CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qaynar xətlər" zəng əlindən dolub-daşır: Təəssüf, çox təəssüf...

© Sputnik / Anar MustafayevДевушка разговаривает по телефону, фото из архива
Девушка разговаривает по телефону, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hörmətli abunəçi, zənginizi qeydə aldıq, bilməyinizi istəyirik ki, bu problem tək sizdə deyil"

BAKI, 24 sentyabr — Sputnik. Adam gərək Allahla danışa. Heç vaxt səslərini yüksəltməyiblər, üstümüzə qışqırmayıblar, "nə var e, zəhləmizi tökürsünüz" deyə çəmkirməyiblər. Çox nəzakətlə, ədəb-ərkanla davranıblar:

Квитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çox ciddi gözlənti var: Yenə olmayacaq şey olacaq

— Alo, salam.

— Salam, buyurun.

— Küçəmizdə kanalizasiya borusu partlayıb, hər yeri su basıb.

— Xəbərimiz var, vətəndaş. Amma təəssüf ki, heç cür yardım edə bilməyəcəyik. Hazırda əməkdaşlarımız başqa işlərlə məşğuldurlar.

— Axı, burada sel, üfunət aləmi götürüb…

— Sizi başa düşürük, amma çox təəssüf ki, əlimizdən başqa heç nə gəlmir!

İnsafən, bir dəfə olsun, kobudluq etməyiblər, sözümüzü kəsməyiblər, səbrlə və təmkinlə sonadək dərdimizi dinləyiblər:

— Deməli, hörmətli provayder, 3 gündür mənzilimizdə internet yoxdur. Mənim bütün işim, fəaliyyətim internet üzərində qurulub. Yəni, internet olmasa, mənim əlim-qolum bağlı qalır… Alo, ordasız?

— Bəli, bəli. Siz dinləyirik.

— Aha, indi də 3 gündür evdə internet yoxdur. Belə olmaz axı, bir əncam çəkin.

— Hörmətli abunəçi, zənginizi qeydə aldıq. Bilməyinizi istəyirik ki, bu problem tək sizdə deyil, rayonun yarısında var. Texniki nasazlıq baş verib. Və dərin təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, hələlik problemi aradan qaldırmaq mümkün deyil.

— Heç olmasa, nasazlığın nə zaman həll ediləcəyini deyin…

— Təəssüflər olsun ki, bu haqda konkret heç bir məlumat verə bilməyəcəyik!

Gecənin bir aləmində zəng vur, oyanıb cavab veriblər və dillərinə də dolamayıblar ki, "ala, adımız 7/24-ə çıxıb deyə, yuxumuza haram qatmalısınız?". Mədəniyyət nümunəsi:

— "Pristupum" tutub, ölürəm, təcili yardım göndərin!

— Allah şəfa versin, təəssüf edirik…

— Təəssüf etməyin, həkim göndərin!

— Sizin halınıza təəssüf etmirik e, ona təəssüf edirik ki, cəmi 2 təcili yardım avtomobilimiz var, ikisi də çağırışdadır.

— İndi mən ağrıdan ölməliyəm?!

— Allah eləməsin, kim istəyər bunu! Amma bir daha təəssüflənirik ki, bu dəqiqə sizə kömək eləmək üçün əlimizdən heç nə gəlmir. Avtomobillər nə vaxt o biri çağırışlardan dönər, onda da göndərərik.

Şəxsən mən eşitməmişəm ki, "cibimizdən oğurladıqlarınız haram xoşunuz olsun, sağ yeməyəsiniz, boğazınızda düyünlənsin, gözünüzdən gəlsin" kimi bədduaların bircəciyinə "öz payınız olsun, ağzınızdan çıxıb ovcunuza tökülsün, qarğışınız dilinizdə qurusun, arzunuz gözünüzdə qalsın" tipli cavab versinlər:

— Xanım, 2 gün qabaq 10 manatlıq kontur vurmuşdum, düz-əməlli də danışmamışam, amma indi balansım 0 göstərir.

— Aydındır, hörmətli abunəçi. Siz müxtəlif SMS xidmətlərinə qoşulmusunuz, ona görə balansınızdan pul çıxılır.

— Mən heç nəyə qoşulmamışam, kim qoşub? Nəyimə lazımdır o gic-gic xidmətlər? Çıxarın məni o qoşulmalardan.

Telefon - Sputnik Azərbaycan
SƏHİYYƏ
Gözünüz telefonda olsun: 39 manatlıq möcüzəli SMS və bunlar başınıza gəlsə, nətərdi?

— Çox üzr istəyirik, hörmətli müştəri, təəssüf ki, bunu edə bilməyəcəyik.

— Ay xanım, siz nə danışırsınız?! Mənim pulum niyə boşuna getməlidir. Mən sizin abunəçinizəm və tələb edirəm ki, xəbərim olmadan qoşulduğum xidmətlərdən azad edəsiniz məni!

— Təəssüf edirik ki, biz bunu edə bilməyəcəyik. Bunun üçün… şirkətinə müraciət etməlisiniz.

— Mən o şirkəti tanımıram, sizi tanıyıram, pulu da sizə ödəyirəm.

— Əfsus ki, başqa cür yardım edə bilməyəcəyik. Başqa sualınız?

— Sizin də…, o şirkətin də… Bu, nə xidmətdir, nə soyğunçuluqdur, nə fırıldaqdır!

— Təşəkkür edirik, zənginiz bizim üçün çox önəmlidir!

Bəziləri də var ki, nəzakətin dozasını artırırlar. Məsələn, "Azəriqaz". İlk zəngə cavab vermirlər, ikinci-üçüncü zəngdə dəstəyi qaldırırlar. Bu da ondan irəli gəlir ki, durub əl-üzünə su vurmalısan, güzgü qarşısında göz-qaşına əl gəzdirməlisən (çox da görüntülü zəng deyil) və ünsiyyətdən öncə vətəndaşla davranış təlimatını bir daha öz-özünə təkrarlamalısan:

— Qazımız niyə kəsildi birdən-birə?

— Çox hörmətli vətəndaş, birdən-birə kəsilmədi, bir saat əvvəldən mətbuat vasitəsilə xəbərdarlıq etdik ki, sizin rayonda 3 gün qaz olmayacaq.

— Nə danışırsınız? İndi necə edək?

— Artıq heç nə. Amma bir saat öncədən xəbər tutsaydınız, tədarükünüzü görərdiniz.

— Bir saata neyniyəsiydik, balonlara qaz doldurub saxlayacaqdıq?

— Xeyr, ən azından, qaz balonu ala bilərdiniz. Belə vəziyyətdə isə, təəssüflə qeyd edim ki, sizə heç bir köməyimiz dəyməyəcək. Zənginizə görə çox sağ olun!

Bir də var Bakı Şəhər İcra Hakimiyyəti (492-63-11), Təhsil Nazirliyi (146) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (1655) kimi qurumların "qaynar xətt"lərində əyləşənlərin yüksək həssaslığı. Onların əlaqə nömrələrinə, ümumiyyətlə cavab verən yoxdur. Çünki ən incə ehtimalları nəzərə alırlar. İnsanlıq halıdır da, birdən operator dəstəyi qaldırdı və vətəndaşla kobud davrandı, nə bilim, təəssüf hissini ifadə etməyi unutdu, düzgün üzrxahlıq edə bilmədi…

Deməli, bu cür nəzakətsizlik risklərini gözə almaqdansa, ən yaxşısı dəstəyi qaldırmamaqdır (Zatən, cavab versələr belə, təəssüf etməkdən başqa əllərindən heç nə gəlməyəcək).

P.S.

Görəsən kim kimdən ideya oğurlayıb: Şairmi onlardan, onlarmı şairdən?

Ya sök, ya tik, nə fərqi var,

bu daxma düzəlməyəcək.

Gəl sənə təsəlli verim:

darıxma, düzəlməyəcək!

Xəbər lenti
0