Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakının "Dardanel boğazı": Yenilənən qadağa və "ədalətsiz bölgü" sürücüləri təngə gətirib

© Sputnik / Khalid MammadovBakı-Sumqayıt yolunun əks istiqamətində — paytaxta doğru gələn hissəsində tıxac
Bakı-Sumqayıt yolunun əks istiqamətində — paytaxta doğru gələn hissəsində tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
AAYDA: Mütəxəssislər qərar verməlidirlər ki, bu ərazidə dəyişiklik etmək tıxacın qarşısını alacaq, yoxsa yox

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Bakı-Sumqayıt yolunda dözülməz tıxaclar hər gün müşahidə olunur. Aparılan təmirdən sonra da heç bir dəyişiklik olmayıb. "Ekologiya postu"ndan Bakı istiqamətinə gələn 6 zolaqlı yolun 3 zolağı 20 Yanvar dairəsinə, 3 zolağı isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə, oradan isə paytaxtın qərb çıxışına gedir.

Sumqayıt-Bakı yolunda tıxac - Sputnik Azərbaycan
"Bakı-Sumqayıt camaatına boşuna əzab yaşadıblar" — Ağır ittiham və qəti təkzib

Hər iki istiqamətə bərabər şəkildə zolaq sayı ayırılmasına baxmayaraq, şossedəki avtomobil yükünün çox böyük hissəsi Bakı istiqamətinə axın edir. Avtovağzal istiqamətinə doğru yol alan avtomobillər isə təkəmseyrəkdir.

Hər gün bu tıxacdan əziyyət çəkən sürücülər redaksiyamıza müraciət edərək bildiriblər ki, dəhşətli tıxacların yaranma səbəblərindən biri də məhz 3 zolağın Bakı istiqamətinə verilməsidir. Belə ki, Avtovağzal istiqamətinə 1-2 zolaq kifayət etdiyi halda, o əraziyə çox zolaq ayırılıb.

Bundan başqa, hər iki axın arasında yolayırıcı zolaq müəyyənləşib. Həmin zolaq sağdan sola keçidi qadağan edir. Sürücülərin sözlərinə görə, Bakı-Sumqayıt yolundakı son təmirdən qabaq həmin qadağanedici xətt Avtovağzala az bir məsafə qalmış çəkilmişdisə, təmir zamanı onu "Ekologiya postu"na yaxın hissəyədək uzadıblar.

Və əraziyə əlavə müşahidə kamerası yerləşdiriblər ki, xətti keçən sürücülər qeydə alınsın və cərimələnsin. Bu da tıxacların başlanğıc nöqtəsini Avtovağzalın bir addımlığından ta "Ekologiya postu"nadək aparıb çıxarır.

Sputnik Azərbaycan məsələnin həlli yollarını araşdırmaq məqsədilə mütəxəssislərə müraciət edib. Tikinti eksperti Elnur Fərzəliyev də həmin yoldan çox istifadə etdiyini və eyni problemlə üzləşdiyini bildirib: "Bu yolda Avtovağzala giriş üçün üç zolaq verilir, amma Avtovağzaldan çıxışa bir zolaq ayrılır. Bu da tıxaca səbəb olur".

"Avtovağzal üçün ayrı yol çəkilsə, tıxacın qarşısı alınar. Eyni zamanda, alternativ yollar fikirləşmək və çəkmək lazımdır. Çünki bu ərazidə əhalinin sayı günü-gündən artır və yollar yüklənir. Əlavə yollar çəkilməsə, bu problem həllini tapmayacaq" — Fərzəliyev deyib.

"Bakı-Sumqayıt yolu görünən tərəfdir. Görünməyən tərəf Biləcəri tərəfdən Avtovağzala kimi olan ərazidir. Burada isə tıxacsız gün olmur. Avtovağzala dönmək üçün bir zolaq da kifayət edir. Çünki Sumqayıtdan gələn böyük əksəriyyət 20 Yanvar, "Şamaxinka" istiqamətinə gedir. Məhz bu da sıxlıq yaradır" – deyə o, əlavə edib.

Yol-nəqliyyat eksperti, "Avtostop" radio verilişinin aparıcısı Tural Yusifov düşünür ki, bu problemi ancaq yolu yenidən salmaqla həll etmək olar: "Tıxaca səbəb yolun butulka formasında olmasıdır. Çünki yol getdikcə daralır və tıxaca səbəb olur. 6 zolağın hər biri Bakı istiqamətində hərəkət etsə belə, yenə də nəticə olmayacaq. Çünki qarşıda yol daralır və 2 zolağa keçir".

T.Yusifov deyib ki, problem körpünün yanında yaranır: "Heç kim körpüyə qalxmır, aşağıda da tıxac yaranır. Sadəcə peşəkarlar fikirləşməyiblər bunları və nəticədə belə olub. İctimai nəqliyyatı düzəltmək lazımdır ki, heç olmasa, bir az tıxacın qarşısı alınsın. Əks halda, bu hal öz həllini tapmayacaq".

Bakı-Sumqayıt yolunun əks istiqamətində — paytaxta doğru gələn hissəsində tıxac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Minlərlə vətəndaşımızı inlədən xəstəliyin əlacı var, amma tətbiqi mümkün deyil

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də məsələyə münasibət bildirib. Deyib ki, AAYDA yolların təşkili və təhlükəsizliyi ilə məşğul olmur. Onun sözlərinə görə, bununla birbaşa olaraq Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyi məşğul olur.

"Təbii ki, hər hansı bir ərazidə baş verənlərlə bağlı biz ancaq təklif verə bilərik. Nazirlər Kabinetinin nəzdində yerləşən Yol Hərəkəti Təhlükəsizliyi komissiyası bu məsələyə baxaraq ya qərar qəbul edər, ya da rədd cavabı verilə bilər. Onlar qərar verərsə, biz həmin layihəni reallaşdıra bilərik. Sadəcə biz icraedici orqanıq və bizə verilən tapşırıqları həyata keçiririk" – deyə qurumun sözçüsü bildirib.

A.Nəcəfli onu da vurğulayıb ki, AAYDA tərəfindən Bakı-Sumqayıt yolunun bir çox hissəsində təmir işləri aparılıb: "Mütəxəssislərin rəyi nəticəsində işlər görmüşük. Bir bu hissədə problem qalıb. Amma mütəxəssislər qərar verməlidirlər ki, bu ərazidə dəyişiklik etmək tıxacın qarşısını alacaq, yoxsa yox. Əks halda biz heç nə edə bilmərik".

Xəbər lenti
0