CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi məhkəmə sədrinin səlahiyyətinə xitam verilib

Abunə olmaq
Ötən il 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 14 hakim aşağı işə keçirilib

BAKI, 3 oktyabr — Sputnik. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş zona müşavirəsi keçirib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplantıda Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçiləri də iştirak ediblər. 

Müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

Toplantıda Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq görülən işlərdən danışan Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsini, hakimlərin ən şəffaf seçimini, elektron məhkəmə informasiya sisteminin tətbiqini, yeni məhkəmə bina və komplekslərinin tikilərək istifadəyə verilməsini qeyd edərək həyata keçirilən tədbirlərin məhkəmə fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanları artırılmaqla məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib.

Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi daim diqqətdə saxlanılır. Ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb. Təkcə ötən il qiymətləndirmə nəticəsində 21 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib.

Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik, işlərin hərəkətsiz saxlanılması, tərəflərin bərabərliyi və çəkişmə prinsipinin real təmin olunmaması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftara yol verilməsi qeyd olunaraq belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.

Bununla bağlı məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil olunmasının zəruriliyi vurğulanıb, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması, eləcə də hakim korpusunun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi üzrə işlərin davam etdirildiyi qeyd olunub.

Həmçinin etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların məhkəmələrə etimadının artırılması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, apellyasiya məhkəmələri tərəfindən prinsipiallığın artırılmasının, qanun pozuntularına ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti
0