23:18 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Müzakirə prosesi

Azərbaycanda illərin və nəsillərin problemi həllini gözləyir, həm də çox sadə üsulla

© REUTERS / Joshua Roberts
CƏMİYYƏT
Qısa URL
7858 0 0

Bu addımın atılması ilə ölkədə yeni xidmət sektoru formalaşacaq, əlavə iş yerləri yaranacaq və bir çox problemlər aradan qalxacaq

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. İki dövlət orqanını — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Təhsil Nazirliyini (TN) həqiqi faydalı əməkdaşlıq üçün birləşdirə bilən təklif irəli sürülüb. Təklif edilir ki, tələbələrlə qocaların birlikdə, ödənişsiz şərtlərlə yaşaya biləcəyi binalar tikmək, yaxud da ayırmaq lazımdır. Nəticədə həmin evlər vasitəsilə həm tələbələrin, həm də kimsəsiz qocaların mənzil problemi həll olunsun.

Və ya ƏƏSMN yaşayış yeri olan kimsəsiz pensiyaçıların siyahısını tərtib eləsin (əlbəttə ki, onların razılığı ilə) və təhsil aldığı müddətdə tələbələr onların yanında məskunlaşsın. Təbii ki, bunun müqabilində tələbələr qocalara kömək etməlidir.

Sputnik Azərbaycan olaraq bu təklifin reallaşa biləcəyinə aydınlıq gətirmək məqsədilə kiçik bir araşdırma apardıq. Əvvəlcə bu təklifə Təhsil Nazirliyinin münasibətini öyrəndik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu məsələ gündəmdədir: "Ölkədə olan bütün universitetlər çalışır ki, onların yataqxana kompleksi mövcud olsun və ya müasir tələblərə uyğun olaraq yenidən qurulsun".

"Bildiyiniz kimi, 90-cı illərdə azərbaycanlıların ermənilərin təcavüzkarlığı nəticəsində düçar olduğu münaqişə zamanı yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın böyük bir hissəsi universitetlərin yataqxanasında və digər yerlərdə məskunlaşdı. Hazırda onların müəyyən hissəsi hələ də yataqxanalarda qalıb və orada yaşayırlar" — deyə TN sözçüsü əlavə edib.

Onun sözlərinə görə, son dövrlərdə məcburi köçkünlərin həmin yataqxanalardan müasir tipli binalara köçürülməsi prosesi həyata keçirilir: "Bu, növbəti illərdə də davam edəcək. Qaçqın və məcburi köçkünlərin köçdüyü yataqxanaların əsaslı təmir edilməsi və yaxud bu, mümkün olmadıqda həmin binaların yerində yeni yataqxanaların tikilməsi gündəmdədir".

C.Valehov deyib ki, bundan başqa, ayrı-ayrı universitetlər artıq bu prosesə başlayıb: "Azərbaycan Dövlət Neft Sənaye Universitetinin vaxtı ilə yataqxanaların olduğu ərazidə ən müasir standartlara uyğun 1000 nəfərlik tələbə və müəllim heyətinin qala biləcəyi yataqxana kompleksi tikilir. Bu işlər Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Yaxın müddət ərzində həmin yataqxana istifadəyə veriləcək".

"Bundan başqa, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni standartlara uyğun yataqxanası istifadəyə verilib. Digər universitetlərin də bu məsələ ilə bağlı ciddi planları var. Bakı Dövlət Universitetinə yaxın ərazidə olan yataqxanaların yeri təmizlənib. Burada da ən müasir standartlara uyğun yataqxana kompleksinin tikilməsi gündəmdədir" — Nazirlik rəsmisi vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov isə bildirib ki, tələbələr üçün yaşayış binalarının (yataqxanaların) tikilişi ilə bağlı məsələlər Təhsil Nazirliyinin səlahiyyətindədir: "Pensiyaçılara sosial xidmətin göstərilməsinə gəldikdə isə, bununla bağlı sosial xidmət müəssisələrində yetərincə könüllü və ödənişli əsaslarla işləyən sosial xidmət işçiləri var".

Qeyd etdiyiniz təklifə gəlincə, F.Talıbov qeyd edib ki, gələcəkdə bunu nəzərə almaq mümkündür.

Qaldırılan məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun da fikrini öyrəndik. Onun sözlərinə görə, xarici ölkələrdə bu təcrübədən geniş istifadə olunur: "Təəssüf hissi ilə vurğulayım ki, hazırda ölkədə tənha qocalara kömək edə biləcək patronaj xidməti işləmir. Hesab edirəm ki, tələbələri bu məsələyə cəlb etməklə uğurlu nəticə əldə etmək mümkündür. Dünyanın inkişaf etmiş ölkələrində bu təcrübə uzun müddətdir istifadə olunur və müsbət nəticələri çoxdur".

"Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də bu sahə üzrə könüllülük məktəbi formalaşdırmaq lazımdır. Belə ki, hazırda Avropa və Amerika ölkələrində kənardan gəlmiş tələbələr qayğıya ehtiyacı olan qocaların yanına yerləşdirilir. Bu, həm tələbələrin mənzil təminatının həllinə, həm də onların müəyyən qədər qazanc əldə etməsinə şərait yaradır" – deyə Əsədov bildirib.

"Bakıda qayğıya ehtiyacı olan, kimsəsiz qocalar kifayət qədərdir. Mənzil problemi olan tələbələr də çoxdur. Bu gün 54 ali təhsil müəssisəsində 165 mindən çox tələbə təhsil alır və onların 70 faizdən çoxu kirayə evlərdə yaşayır. Kirayələrin qiyməti isə hədsiz dərəcədə yüksəkdir" — ekspert əlavə edib.

Onun qənaətincə, bu təklif reallaşsa, ölkədə yeni xidmət sektorunun formalaşmasına gətirib çıxaracaq, tələbələr üçün əlavə iş yeri yaratmış olacaq, bir çox problemlərin aradan qalxması ilə nəticələnəcək: "Yaşlı insanlarla bir evdə yaşayan tələbələr həm də onlardan çox şey öyrənəcəklər. Nəsillər arasındakı əlaqələrin, dəyərlərin qorunmasında da, təhsilin inkişafında da, təcrübə mübadiləsində də bunlar əhəmiyyətli rol oynayacaq. Yaşlı nəslin təcrübəli nümayəndələri öz bilik və bacarıqlarını, təcrübələrini tələbələrlə bölüşəcəklər".

Əlaqədar

UNEC-in Prezident təqaüdçüsü olan tələbəsi seçiminin səbəbinə aydınlıq gətirib
Təhsil nazir müəllim və tələbələrə müraciət etdi
Prezident 102 tələbəyə yüksək təqaüd ayırdı
Tələbələr üçün nəhəng yataqxana kompleksi tikilir
Yataqxana yandı, sakinlər təxliyyə olundu
İsrafilov: “Yataqxana tələbə üçün universitet qədər vacibdir”
Teqlər:
dövlət orqanı, TN, kirayə, yaşlı insan, təklif, ƏƏSMN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, tələbə

Əsas mövzular