04:39 21 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Ağamməd Rzayev

Azərbaycana gələn turistlərin çıraqla axtardıqları adam: Onu eşq nə hallara salıb...

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
16319 0 0

"Nədəndirsə, aşiqlər öz yarlarına qovuşa bilmirlər, mən də qovuşmadım"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Məhəbbət haqqında dastanlar yazılıb, nəğmələr qoşulub. Onun hansı səbəblərdən, necə yaranmasını psixoloqlar, alimlər, şairlər araşdırıb, bir-birindən fərqli nəticələr ortaya qoyublar.

Məhəbbətin insanı dəyişməsini — bəzilərini aşıq, aşiq, şair, məcnun və s. hallara salmasını isə heç kim inkar etməyib. Düzdür, insan psixologiyası üzrə araşdırmalarda daha irəli getdiyini iddia edən elm adamları bunu hər hansı psixoloji prosesə bağlayıb müxtəlif yönlərdən izah etsələr də, el arasında bu adamlar elə haqq aşiqi, könül adamı olaraq tanınıb və qəbul ediliblər.

Ağamməd Rzayev
© Sputnik / İlham Mustafa
Ağamməd Rzayev

Sputnik Azərbaycan əməkdaşının həmsöhbəti olan Gədəbəy rayon Moruqlu kənd sakini Ağamməd Rzayev də bu cür insanlardandır. Uşaqlıqdan çoban olan atasına kömək edərək, gözəl təbiətli Gədəbəyin yaylaqlarında qoyun-quzu otararaq böyüyüb. Gəzdiyi yaylaqların birində ilk məhəbbətinə (o qızın haqqında ətraflı danışmaq istəmir — müəll.) rast gəlib və elə xüsusi bacarıqla fit çalmağı da o vaxtlardan öyrənib.

"Neyləməlisən, ürəyini boşaltmalısan dağlara, daşlara" — deyən Ağamməd Rzayev dərələrdə sürünü fitlə idarə etdikcə, tədricən fitin musiqiyə çevrilməsini hiss edib, daxildən gələn ehtiyacla bu bacarığı daha da qabarıq üzə çıxarıb. Sonralar isə məhəbbət saçan bir yanğıyla bu qabiliyyətini daha da inkişaf etdirib.

Hazırda işarət və adsız barmaqlarının köməyi ilə 20-dək musiqini fitlə ifa edir. Günü-gündən bu bacarığını daha da inkişaf etdirməyə çalışır. Çünki məhəbbətdən yaranan bacarıq onunçün qazanc mənbəyinə də çevrilib. Belə ki, yayda turistlərin daha çox axını baş verən Gədəbəyin restoranları, bulaq başları musiqiçilərin qazanc mənbəyi olur. Saz çiynində məclis-məclis gəzən aşıqlar həm gələn turistləri feyziyab edir, həm də öz büdcələrinə əlavə vəsait gətirmiş olurlar.

A.Rzayev özünün turistlər tərəfindən ən çox arzulanan musiqiçilərdən biri olduğunu, xüsusiləsə fit çalma qabiliyyətinə görə axtarıldığını söyləyir: "Ən çox turistlər axtarırlar məni. Onların içində başqa rayonlarda yaşayanlar da var. Ən çox Cənubi Azərbaycandan olan turistlər, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız məni soraqlayıb tapır. Allah bərəkət versin, yay aylarında dolanmaq mümkün olur".

Sazda da 40-a yaxın hava ifa eləməsinə baxmayaraq özünü sırf aşıq hesab etmir. Gənclik dövrlərində insanların daha saf məhəbbətə malik olduqlarını deyən həmsöhbətim yanıqlı halda deyir ki, "Nədəndirsə, aşiqlər öz yarlarına qovuşa bilmirlər. Mən də qovuşmadım. İndi bu, həm də mənim hisslərimin ifadəsidir".

Ağamməd Rzayev, əsasən Qədir Rüstəmovun ifasında dinlədiyimiz "Sona bülbüllər" mahnısını fitlə səsləndirərək bu gün də öz dərdinə təskinlik verdiyini bildirir…

Əlaqədar

Eşq acısını unutduran maddə kəşf edilib
Bir eşqin naləsini ifadə edən “Sarı gəlin” təqdim olundu
Kişilər ancaq belə qadınlara aşiq olur
Azərbaycana aşiq olan eston gələcəyini bura bağlamaq istəyir
Teqlər:
Moruqlu kəndi, Ağamməd Rzayev, nəğmə, fit, eşq, məhəbbət, aşiq, Gədəbəy rayonu, sevgi, psixologiya, aşıq, elm, musiqi, insan

Əsas mövzular