22:24 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Tələbə, arxiv şəkli

Yağışdan çıxıb, yağmura düşənlər: Onların problemi nə vaxt həll olunacaq?

© Sputnik / Yekaterina Chesnokova
CƏMİYYƏT
Qısa URL
14423 0 0

Nə qədər acınacaqlı olsa da, paytaxtda kirayə mənzil bazarında qıtlıq hiss edilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Qarşıdan yeni tədris ili gəlir. Artıq yeni tələbə adını qazanmış gənclər və ya valideynləri Bakıda oxuduqları ali təhsil ocaqlarına yaxın ərazilərdə kirayə mənzil axtarışına çıxıblar. Amma nə qədər acınacaqlı olsa da, paytaxtda kirayə mənzil bazarında qıtlıq hiss edilir.

Baxmayaraq ki, tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılması ilə bağlı rəsmi qurumlar məlumat verir. Tələbələrinin əbədi problemi — yataqxana problemi bu il də həllini tapa bilməyib. 

Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz.

Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Ancaq bu məsələ hər il səslənsə də, görünür ki, reallaşdırılması hələ uzun zaman alacaq. Sputnik Azərbaycan kirayə evlərinin azalması, yataqxanaların olmaması problemini bir daha gündəmə gətirib.

Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bir müddət əvvəl şəhərin bir çox rayonlarında köhnə binaların kütləvi şəkildə sökülməsinə, yeni binaların tikilməsinə qərar verildi. Bu da paytaxtda kirayə ev qıtlığının əsas səbəblərindəndir.

Ekspertin sözlərinə görə, köhnə binalarda kirayə qiyməti ilə yeni binalarda olan kirayə evlərin qiymət fərqi xeyli çoxdur: "Məsələn, İnşaatçılar, Elmlər Akademiyası, Nərimanov metrostansiyaları, Yasamal ərazisində qıtlıq daha çox hiss olunur. Universitetlərin əsas hissəsi Yasamal rayonunda olduğu üçün tələbələr daha çox bu ərazilərdən ev tuturdular. Hazırda həmin ərazidə tələbələrə uyğun kirayə mənzil yoxdur. Çünki bu rayonda çox sayda köhnə binalar söküldü. Bu binaların sakinləri, təbii ki, yaşadıqları ərazilərdən uzaq düşməmək üçün ərazidə kirayə yaşamağa başladılar".

Mütəxəssis qeyd edir ki, hazırda Nərimanov metrosu ərazisində kirayə mənzillər ancaq yeni tikilən binalardadır, qiymətləri isə tələbənin büdcəsinə uyğun deyil: "Məsələn, şəhərin mərkəzinə yaxın olan ərazilərdə əvvəl köhnə binalarda bir otaqlı mənzil 300 manat idisə, yeni tikilən binada bu qiymət 500-550 manatdır. İkiotaqlı 350-400 manat olan evlər yeni binalarda 600-900 manatdır. Bunu da tələbələr götürə bilmir".

Ekspert qeyd edir ki, ali təhsil ocaqlarının tələbələr üçün yataqxanalarının olmaması həm paytaxtda kirayə mənzil qıtlığına səbəb olur, həm də tələbələrin yaşayış tərzini çətinləşdirir.

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, artıq uzun illərdir ali məktəbə qəbul olan tələbələrin problem onların tələbə adı qazanması ilə bitmir. Əksinə yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və ya yataqxana problem durur: "Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edərək müasirləşdirib. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi cari ildə də qalır".

Ekspert hesab edir ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Bunlardan biri də özəl yataqxana təcrübəsidir: "Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur".

"Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verilir, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirildi" — deyə Əsədov qeyd edir.

Müsahibimiz hesab edir ki, sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başlayıb: "Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abituriyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır".

K.Əsədovun qənaətincə, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilərlər: "Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələri pulsuz verilə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa Bakıda tikilən çoxmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və oradan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapar".

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Münasib kirayə mənzillər isə elə indidən yoxa çıxıb. Tələbə öz büdcəsinə uyğun ancaq Bakıdan kənarda mənzil tapa bilər ki, bu zaman da yol pulu məsələsi ortaya çıxacaq.

Görünür ki, bu il tələbənin qayğısız təhsil ala bilməsi üçün aidiyyatı qurumlar bir qədər də "baş sındırmalı" olacaq…

Teqlər:
Kamran Əsədov, Elnur Fərzəliyev, problem, yataqxana, ev, kirayə, ali məktəb, tələbə

Əsas mövzular