, istərsə də dərmanlama işlərində. Amma şükürlər olsun ki, əziyyətimizin bəhrəsini gördük".

Fermerlərlə söhbətimiz əsnasında bağa alma üçün gələn alıcılarla da qarşılaşdıq. Məqam düşmüşkən, onların da builki məhsulla bağlı fikirlərini öyrəndik.

Alma ağacı
© Sputnik / Leyla Abdullayeva
Son illər ərzində ən yüksək məhsuldarlıq bu mövsüm olub

Alıcı Samir Babayev builki alma bazarında olan vəziyyət barədə danışdı: "Bu il məhsulun bolluğu, eyni zamanda, Rusiya Federasiyasında da analoji vəziyyətin olması qiymətin aşağı düşməsinə, alıcılıq qabiliyyətinin isə yüksəlməsinə səbəb olub. Keçən il sahibkardan almanın kilosunu 50-60 qəpiyə alıb, bazarda 1, 1.20 manata satmalı olurduq. İndi isə 40 qəpiyə alıb, 50-60 qəpiyə satırıq".

S.Babayev qeyd etdi ki, hazırkı vəziyyətdə məhsulu bazara çıxartmaq sahibkara sərf etmir: "Ona görə də aldığımız məhsulları xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yerləşdiririk. Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndəririk".

"Bununla yanaşı, Quba alması daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də ixrac olunur. Bunun üçün alma iki ay saxlanılır, bu müddətdə çürüməzsə, Rusiya Federasiyasına ixrac edirik" – deyə o bildirdi.

Satışın səviyyəsini və bazar qiymətlərini öyrənmək üçün isə Şabran və Siyəzən rayonlarında yerləşən bazarlarda olduq. Oradakı alıcıların da fikirlərini öyrənməyə çalışdıq.

Bol olmaqla yanaşı, məhsulun keyfiyyəti də yüksəkdir
© Sputnik / Leyla Abdullayeva
Bol olmaqla yanaşı, məhsulun keyfiyyəti də yüksəkdir

Şabran rayon sakini Mehriban Səmədova almanın bu il ucuz olmasına görə çox sevindiyini bildirdi: "11 yaşlı xəstə övladıma həkimlər hər səhər 1 stəkan alma şirəsi içməyi məsləhət görüb. Ötən il alma baha olduğuna görə hər gün şirə çəkib verə bilmirdim. Bu da valideyn olaraq məni narahat edirdi. İndi isə hər gün övladıma alma şirəsi verə biləcəyəm. Buna görə də çox sevincliyəm".

Siyəzən rayon sakini Əkbər Süleymanov isə almanın ucuz olmasından istifadə edib, qışa meyvə tədarükü görəcəyini dedi.

Qeyd edək ki, böyük bağlarda alma yığımı oktyabr ayının sonlarınadək davam edəcək.

Əlaqədar

Quba rayonunda "alma istirahəti"
Bir xurcun alma hesabına çıxan qəzet...
Min bir dərdin dərmanı: Bakıda arıçılıq məhsulları sərgisi keçirilir
Dövlət müdaxilə etdi, strateji məhsulun alış qiyməti qaldırıldı
Qonşumuzun milli valyutası çökür, bizim isə ərzaq məhsullarımız bahalaşıb
Teqlər:
növ, alma, bağ, Quba, bölgə, məhsul, qiymət

Əsas mövzular