05:08 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Təəccüblənmiş adam, arxiv şəkli

Bir aylıq məşəqqət, 2.5 dəfə bahalaşma və 10 faiz artım – "Niyə"sini soruşmayın

CC0 / RobinHiggins / shoke
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
1697230

Hər şeydə məntiq axtarmaq bəzi hallarda vaxt itkisindən başqa bir işə yaramır

BAKI, 30 iyul — Sputnik. Siz də hər şeydə məntiq axtarmayın. Buraxın, bəzi şeylər də tamamilə məntiqsiz, səbəbi izahsız baş versin. Arxasında heç bir arqument, tutarlı-tutarsız əsas olmasın. Eləcə baş ver(diril)sin.

Guya, siz imkan verməyəndə baş verməyəcək ki? Baş vermir ki? Odur e, hələ də axıra çıxa bilmirlər. Sağdan qazıb soldan xətləyir, yuxarıdan eşib aşağıdan rəngləyirlər. Həmin bu Bakı-Sumqayıt yolunun (və yolçularının) başına bu həngaməni gətirmək üçün məntiq elminin köməyinə zərrə qədər də ehtiyac hiss etmədilər. "Bunu hansı zərurətdən etdiniz" sualına da hansısa əsaslı arqument-filan gətirmirlər, təxminən "əcəb etdik" kimi "tavır yapırlar".

Görürsünüzmü, hər şeydə məntiq axtarmaq bəzi hallarda vaxt itkisindən başqa bir işə yaramır. Hələ də inanmırsınızsa, "Asan İmza" xidmətindən istifadəyə görə ödənilən abunə haqqının qiymətini 1 manatdan 2.5 manata qaldıranların bunun səbəbinə dair izahatlarına diqqət yetirin.

Məsələn, "Azercell Telekom" MMC deyir ki, "qiyməti mən artırmamışam, "Asan İmza" xidmətinin birbaşa təminatçısı "Best Solutions" şirkəti qaldırıb" və sonra niyə qaldırılmasını belə izah edir: "Buna səbəb xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artması olub. Odur ki, göstərilən tarif dəyişikliyinin respublikanın mobil kommunikasiya bazarında fəaliyyət göstərən digər mobil operatorlar tərəfindən də eyni 15.08.2018-ci il tarixindən etibarən tətbiqi nəzərdə tutulur".

İndi durub sual versən ki, "xidmətin maya dəyərini təşkil edən zəruri xərclər" dedikdə, nəyi nəzərdə tutursunuz (axı əlavə elektrik enerjisi sərf etmirsiniz, qaz yandırmırsınız, su sərfiyyatı ilə "ASAN İmza"nın heç bir əlaqəsi yoxdur, günəmuzd fəhlə işlətmirsiniz, üçüncü devalvasiya baş verməyib, 1 manat ödəyənin maaşı 2.5 dəfə qalxmayıb və s.), deyəcəklər ki, "hə, bax, burda sən artıq zayıllayırsan, yeri get o tərəfdə oyna". Ona görə də soruşub zad eləmirik, dolayısı ilə məntiq, əsas, zərurət axtarmaq eşqinə-filan düşmürük.

Hələ də məntiq axtarışındasınız? O zaman bir də hər stansiyada qaldıra-qaldıra gedən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) son qaldırışının səbəblərinə nəzər yetirək.

Bəlli olduğu kimi, 27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər edilib. Belə ki, "plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə" iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılıb.

Elektrik enerjisinin qiyməti (hələlik) qalxmayıb ha, narahat olmayıb. QSC "prosta tak" qiymətləri qaldırıb. Və deyirlər ki, bunun üçün çox ciddi zərurət yaranıbmış.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma Departamentinin rəis müavini Mədət Şıxəmirovun dilindən: "Gediş haqlarının 10 faiz artırılması aşağı yerlərlə yuxarı yerlər arasında qiymət fərqini yaratmaq üçündür. Çünki bütün vətəndaşlar kassaya yaxınlaşan zaman aşağı yerlərə daha çox üstünlük verirlər".

Və Mədət müəllim onu da deyib ki: "Biz yuxarı yerlərin qiymətinə dəyməmişik". Yəni, "ağıllı olun, beynimizi çöndərsəniz, yuxarını da qaldırarıq".

Belə… Məntiqə ehtiyacınız, ya da, "voopşe" nəsə sözünüz var? Di, dağılışaq!

Əlaqədar

Bakıya doğru əzablı yollarla: İzahı mümkünsüz hadisələr baş verir
Bakı və Sumqayıt əhalisinin görəcəyi gün qabaqdaymış - Əzablı bir ay başladı
Enerjinin qiymətləri qalxacaq - QONŞUDA
Azərbaycanda gediş haqları artırıldı - YENİ QİYMƏTLƏR
Mobil operatorların qiymət artırmasına cavab: "ASAN imza ləğv edilsin"
Teqlər:
izah, "Asan İmza" xidməti, məntiq, səbəb, zərurət, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, yol, xərc, qiymət

Əsas mövzular