12:57 12 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Ofis işi

Ekspert: İşçini heç kim əlavə iş görməyə məcbur edə bilməz

CC0 / Free-Photos / job
CƏMİYYƏT
Qısa URL
7826 0 0

Hər hansı vətəndaş şənbə-bazar günləri işə məcbur edilirsə, işləmək istəmədiyi təqdirdə işdən qovulmaqla hədələnirsə, o, Əmək Müfəttişliyi Xidmətinə və ya Məhkəməyə müraciət edə bilər.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Heç kimə sirr deyil ki, bəzi iş yerlərində, tikinti şirkətlərində işçilərlə əmək müqaviləsi bağlanılmır, işçilər qeyri-leqal işlədilir. Əmək müqaviləsinin olmaması isə işverənlərə şərait yaradır ki, işçi qüvvəsindən istədikləri kimi istifadə etsinlər. Nəticədə çox zaman işçilərin əməyinin istismarı, istirahət günləri belə, çalışdırılması halları baş verir.

İşçi ilə sahibkar, işəgötürən və ya işverən arasında müqavilə olmadığına görə, sadalanan hallarda işçilər heç yerə şikayət edə bilmirlər. Ya vəziyyətə boyun əyib işləyirlər, ya da işdən imtina etməli olurlar. Bəzi iş yerlərində isə işçilərlə mülki-hüquqi müqavilə bağlanılır. 

Sputnik Azərbaycan işçilərin öz hüquqlarını öyrənməsinə, əməklərinin istismarına yol verməmələrinə yardımçı olmaq üçün, hər zaman aktual olan bu məsələ ilə bağlı mütəxəssislərin fikrini öyrənib. 

Hüquqşünas Səməd Vəkilov bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün tam iş vaxtı müəyyən edilib. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən, həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilib.

S.Vəkilov qeyd edib ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər:

“Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz”.

Hüquqşünasın sözlərinə görə, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyaları — onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Müsahibimiz onu da vurğulayıb ki, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi isə Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir:

“Həmin maddədə bildirilir ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Əməyin işəmuzd ödənilmə sistemində isə işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində verilir”.

Vəkilov qeyd edib ki, əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Əks halda işçi müvafiq qurumlara müraciət edərək, şikayət edə bilər. 

Məsələyə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da münasibət bildirib. S.Məmmədov qeyd edib ki, mülki-hüquqi müqaviləyə əsasən, işə götürən işçidən “bu işi gör və ya görmə” — deyə tələb edə bilməz. Çünki müqavilədə işçinin nə qədər iş görməli olduğu qeyd olunur. Ona görə də işçini heç kim əlavə iş görməyə məcbur edə bilməz.

S.Məmmədovun sözlərinə görə, nə qədər acınacaqlı olsa da, ölkəyə gələn əmək nazirləri bu sahədə vəziyyəti pisləşdirib, çıxıb gedirlər. Bu gün də bu sahədə müsbət addımlar atılmır. Onun fikrincə, ümumiyyətlə mülki-hüquqi müqavilə qanunsuzdur: 

"Əksər iş yerlərində heç mülki-hüquqi müqavilə sistemi də mövcud deyil. Bu iş yerləri cibdən-cibə prinsipi ilə işləyir".

Liqanın sədri onu da qeyd edib ki, işçi ilə əmək müqaviləsi bağlanmadıqda sonradan baş verən proseslərin hamısı qanunsuz hesab olunur: “Bu sahədə böyük özbaşınalıq hökm sürür. Əgər hər hansı vətəndaş şənbə-bazar günləri işə məcbur edilirsə, işləmək istəmədiyi təqdirdə işdən qovulmaqla hədələnirsə, o, Əmək Müfəttişliyi Xidmətinə və ya Məhkəməyə müraciət edə bilər".

Əlaqədar

Əmək kitabçaları müəmmasına aydınlıq gətirildi
Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır”
"Əmək məzuniyyətlərinin müddətləri"nə dəyişiklik edildi
Azərbaycanın əmək bazarında yeni ehtiyaclar yaranacaq
Teqlər:
Əmək Məcəlləsi, Səməd Vəkilov, Sahib Məmmədov

Əsas mövzular